Siyasət

  • 2 528

ÜÇ RAYONDA 9 İRİ LAYİHƏ

image

Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul, Gəncə və Qəbələdə açılış mərasimlərində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin rayon və bölgələrinə etdiyi müntəzəm səfərlər regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının effektivliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Məhz bu səfərlər zamanı verilən dövlət tapşırıqlarının icrası yerində yoxlanılır, baş tutan açılışlar və təməlqoyma mərasimləri isə görülmüş işlərin həcminin göstəricisidir. Dövlətimizin başçısının regionlara etdiyi səfərlər iqtisadi əhəmiyyətinə paralel olaraq həm də böyük siyasi önəm kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə davam edən inkişaf tempinə müvafiq olaraq regionlarda abadlıq-quruculuq, yenidənqurma işləri davam etdirilir. Regionların iqtisadiyyatını möhkəmləndirməklə yanaşı, burada yaşayan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində də əməli işlər görülür.

Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi davam edir. Bütün bu sadalanan amillər ölkə başçımız tərəfindən həm regionlara, həm də orada yaşayan vətəndaşlarımıza, onların sağlamlığına, maddi rifahına göstərilən xüsusi diqqətin təzahürüdür. Cənab Prezidentin müxtəlif bölgələrə müntəzəm səfərləri isə regionların tarazlı şəkildə inkişafına və müasirləşməsinə birbaşa xidmət edir.

Prezident Hacıqabul rayonunda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Hacıqabul rayonunda olub. Dövlətimizin başçısı Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə əsaslı şəkildə yenidən qurulan yol rayonun 8 yaşayış məntəqəsini birləşdirir. Uzunluğu 39 kilometr olan iki hərəkət zolaqlı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun inşa edilib.

Marşrutboyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri olan yerlərdə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılıb. Bununla yanaşı, Udullu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzində üçaşırımlı yeni dəmir-beton körpü inşa olunub. Görülən işlər nəticəsində 12 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.

Həmin gün Azərbaycan Prezidenti rayonda "Agro Dairy" MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və "Agro Dairy" MMC-nin icraçı direktoru Niyazi Əmirbəyov dövlətimizin başçısına görülən işlər barədə məlumat veriblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması işlərinin davam etdirilməsi və bu istiqamətdə yeni layihələrin hazırlanması məqsədilə 2021-ci il mayın 29-da Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Hacıqabul rayonu ərazisində "Agro Dairy" MMC-yə məxsus torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Kür çayının Sabirabad rayonundan keçən hissəsində sərfi saniyədə 3 kubmetr olan 4 aqreqatlı üzən nasos stansiyasının, boru kəmərinin və dəmir-beton kanalının tikintisinə başlanılıb.

Prezident İlham Əliyevə Hacıqabul suvarma layihəsi barədə də məlumat verilib. Qeyd edilib ki, layihə çərçivəsində 2022-ci ildə 2555 hektar sahənin suvarılması təmin olunub. Layihənin gələn il 1225 hektar sahədə də həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin bildirilib ki, ötən ilin sonunda intensiv suvarma sahələrinin ərazisi 19 min 200 hektara, pivotların sayı 296-ya çatdırılıb, 4 toxum emalı kompleksi yaradılıb. Qarabağ regionu üzrə 2020-ci ildən təhkim olunmuş ərazilərdə 27 min 107 hektar, 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində azad edilmiş Xocalı, Ağdərə və Xocavənd rayonlarında 11 min 276 hektar ərazidə yazlıq və payızlıq əkin işləri aparılıb.

Gəncəyə səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub. Dövlətimizin başçısı əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Azərbaycan Prezidenti Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dövlətimizin başçısına görülən işlər barədə məlumat verərək bildirib ki, Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisinə və onun ətrafında abadlıq işlərinə 2021-ci ilin dekabrında başlanılıb. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edir.

Unikallığı ilə seçiləcək kompleksdə insanların rahatlığı və asudə vaxtlarını daha səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılır. Kompleksə sahəsi 1285 kvadratmetr olan ikimərtəbəli oranjereya binası daxildir. Burada bütün fəsillərdə müxtəlif növ nadir gül-çiçək, kol bitkiləri, eləcə də ağac tingləri yetişdiriləcək. Ekoloji Park Kompleksinin ərazisində əyləncə mərkəzlərinin, idman qurğularının, iaşə obyektlərinin yaradılması da planlaşdırılıb. Buraya gələn ziyarətçilər, həmçinin müxtəlif növ gül-çiçək, kol bitkiləri, eləcə də ağac tinglərinin yetişdirilməsi işləri ilə tanış ola biləcəklər.

Prezident İlham Əliyev daha sonra Gəncə İdman Sarayının açılışında iştirak edib. Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına Gəncə İdman Sarayında yaradılan şərait barədə məlumat verib. Ötən illərdə Azərbaycanda onlarla Olimpiya İdman Kompleksi və digər idman qurğuları tikilib. Bu isə ölkəmizdə idmana marağı artırıb, gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar yaradıb. Gəncədə istifadəyə verilən İdman Sarayı da bu qəbildən layihələr arasında xüsusi yer tutur. Prezidentin müvafiq Sərəncamına əsasən inşa edilən Gəncə İdman Sarayının tikintisinə 2018-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin martında tam başa çatdırılıb. Gəncə İdman Sarayı müasirliyi ilə diqqəti cəlb edir. Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan İdman Sarayında bütün zəruri infrastruktur yaradılıb. Gəncə İdman Sarayında Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) standartlarına uyğun atıcılıq zalı, həmçinin müxtəlif ölçülü yoqa, pilates, atletika, fitnes, boulinq, masaüstü tennis, şahmat, kross-fit zalları, SPA mərkəzi, bilyard masası, uşaq otağı, 3 konfrans zalı, böyük restoran, kofe-breyk bölmələri və marketlər fəaliyyət göstərəcək. Burada müasir mehmanxananın yaradılması da maraqlıdır. Səksən nömrəsi olan mehmanxanada 160 idmançının qalması və istirahəti üçün hər cür imkan var.

Həmin gün Azərbaycan Prezidenti Gəncə şəhər stadionunun təməlini qoyub. Dövlətimizin başçısına stadionda yaradılacaq şərait barədə məlumat verilib. Bildirilib ki, 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi. Stadionun ərazisində köməkçi məşq meydançaları və futbol akademiyası binası tikilib. Prezidentinin 2023-cü il 6 oktyabr tarixli Sərəncamına əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb. Stadionun layihələndirmə işləri artıq başa çatdırılıb. Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq. Bundan sonra Prezident İlham Əliyev Gəncə şəhər stadionunun təməlini qoyub.

Qəbələdə hansı işlər görülüb?

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda səfərdə olub. Dövlətimizin başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) 110/35/10 kV-luq "Hacıalılı" elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib. "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Qəbələ elektrik şəbəkəsi ümumilikdə 31 min 502 abonenti əhatə edir. ASC tərəfindən rayon ərazisində aparılan yenidənqurma işləri çərçivəsində Qəbələ şəhərinin, 2 qəsəbənin və 13 kəndin elektrik təsərrüfatı yenilənib. İstehlakçıların elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi məqsədilə 110/35/10 kV-luq 26 meqavat-amperlik (MVA) "Hacıalılı" yarımstansiyasının gücü 41 MVA-ya çatdırılmaqla müasir tələblərə uyğun yenidən tikilib. Dövlətimizin başçısına 2020-2023-cü illərdə paylayıcı şəbəkələrdə aparılan bərpa və yenidənqurma işləri, "Azərişıq" ASC tərəfindən tətbiq edilən yaşıl və innovativ texnologiyalar, eləcə də "100 Kənd" layihəsi üzrə regional şəbəkələrdə 150-dən çox yaşayış məntəqəsinin elektrik təchizatının yenidən qurulmasının texniki, iqtisadi və ekoloji səmərəliliyi barədə məlumat verilib. "Hacıalılı" elektrik yarımstansiyasının qarşısında elektromobillər üçün "Azərişıq" tərəfindən iki enerjidoldurma stansiyası inşa olunub. Diqqətə çatdırılıb ki, elektromobil enerjidoldurma stansiyalarının tətbiqi nəticəsində ildə 230 min ton karbohidrogen yanacağına qənaət edilməsi və 239 min ton karbon dioksid emissiyasının azaldılması mümkün olacaq. Prezident İlham Əliyev "Hacıalılı" yarımstansiyasını işə salıb.

Azərbaycan Prezidenti 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açılışında da iştirak edib. Səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına xəstəxanada yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, binanın inşasına 2016-cı ildə başlanılıb və tikinti işləri 2023-cü ildə başa çatdırılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 4,9 hektardır. Tibb ocağının altımərtəbəli əsas binası üç blokdan ibarətdir. Bu səhiyyə müəssisəsində terapiya, uşaq xəstəlikləri, nevrologiya, ümumi cərrahiyyə, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, qəbul, laboratoriya, təcili tibbi yardım, doğum, doğuşdan sonrakı fizioloji şöbələr və hamiləliyin patologiyası şöbəsi də fəaliyyət göstərəcək. Xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla təchiz olunub.

Ərazidə əsas korpusla yanaşı, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu Xəstəliklər Korpusu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsi üçün binalar tikilib. Burada yaradılan şəraitdən görünür ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqətində və nəzarətindədir. Bu cür müasir səhiyyə müəssisəsinin istifadəyə verilməsi yalnız Qəbələ sakinlərinə deyil, bütövlükdə region əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan yaradır.

Prezident İlham Əliyev Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verərək bildirib ki, dördüncü texniki dərəcəyə uyğun salınan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 41 kilometrdir. Texnoloji ardıcıllığa uyğun olaraq lazımi hündürlükdə optimal qum-çınqıl qarışığından yol yatağının tikintisi, yola iki laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. İnşaat işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, nişanlanma xətləri çəkilib. Yol üzərində bir körpü salınıb, 18 avtodayanacaq yaradılıb. Bu avtomobil yolunun tikintisi əhatə etdiyi 15 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə turizmin və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verərək bildirib ki, qəsəbədə 1983-cü ildə tikilmiş məktəb binasının müasir tələblərə cavab verməməsi və qəzalı vəziyyətdə olması yeni binanın inşası zərurətini yaratmışdı. Bum qəsəbə tam orta məktəbinin tikintisinə 2021-ci ilin dekabrında başlanılıb. Məktəb binası 26 sinif otağından, kimya, fizika və biologiya laboratoriyalarından, 2 informatika kabinetindən, 2 texnologiya otağından, gənclərin çağırışaqədərki hazırlıq kabinetindən, kitabxana, 195 yerlik akt zalı, idman zalı və 80 yerlik yeməkxanadan ibarətdir. Yeni dövrün çağırışlarına uyğun olaraq, müasir məktəblərin qurulması Azərbaycan dövlətinin prioritetləri sırasında başlıca yer tutur. Son 20 ildə Azərbaycanın mərkəzi şəhərlərindən tutmuş ən ucqar kəndlərinə qədər yaşayış məntəqələrində 3600 yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.

V.VƏLİYEV

Digər xəbərlər