PDF Oxu

  • 4

31 MART FACİƏSİ - İnsanlığa qarşı soyqırım cinayətidir - TƏHLİL

31 MART FACİƏSİ - İnsanlığa qarşı soyqırım cinayətidir - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Tarixi necə saxtalaşdırıblar, reallığı da elə saxtalaşdırıblar"

Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın. Ulu öndər Heydər Əliyev bu cağırışı da edirdi ki, tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır, tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz. Ümummilli Liderin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması həqiqətlərimizin təbliğində, dünyaya ədalət, beynəlxalq hüquq məfhumlarının xatırladılmasında mühüm addım oldu.

Tarixi faktlar təsdiqləyir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə azərbaycanlılara və türklərə qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması, bunun ardınca “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın imzalanması tariximizin hər bir səhifəsinə ətraflı diqqət yönəltməyə geniş imkanlar açmışdır.

1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Tarixi faktlar təsdiqləyir ki, ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. Amma baş verən olayların təşkilatçıları məsələnin mahiyyətinin açılmaması üçün ciddi səylər göstəriblər. Əbəs yerə deyilmir ki, tarix təkrarlanır. Ermənilərin torpaq iddiasının 1988-ci ildə yenidən baş qaldırması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranmasına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb oldu. 30 ilə yaxın müddətdə dünyanın ikili siyasəti, ermənilərin başına çəkilən sığallar münaqişənin həlli prosesinin uzanmasına səbəb olmuşdur.

Artıq bu gün bütün dünya ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan, Qalib Lider İlham Əliyev tarixi hadisələrə «Dəmir Yumru» siyasəti ilə erməni faşistlərinin və ona dəstəy olanların iç üzünü Vətən müharibəsində bir daha gördü. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının 30 ilə yaxın müddətdə edə bilməkdiklərini etdi, ədalət bərpa edildi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu. 44 günlük Vətən müharibəsi 30 il davam edən danışıqların imitasiya naminə aparıldığını ortaya qoydu. Ermənistan rəhbərliyinin yeni ərazilərlə bağlı müharibə planı da başına çəkilən sığallara əsaslanırdı. Azərbaycan Ordusu bütün bu planları alt-üst etdi, Ermənistanı diz çökdürdü, kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ən əsası illərdir yaradılan «güclü erməni ordusu» mifi darmadağın edildi. Dünya Azərbaycan Ordusunun məğrurluğunun, yenilməzliyinin şahidi oldu.

ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMI İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTDİR

“Böyük Ermənistan” dövləti qurmaq xülyası ilə yaşayan erməni millətçiləri tarix boyu məqsədyönlü şəkildə Azərbaycan xalqına qarşı soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti həyata keçirmişlər. Bu siyasətin ən dəhşətli təzahürü 1918-ci ilin martından başlayaraq həyata keçirilən soyqırımı aktıdır. XX əsrdə ilk qırğınlar ermənilər tərəfindən 1905-1907-ci illərdə Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında minlərlə günahsız azərbaycanlının qırğına məruz qalması nəticəsində törədilib. 1917-ci ilin dekabrından 1918-ci ilin martınadək Andranikin başçılıq etdiyi erməni silahlı dəstələri İrəvan quberniyasında 32, Eçmiədzin quberniyasında 84, Nor-Bəyazid quberniyasında 7 kənd daxil olmaqla, ümumilikdə 197 kəndi dağıdıb, qırğın və dağıdıb, yerli sakinlərin əmlaklarını talayaraq evlərini yerlə-yeksan edirlər. 1917-ci il Oktyabr inqilabından sonra ermənilər bolşeviklərin himayəsi altında öz mənfur niyyətlərini həyata keçirməyə cəhd etdilər. 1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edilərək Bakıya göndərildi. Bu, Bakı şəhərində yaşayan azərbaycanlıların yer üzündən silinməsi üçün xain planın başlanğıcı oldu. “Antiinqilabçı ünsürlərə qarşı mübarizə” adı altında təqdim edilən bu planı daşnak-bolşevik Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası həyata keçirirdi. 1918-ci ilin martından Bakı Soveti əksinqilabi ünsürlərə qarşı mübarizə bəhanəsi ilə Bakı quberniyasında azərbaycanlıların məhv edilməsi planını hazırladı. 104 il əvvəl 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin (Bakı Sovetinin) mandatı altında fəaliyyət göstərən erməni daşnak-bolşevik silahlı dəstələri Bakı şəhərində və Bakı quberniyasının digər şəhər və rayonlarında kütləvi qırğınlar törədiblər. Minlərlə dinc sakin yalnız etnik və dini mənsubiyyətlərinə görə öldürüldü. Qurbanları ehtiramla yad etməyi davam etdirməyimiz və bu hadisələrin xatirəsinin onların təkrarlanmasının qarşısını almağımız vacibdir. 6 minlik Bakı sovet qoşunları və Daşnaksütyun partiyasının 4 minlik silahlı birləşmələri tərəfindən törədilən vəhşilik üç gün davam etdi, bu vəhşilik zamanı azərbaycanlı yaşayış məntəqələri qəfil hücuma məruz qaldı, uşaqdan böyüyə bütün sakinlər qətlə yetirildi.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etmişdir. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Quba quberniyasında 16 mindən çox insan son dərəcə amansızlıqla qətlə yetirildi; ümumilikdə 167 kənd dağıdıldı. 2007-ci ildə Quba rayonunda aşkar edilmiş kütləvi məzarlıqlar ermənilərin törətdiyi qeyri-insani əməllərin bariz sübutudur. Bundan başqa, yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar dağıdılıb. Şamaxının 110, Qarabağın 150-dən çox, Zəngəzurun 115, Qarsın 98 kəndi dağıdılıb, yandırılıb, sakinləri qətlə yetirilib. 1918-ci ilin mart-iyul aylarında erməni silahlı dəstələrinin Bakı, Şamaxı, Quba, Muğan, Lənkəran, Göyçay şəhər və rayonlarında törətdikləri qanlı cinayətlər nəticəsində 50 mindən çox azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və qocalar qətlə yetirilmişdir. Azərbaycanın tarixi ərazisi - İrəvan şəhəri və onun ətrafında 199 kənd dağıdılmış, nəticədə 132 min azərbaycanlı qətlə yetirilmişdir.

