Siyasət

  • 642

Su mənbələrimizə tam sahib olan Azərbaycan - TƏHLİL

image

Prezident İlham Əliyev: "Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir"

Suvarılan əkin sahələrinin artırılması ilə yanaşı, mövcud sahələrdən səmərəli istifadə edilməsi və onların meliorasiya vəziyyətinin durmadan yaxşılaşdırılması müasir dövrümüzdə əsas məsələlərdən biridir. Respublikamızda su təsərrüfatı işlərinin geniş miqyasda inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Böyük magistral kanallar çəkilir, süni göllər yaradılır, mövcud suvarma sistemlərinin yenidən qurulması və meliorasiya vəziyyətinin yaxşılaşdırılması kimi böyük işlər görülür. Son dövrdə qlobal iqlim dəyişmələri və ölkədə suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində davamlı tədbirlər görülmüşdür. Uzun illər ərzində bu istiqamətdə görülən işlər, o cümlədən iri su anbarlarının, hidroqovşaqların, suvarma və kollektor-drenaj sistemlərinin, nasos stansiyalarının və digər infrastrukturların qurulub istifadəyə verilməsi ölkədə su təminatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə verib.

Bildiyimiz kimi, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev "Şirvan suvarma kanalının yenidən qurulması haqqında" Sərəncam imzalayıbdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub. "Mən bir neçə gün bundan əvvəl Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalamışam, bu gün isə kanalın təməli qoyulur. Bu, çox əlamətdar hadisədir. Şirvan suvarma kanalının təməlinin qoyulması çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib.

"MİNLƏRLƏ İNSAN BU LAYİHƏDƏN FAYDALANACAQ"

Ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq məcrasında baş verən dəyişikliklər, eləcə də qurğuların öz funksiyasını itirməsi su itkisinin artmasına səbəb olmuşdur. Bununla əlaqədar kanalın yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanmışdır.

Sərəncam Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və effektiv şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədi daşıyır. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalı yenidən qurulur və Şirvan suvarma kanalı adlandırılır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin edəcək.

Artıq bu kanalın Şirvan kanalı adlandırıldığını vurğulayan dövlətimizin başçısı bildirib: "Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələrinə gəldikdə isə o da iki dəfədən çox artırılacaq".

Vurğulamaq yerinə düşər ki, 1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Suötürmə qabiliyyəti saniyədə 78 kubmetr və uzunluğu 122 kilometr olan kanalın 65 ildən artıq fasiləsiz istismar edilməsi, illik su itkilərinin kəskin artması və qurğuların qəzalı vəziyyətə düşərək funksiyalarını itirməsi nəticəsində torpaqların meliorativ vəziyyəti pisləşərək deqradasiyaya uğrayıb. Bütün bunlar mövcud əkin sahələrinin vegetasiya dövründə suvarma suyu ilə təminatında çatışmazlıqlar yaradıb, bölgənin suya daim artan tələbatının ödənilməsindəki gərginliyi daha da dərinləşdirməklə ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb.

"ƏGƏR ƏVVƏLKİ DÖVRLƏRDƏ BU KANAL 8 RAYONU ƏHATƏ EDİRDİSƏ, İNDİ 10 RAYONU ƏHATƏ EDƏCƏK"

İcra ediləcək yeni layihənin 230 min hektar əkin sahəsini əhatə edəcəyini bildirən Cənab Prezident bildirib ki, bunun böyük hissəsinin yeni suvarılacaq əkin sahələri olacaqdır: "Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır".

"Bu layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk", - deyən dövlətimizin başçısı gələn il Qarabağ kanalının inşasına başlanılacağını vurğulayıb. "Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni, burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq".

Ölkəmizin ən böyük magistral suvarma kanalı olan Yuxarı Qarabağ kanalı Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir, habelə Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürməklə müvafiq əkin sahələrinin su təminatına dəstək verir. Yuxarı Qarabağ suvarma kanalında yüksək su itkilərinin qarşısının alınması, suvarma suyu ilə təminatda yaranan çatışmazlıqların aradan qaldırılması, həmçinin torpaqların meliorativ və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün sözügedən kanalın yenidən qurulması zəruriəti yaranıb. Qarabağ zonası və ona yaxın ərazilərdə su təchizatı infrastrukturunun müasirləşdirilməsi, su itkilərinin azaldılması və meliorasiya olunmuş torpaq sahələrinin genişləndirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandırılacaq.

"İQLİM DƏYİŞİKLİYİ İLƏ BAĞLI DÜNYADA BÖYÜK NARAHATLIQ VAR"

"İqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıq var, o cümlədən Azərbaycanda", - deyən dövlətimizin başçısı bildirib ki, biz indi görürük ki, bu il faktiki olaraq əvvəlki illərdən fərqlənirdi. Bu il kifayət qədər qar, yağış yağdığını, su hövzələrimizdə, su anbarlarında kifayət qədər su olduğunu qeyd edən dövlətimizin başçısı bildirib: "Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Bunu hər kəs görə bilir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir".

Prezident İlham Əliyev çıxışı zamanı onu da bildirib ki, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaqdır. Artıq genişmiqyaslı proqramın işlənib hazırlandığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir: "Ancaq artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir".

"CƏMİ ÜÇ İL ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏR DÖVLƏTİMİZİN GÜCÜNÜ, HÖKUMƏTİMİZİN VƏ DÖVLƏTİMİZİN İRADƏSİNİ GÖSTƏRİR"

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük zirvələr fəth edir. Bütün sahələr üzrə hərtərəfli inkişaf etmiş, güclü iqtisadiyyata sahib müstəqil Azərbaycan qalib dövlətdir. Xalq-iqtidar birliyi bizi zəfərə, qələbədən- qələbəyə aparır. Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən siyasət həyata keçirir. İşğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Bu gün işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işləri böyük vüsət alıb. "Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir", - deyən Prezident diqqətə çatdırıb ki, biz Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur: "Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir. Dediyim bu layihələrin hamısı icra ediləcək".

"VƏTƏN MÜHARİBƏSİ VƏ ANTİTERROR ƏMƏLİYYATI NƏTİCƏSİNDƏ BİZ BU GÜN ÖZ SU MƏNBƏLƏRİMİZƏ TAM SAHİB OLMUŞUQ"

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə səfəri və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işlərinin müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur.

"Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq", - deyən Prezident diqqətə çatdırıb, Vaxtilə Ermənistanın təkcə bizim torpaqlarımızı deyil, resurslarımızı da işğal etdiyini xatırladan dövlətimizin başçısı bildirib: "Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır".

Prezident qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun su resursları daxili mənbələr olduğu üçün bunun xüsusi əhəmiyyəti var. Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılığın, həm meyvəçiliyin, bostançılığın, üzümçülüyün geniş vüsət alacağını bildirən Cənab Prezident həmin ərazilərin Azərbaycanın ən gözəl yerlərindən biri olduğunu vurğulayıb: "Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik"

Zümrüd BAYRAMOVA

Digər xəbərlər