Siyasət

  • 2 248

Təməlində ən gözəl əməllərlə ifadə olunmuş Azərbaycançılıq fəlsəfəsi - Heydər Əliyev Fondu - 20

image

Sevinc Qasımova,
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini

Ötən əsrin 90-cı illərində Azərbaycan müstəqillik əldə etdikdən və Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin sosial-iqtisadi inkişafı, qayğıya ehtiyacı olan təbəqənin dəstəklə təmin olunması vacib strategiyalardan birinə çevrilmişdi. Sivil dünya birliyinə inteqrasiya, insanların maddi rifahının yaxşılaşdırılması üçün dövlət hərəkətə keçmiş, plan və layihələr müəyyən edilmişdi.

Ümummilli lider Heydər Əliyevin bu dövrdə həyata keçirdiyi böyük miqyaslı layihələr, sosial müdafiənin gücləndirilməsi istiqamətində atdığı addımlar və dövrün ən yaxşı strategiyası hesab olunan sosial rifah siyasəti qısa müddətdə xalqın dirçəlməsinə, ölkənin iqtisadiyyatının dünya miqyasında inkişaf etməsinə gətirib çıxardı.
Azərbaycan xalqının sosial rifahın yaxşılaşdırılması istiqamətində layihələr Ulu Öndərin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən, xüsusi sosial dəstəyə ehtiyacı olan insanlar üçün müxtəlif proqram və layihələri reallaşdıran Heydər Əliyev Fondunun yaradılması ilə davam etdirildi. 2004-cü il may ayının 10-da rəsmi açılışı həyata keçirilən Fond tərəfindən Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər ölkəmizin beynəlxalq nüfuzunun artmasına gətirib çıxardı. Heydər Əliyev Fondu həmçinin, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verərək, bu ənənə çərçivəsində fəaliyyətini davam etdirir.

Bildiyimiz kimi, qədim tarixi olan Azərbaycan zəngin mədəniyyətə və incəsənətə malik bir dövlət olaraq, müxtəlif sivilizasiyaların kəsişməsində yerləşir və öz mədəniyyətində müxtəlif sivilizasiyalara məxsus aspektləri əks etdirir.

Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı, birinci vitse-prezident, Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevadır.
Mehriban Əliyevanın rəhbərliyi ilə Fond gələcəyə hesablanmış layihələri, həssas təbəqəni əhatə edən sosial addımları, milli genefondumuzun inkişafına xidmət edən fikirləri ilə illərdir diqqət çəkməkdə davam edir. Elm, təhsil, texnologiya, səhiyyə,mədəniyyət, ekologiya, idman, sosial problemlərvə s. kimi çoxşaxəli istiqamətləri əhatə edən fəaliyyət çərçivəsində əhəmiyyətli proqramlar hazırlanır və uğurla həyata keçirilir. Ümumiyyətlə, Heydər Əliyev Fondu öz fəaliyyətini müasir zamanın tələbinə cavab verən şəkildə qurub, cəmiyyətdəki çətinlikləri aşkar edərək, hər bir müraciətə cavab verməyə, insanlara şəfa olmağa can atır və görülən işin yüksək nəticələrini fərd olaraq, hər kəs müşahidə edə bilir.

Humanizm, mərhəmət, vətənpərvərlik və xeyirxahlıq missiyası ilə ictimaiyyətdə böyük nüfuz qazanmış Heydər Əliyev Fondunun təhsilin inkişafına xidmət edən “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” kimi layihələrin hər biri həyata keçirilməyə başladığı dövrdən indiyə qədər öz bəhrəsini verib, minlərlə insanın, uşaq və gənclərin işıqlı gələcəyinə ümid olub.

Səhiyyə sahəsində Fond tərəfindən uğurla həyata keçirilən “Diabetli uşaqlara ən yüksək qayğı” “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi önəmli layihələr, o cümlədən Xeyriyyə aksiyaları Azərbaycanda və hətta ölkə hüdudlarından kənarda yaşayan minlərlə azərbaycanlının yaşamına dəstək verən, ağır xəstəliklərdən və tibbi problemlərdən əziyyət çəkən insanlara ömür bəxş edən əvəzsiz addımlardır.

Hazırda Heydər Əliyev Fondunun mədəniyyət sahəsini əhatə edən tədbirləri və addımları sırasında “Mədəniyyət obyektləri və tarixi mədəniyyət abidələri”, “Musiqi layihələri”, “İncəsənət festivalları və sərgilər”, “Tolerantlığın ünvanı – Azərbaycan”, “Azərbaycan mədəniyyətinin xaricdə təbliği” kimi əhəmiyyətli işlərin adı çəkilməlidir.

Göründüyü kimi, Heydər Əliyev Fondunun bütün sahələrdə, sadaladıqlarımızdan əlavə xeyriyyəçilik, sosial, idman, informasiya-kommunikasiya texnologiyaları, ətraf mühitvə s. istiqamətlərdə həyata keçirdiyi uğurlu tədbirlərin sayı-hesabı yoxdur.

Fond həmdə həm yerli, həm də xarici qonaqların daim ziyarət etdiyi gözəl məkana çevrilib. Fondu ziyarət edənlər arasında Azərbaycana səfər etmiş bir çox dövlətlərin başçıları da var. Fondun fəaliyyəti Azərbaycan cəmiyyəti, o cümlədən beynəlxalq dairələr tərəfindən də həmişə yüksək qiymətləndirilir.

Mehriban xanım Əliyeva da Fondun fəaliyyəti haqqında danışarkən qeyd edib ki, Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafında, o cümlədən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayıb. Təsadüfi deyil ki, bu gün Heydər Əliyev Fondu dünyada hörmət və etimad ünvanına çevrilib.
Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun yüksəlməsinə, təhsilin, mədəniyyətin və sosial rifahın güclənməsinə xidmət edərək, ölkəmizin xeyirxahlıq, qayğıkeşlik və insanpərvərlik nümunəsi kimi anılmasına səbəb olur. Elə buna görədə, əminliklə deyə bilərik ki, Ümummilli Liderin adını daşıyan və Ulu Öndərin özü qədər əzəmətli olan Heydər Əliyev Fondunun fəaliyyətinin məğzində məhz yaxşılıq, insanlıq, ülvi-bəşəri ideyalar, xüsusilə, ən gözəl əməllərlə ifadə olunmuş Azərbaycançılıq fəlsəfəsi dayanır!

Digər xəbərlər