BU QANLI FACİƏYƏ ƏSL HÜQUQİ QİYMƏT ULU ÖNDƏR TƏRƏFİNDƏN VERİLDİ

31 mart soyqırımı ermənilərin öz havadarlarının köməyi ilə iki yüz il ərzində xalqımıza qarşı törədilmiş genosid siyasətinin davamı idi. Bu qanlı faciəyə əsl hüquqi qiymət Ulu Öndər tərəfindən verildi. Məhz ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub. Bildirilib ki, bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib. Həmin ildən etibarən bütün xalqımız bu tarixi “31 Mart Azərbaycanlıların soyqırımı günü” kimi qeyd edir.

Bununla yanaşı, Prezident İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib. Bir sözlə, bu Sərəncam Azərbaycan Prezidentinin dövlətçilik tariximizə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə verdiyi yüksək dəyər, Azərbaycan Respublikasının öz sələfinin hüququ və mənəvi mirasına sədaqətini nümayiş etdirdiyinin reallığıdır. Bütün bunlar onu deməyə əsas verir ki, faşist ideologiyasına xidmət edən ermənilər Azərbaycan və türk xalqına qarşı hər zaman düşmən mövqedə olublar. Hər zaman saxta faktlar yaradaraq tarixi saxtalaşdırmağa çalışıblar. Prezident İlham Əliyev qeyd etdiyi kimi, tarixi necə saxtalaşdırıblar, reallığı da elə saxtalaşdırıblar. Dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən ermənilərin şəbəkələri saxta məlumat yaymaqla məşğuldurlar və olmayan şeyləri reallıq kimi qələmə verirlər. Əlbəttə, hər bir azərbaycanlı düşmənin məkrli siyasətinə qarşı ayıq olmalı, dövlətin atdığı addımların arxasında olmalıdır. Azərbaycan xalqı tarixboyu bir çox faciələrlə üzləşməsinə baxmayaraq, özünün müstəqillik əzmini qoruyub saxlayıb, yenilməz birlik və həmrəylik nümayiş etdirib. Xüsusilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və ordumuzun ətrafında “Dəmir yumruq” kimi birləşən Azərbaycan xalqı 44 gün ərzində gücünün, qüdrətinin nələrə qadir olduğunu düşmənə və bütün dünyaya bir daha nümayiş etdirdi. Artıq bütöv Azərbaycan var və Böyük Qayıdışın astanasındayıq. 44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, tarixi ədaləti də bərpa etdi. Və bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Qəhrəman ordumuz düşməni darmadağın edərək bütün şəhidlərimizin, 31 mart soyqırım qurbanlarının qisasını aldı.Ümid edirik ki, özlərini demokratiyanın beşiyi olaraq qəbul edən Qərb dairələri nəhayət bu reallıqlara gözünü açacaq və bəşər tarixinin ən qanlı faciələrindən biri olan 31 Mart Soyqırımına layiqli hüquqi qiyməti verəcəkdir.

Allah soyqırımı qurbanlarının ruhunu şad etsin!

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər