Azərbaycanın gözəl guşələrindən biri olan Qubadlı rayonu 1993-cü ilin avqust ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bu işğal nəticəsində rayonun dinc sakinləri doğma yurd-yuvalarından didərgin düşərək, ölkənin müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məcbur oldular.
Lakin 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Qubadlı şəhəri və rayonun böyük hissəsi işğaldan azad edildi. Həmin gün Prezident İlham Əliyev bu tarixi xəbəri xalqa böyük qürur hissi ilə çatdırdı və Azərbaycanın daha bir rayonunda dövlət suverenliyinin bərpa olunduğunu elan etdi.
2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsi təkcə hərbi qələbə deyil, eyni zamanda dövlət suverenliyinin və tarixi ədalətin bərpası kimi dəyərləndirilir. Müharibə nəticəsində uzun illər işğal altında qalan torpaqlar azad olundu, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Bu prosesin mühüm mərhələlərindən biri məhz Qubadlının azad olunması və burada Azərbaycan bayrağının ucaldılması idi. Bayrağın işğaldan azad edilmiş ərazilərdə dalğalanması yalnız simvolik bir akt deyil, eyni zamanda siyasi, mənəvi və strateji baxımdan böyük əhəmiyyət kəsb edən hadisədir.Qubadlının azad olunması onun strateji mövqeyi baxımından da xüsusi əhəmiyyət daşıyır. Coğrafi baxımdan Qubadlı Zəngilan və Laçın rayonları arasında yerləşir və bu ərazilər arasında nəqliyyat-kommunikasiya əlaqələrinin qurulmasında mühüm rol oynayır. Məhz bu səbəbdən burada bayrağın ucaldılması yalnız simvolik deyil, həm də hərbi-strateji və logistik baxımdan önəmli idi. Bu addım Azərbaycanın bölgədə nəzarətini bərpa etməsi ilə yanaşı, yeni təhlükəsizlik reallıqlarının da əsasını qoydu.
Azərbaycan bayrağının Qubadlıda ucaldılması ilk növbədə dövlət suverenliyinin rəmzi aktı kimi dəyərləndirilməlidir. Hərbi əməliyyatla torpağın azad edilməsi nə qədər əhəmiyyətlidirsə, həmin ərazidə dövlət atributlarının, xüsusən də bayrağın bərpası da bir o qədər önəmlidir. Bu hadisə göstərdi ki, Azərbaycan dövləti yalnız hərbi gücə deyil, eyni zamanda siyasi iradəyə və hüquqi möhkəmliyə də sahibdir. Bayrağın ucaldılması beynəlxalq hüquq baxımından da ərazinin tam şəkildə Azərbaycana məxsus olduğunu və burada onun qanuni hakimiyyətinin bərqərar olduğunu nümayiş etdirdi.
Eyni zamanda, bu akt beynəlxalq ictimaiyyətə ünvanlanmış mühüm siyasi mesaj idi. Azərbaycan bu addımı ilə göstərdi ki, öz ərazisində suverenliyini bərpa edib və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə regionda sabitlik və əməkdaşlıq mühitinin formalaşmasında maraqlıdır. Qubadlıda dalğalanan bayraq həm də yeni siyasi-strateji reallıqların simvoluna çevrildi və Azərbaycanın sülh təşəbbüslərinin, regional inteqrasiyanın, eləcə də iqtisadi əməkdaşlığın göstəricisi oldu.
Azərbaycan bayrağının Qubadlı səmasında dalğalanması milli kimliyimizin təntənəsi və mənəvi dəyərlərimizin bərpası deməkdir. Təxminən 30 il ərzində bu torpaqlarda yad dövlətin nəzarəti hökm sürmüş, tarixi abidələr dağıdılmış, mədəni irsimiz təhqir olunmuşdu. Bayrağın həmin ərazilərdə yenidən ucaldılması, həm də xalqımızın mənəvi haqqının və tarixi yaddaşının bərpası anlamına gəlir. Bu hadisə Azərbaycan xalqı üçün təkcə siyasi qələbə deyil, həm də Vətənə, tarixə və şəhidlərimizə olan borcun yerinə yetirilməsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi-siyasi strategiya çərçivəsində azad edilmiş hər bir rayonda Azərbaycan bayrağının ucaldılması xüsusi diqqətlə təşkil olunmuşdurQubadlıya səfəri zamanı Prezident İlham Əliyev Bayraq Meydanında çıxış edərək bildirmişdir: “Azərbaycan dövləti bu torpaqlarda əbədi və dönməz olaraq mövcud olacaq.” Bu çıxış həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə ünvanlanmış mühüm siyasi mesaj idi. Bu sözlər Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu və bu ərazilərin gələcəyinin yalnız Azərbaycan dövləti ilə bağlı olduğunu təsdiqləyirdi.Bayrağın ucaldılması eyni zamanda yenidənqurma mərhələsinin başlanğıc nöqtəsini təşkil edir. Qubadlıda və digər azad edilmiş ərazilərdə infrastrukturun qurulması, yolların çəkilməsi, elektrik və su təminatının yaradılması, sosial obyektlərin inşası birbaşa dövlət nəzarəti altında həyata keçirilir. Qubadlıda yaradılan Bayraq Meydanı, inzibati binalar və məktəblər bu torpaqlarda həyatın yenidən bərpa olunduğunu göstərir. Bayrağın dalğalanması burada inkişafın, sabitliyin və əmin-amanlığın bərqərar olmasının rəmzidir.
Bundan əlavə, bayrağın ucaldığı ərazilərdə yaradılan yeni ictimai məkanlar — Bayraq Meydanları, memorial komplekslər, şəhid xatirə guşələri — vətəndaşlarda milli qürur hissini gücləndirir. Bu məkanlar azad edilmiş torpaqlarda milli ruhun, birliyin və dövlətçilik təfəkkürünün möhkəmlənməsinə xidmət edir. Xüsusilə gənc nəslin bu rəmzi məkanlarda vətənpərvərlik ruhunda tərbiyə olunması dövlətin uzunmüddətli ideoloji strategiyasının mühüm hissəsidir.
Bayrağın ucaldılması həm də vətəndaş qayıdışının başlanğıcıdır. Qubadlıda həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində sakinlərin mərhələli şəkildə doğma torpaqlarına dönüşü təmin edilir. Tikilən yeni yaşayış məntəqələri, məktəblər, səhiyyə müəssisələri və kommunal infrastruktur bu ərazilərdə dayanıqlı yaşayış üçün baza rolunu oynayır. Bayrağın dalğalanması artıq boş torpaqlar üzərində deyil, həyatla yenidən dolan, gələcəyi olan yurdların üzərində baş verir.
Qubadlıda Azərbaycan bayrağının ucaldılması 2020-ci ildə əldə edilmiş tarixi Zəfərin mühüm simvollarından biridir. Bu hadisə yalnız hərbi qələbənin deyil, eyni zamanda dövlətçiliyin, milli birliyin və suverenliyin təntənəsi kimi qəbul edilir. Azad edilmiş bütün ərazilərdə olduğu kimi, Qubadlıda da Azərbaycan bayrağının dalğalanması xalqımızın iradəsinin, dövlətimizin gücünün və tarix qarşısında ədalətin bərpa olunmasının rəmzidir. Bu bayraq artıq bu torpaqlarda əbədi olaraq suveren və qalib Azərbaycan Respublikasının bayrağı kimi dalğalanacaq.
Səlminə Abbasova,
Azərbaycan Texnologiya Universitetinin ictimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi