Siyasət

  • 1 082

Qırmızı Xaç, yoxsa erməni xaşı? – BAXIŞ BUCAĞI

image

44 günlük Vətən müharibəsində Azərbaycanın qalib gəlməsi xarici ölkə və təşkilatların bir çox planlarının üstündən xətt çəkdi. Bir çox ölkənin qazanc qazanının altındakı odu söndürdü, çirkin layihələrini dondurdu və nəhayət onların uzun müddətə hesablanmış missiyasını darmadağın etdi. Həmin təşkilatlardan biri də Beynəlxalq Qırmızı Xaç Komitəsidir (BQXK). Bu təşkilat fəaliyyətində humanizmi, mərhəməti rəhbər tutsa da əməlində tam fərqlidir. Keçmişdə də belə olub, indi də. Dünyanın nüfuzlu təşkilatı kimi özünü təsdiq etməyi bacaran BQXK yaradılarkən nizamnaməsində birmənalı olaraq qeyd olunurdu ki, mövcud olan xalqların haqlarını qorumaq üçün ədalətli mübarizə aparacaqlar. Təəssüf ki, 30 il ərzində BQXK dünyanın əksər təşkilatları kimi nəhəng dövlətlərin əlində alətə çevrilib. Xoşbəxtlikdən, işğal altında olan torpaqlarımızın taleyini onlar yox, Azərbaycan xalqı, ordusu və orduya rəhbərlik edən Ali Baş Komandanın böyük səyi nəticəsində həll olundu.Beynəlxalq Qırmızı Xaç Komitəsi 44 günlük müharibəyə qədər nələri etdiyinin bəzilərini bilirdik, lakin çoxu sirr idi. Ermənistan BQXK-nin adından istifadə edərək Qarabağa silah, mərmi və mina daşıdığı vaxt onun əsl üzü açıldı. Ona görə də əslində bizim üçün belə təşkilatlar yoxdur. Mövcud olsalar belə biz əminik ki, onlar Azərbaycanın haqq işini müdafiə etməyəcəklər. Çünki onların xisləti ermənilərinki ilə eynidir. Fakta diqqət edin: Avropa dövlətlərindən birinin XİN rəhbəri Ermənistana gedərək Azərbaycan torpaqlarını işğal edən və oradan qovulan yaralı erməni əsgərinə gül verib. Görəsən, həmin nazirdən soruşan varmı ki, o əsgər vətənini müdafiə edirkən yaralanıb, yoxsa işğalçı ordunun tərkibində başqa ölkənin ərazisində cinayətlər törədib?! Xarici işlər naziri isə baş verənlərdən sanki xəbərsiz kimi üzündə təbəssümlə əsgərə gül təqdim edir.BQXK haqqı müdafiə etmiş olsaydı, təəccüblənərdik. Çünki onların arasında bizi başa düşən adamlar yoxdur, ancaq yuxarıdan aldıqları əmri icra edirlər. Bütün Azərbaycan xalqı bilir ki, 44 günlük müharibə dövründə dünyanın guya nüfuz qazanmış dövlət başçıları və beynəlxalq təşkilatları Azərbaycanı təhdid etdilər. Lakin Azərbaycan onların təhdid və hədə-qorxularını qəbul etmədi. Azərbaycan haqq-ədalət yolu ilə getdi. Nəticədə öz torpaqlarını azad edərək 30 ildir həsrət çəkən xalqını o ərazilərə köçürməyi planlaşdırdı. Artıq Laçın, Füzuli, Zəngilana köç prosesi həyata keçirilir. Dövlət bunun üçün onlara hər cür qayğı göstərir. 44 günlük müharibə ilə bu qayıdışın bünövrəsi qoyuldu və bu gün Azərbaycan xalqı bu istiqamətdə əlindən gələni edir.… “Humanitar yardım” şousu adı ilə guya Azərbaycanın tarixi şəhəri olan Xankəndiyə Ermənistan paytaxtından - İrəvandan tırlarla göndərilən yardımlar adı ilə növbəti təxribatı həyata keçirməyə çalışdı və bunun dünyaya çatdırılması üçün Avropa İttifaqını da məsələyə qoşdu. Təbii ki, baş verənlər fonunda Azərbaycan dövləti də məsələləri diqqətlə izləyib və ona uyğun davrandı. Dövlətimiz müxtəlif müstəvilərdə dəfələrlə bəyan edirdi ki, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Üstəlik, yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri tamamilə başadüşülən deyildi.Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və bu təkliflərin Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bütün təkliflərə, eləcə də Azərbaycanın qeyd etdiyi yollar vasitəsilə BQXK tərəfindən yüklərin daşınmasına qarşı çıxması, müvafiq humanitar fəaliyyətə maneçilik törədilməsi, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması onların humanitar vəziyyət barədə iddialarının siyasi şantaj olduğunu göstərirdi. Bu addımlar, humanitar fəaliyyəti siyasiləşdirməklə yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasına dair bəyanatlarla ziddiyyət təşkil edir.Gördüyümüz kimi, regionda sülhün tərəfdarı olduğunu bildirən və bu istiqamətdə “yorulmaz” fəaliyyət göstərən bu aktorlar özləri də fərqinə varmadan əsl əməllərini üzə çıxarırlar. Təbii ki, regionda sülhün olmasını istəməyən, sülh müqaviləsinin imzalanmasının uzanmasının tərəfdarı olan erməni tərəfi üçün bunlar uğurlu nəticə hesab olunur. Ermənistanın yeganə məqsədi təxribata əl atmaq, sülh prosesinə əngəl yaratmaq, prosesi maksimum yubatmaqdır ki, sözügedən fəaliyyət regionda sülh və təhlükəsizliyə təhdid xarakteri daşımaqdadır.Qırmızı Xaç Komitəsinin davranışları Azərbaycan tərəfindən xeyli suallar yaradır və cənab Prezidentin də dilə gətirdiyi məsələ bununla bağlıdır. Bütün dünya, ölkələr, o cümlədən Qırmızı Xaç Komitəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Azərbaycanın da ərazi bütövlüyünü tanıyıbsa demək ki, Qırmızı Xaç Komitəsi Azərbaycan-Ermənistan sərhədini “su yolu” kimi keçib gedə bilməz. Azərbaycan onların Xankəndi ofisini Bakıya köçürmələrini tələb edirsə bu, belə də olmalıdır. Çünki Azərbaycan sərhədini istənilən vaxt bağlaya da bilər və nəyə görə Qırmızı Xaç Komitəsi üçün açıq buraxılmalıdır? Azərbaycan insanları əlini qolunu sallayıb Ermənistan sərhədindən keçib gedə bilərmi? Buna görə də bu hərəkətlər hansı yanaşmaya, hansı qanuna sığır? Əminliklə deyə bilərik ki, Azərbaycan öz suveren ərazisində öz ərazisi, sərhədi ilə bağlı istənilən qərarı vermək səlahiyyətinə malikdir. Heç kim bizə deyə bilməz ki, sərhədini aç və kimsə oradan istədiyi formada gedib gəlsin. Bu, mümkün deyil və Azərbaycan da bununla bağlı fikirlərini Qırmızı Xaç Komitəsinə çatdırdı.4 min nəfərə yaxın azərbaycanlı Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşsə də, ötən 30 illik dövr ərzində onların aqibəti, taleyi barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzərəçarpacaq uğurları olmayıb. Minlərlə ailə hələ də közərən ümidlə xəbər gözləyir. 90-cı illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsi 54 nəfər azərbaycanlı əsirlə bağlı izə düşmüş, Ermənistan tərəfi ilə dialoq nəticəsində onlardan 17 nəfərinin meyitlərini alaraq Azərbaycan tərəfinə təhvil vermişdi. Ancaq həmin siyahı üzrə 37 nəfərin taleyi hələ də bilinmir. Onlar sağdılar, yoxsa öldürülüblər, öldürülüblərsə, meyitləri niyə ailələrinə təhvil verilməyib? Beynəlxalq Qırmızı Xaç Komitəsi niyə bu məsələ ilə yaxından məşğul olmur? Axı, Azərbaycan tərəfi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında həmin 54 nəfərin əsirlikdə olduğunu təsdiq edən yazışmalar indi də qalır. Məktubda qeyd edilib ki, BQXK özünü müstəqil, bitərəf və qərəzsiz təşkilat hesab edir. Ancaq Azərbaycana münasibətdə bu əsas prinsiplərin pozulması başadüşülən deyil.2000-ci illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan hökuməti ilə razılaşdırmadan onun suveren ərazisi olan Xankəndidə ofis təşkil etdi və bu barədə qondarma, separatçı rejimlə “saziş” imzaladı. Azərbaycan tərəfinin dəfələrlə rəsmi müraciətlərinə baxmayaraq, həmin “saziş” konfidensiallıq adı altında gizlədildi, təqdim edilmədi. Sonradan məlum oldu ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisi təşkilatın Bakıdakı nümayəndəliyinə deyil, İrəvandakı nümayəndəliyinə tabe etdirilib.2020-ci ildə 44 günlük müharibədən sonra da bu vəziyyətin dəyişmədən qalması dözülməzdir. Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada “Euronews” televiziya kanalına müsahibəsində səsləndirdiyi kimi, Xankəndi ofisinin məhz Bakıdakı nümayəndəliyə tabe etdirilməsi tamamilə haqlı və legitimdir. 1991-ci ildə Meşəli soyqırımını törətmiş müharibə cinayətkarlarından biri olan Vaqif Xaçaturyanın Laçın postunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilində aşkar edilməsi bu təşkilatın əslində hansı işlərlə məşğul olduğunu üzə çıxarır. Bununla əlaqədar Meşəli soyqırımı qurbanları beynəlxalq ictimaiyyətə Açıq Məktub da ünvanlayıblar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin bayrağı və avtomobilləri müharibə cinayətkarlarının sığınacaq yeri olmamalıdır, bu, onlara heç bir toxunulmazlıq və hüquqi immunitet verə bilməz.

V.VƏLİYEV

Digər xəbərlər