Siyasət

  • 1 168

BÖYÜK QAYIDIŞLA əzəli yurd torpaqlarımıza ŞƏRH

image

Prezident İlham Əliyev: "Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq"

44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad edərək tariximizə qələbə yazdı. Tarixi ədalət bərpa olundu və bu gün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. Bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və xalq-iqtidar birliyi bu qələbənin qazanılmasında əsas amillərdəndir. Dövlətimiz tərəfindən bu illər ərizində keçmiş məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması sahəsində kompleks tədbirlər davamlı olaraq həyata keçirilsə də doğma el-obasından didərgin düşən insanlarımızı torpaq həsrəti bir an da olsun belə tərk etmədi. Məcburi köçkün düşmüş soydaşlarımızda tezliklə Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə öz doğma yurd-yuvalarına qayıdacaqlarına hər zaman böyük inam var idi. Həmin gün yetişdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Qarabağda münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.

"ŞUŞANIN AZAD EDİLMƏSİ DÜŞMƏNİN BELİNİ QIRDI"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada birinci yaşayış kompleksinin açılışında şəhərə köçmüş ilk sakinlərlə görüşü zamanı çıxışında bildirdiyi kimi, "44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Onların özlərinin etiraflarına görə 12 minə yaxın fərarisi olmuşdur. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Düşmən artıq anlamışdır ki, daha müqavimət göstərmək iqtidarında deyil və ondan sonra kapitulyasiya aktına imza atmışdır, faktiki olaraq təslim olmuşdur. Biz də o vaxt müharibəni dayandırdıq. "

Ötən ilin sentyabrında antiterror tədbirləri nəticəsində Azərbaycan tarixi, əzəli torpaqlarını işğalçılardan azad etdi. Belə ki, separatçı rejim çökərək, ağ bayraq qaldırdı və Azərbaycanda separatizmin kökü kəsildi. Cənab Prezidentin dediyi kimi, "Separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz: "Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır. 2023-cü ilin aprel ayında isə biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir".

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Qələbəsi və işğaldan azad olunan rayonlarda Azərbaycan bayrağının qaldırması bizlərə fəxarət hissini yaşatdı. 30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları olan Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. Məcburi köçkünə dönmüş soydaşlarımızın üzərindən bu status götürüldü. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirsə də Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi nəticəsində Azərbaycan Vətən müharibəsində döyüş meydanında öz sözünü demiş oldu.

"İLİN SONUNA QƏDƏR ƏN AZI 20 YAŞAYIŞ MƏNTƏQƏSİNDƏ ARTIQ HƏYAT BƏRPA EDİLƏCƏK"

Vətən müharibəsindən ötən üç ildən artıq bir müddətdə işğaldan azad olunmuş ərazilərdə görülən işlər bunun təzahürüdür. Həmin ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələr həyata keçirilib. Eləcə də nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Qısa bir zamanda Böyük Qayıdışın karvanları Zəngilana, Füzuliyə, Laçına yol açıb. Bu Azərbaycanın gücünün göstəricisidir. Cənab Prezidentin bildirdiyi kimi, "Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. …Bir daha demək istəyirəm, biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları icra edirik. Bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır. Bu gün, eyni zamanda, Laçının Sus kəndinə də keçmiş köçkünlərin qayıdışı nəzərdə tutulur və ilin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində artıq həyat bərpa ediləcək".

AĞDAM ŞƏHƏRİ YENİDƏN QURULUR

Ağdam da işğaldan azad olunaraq yeni tarixi dövrünə qədəm qoydu. "Ağdam şəhərini və Ağdam rayonunun işğal altında olmuş torpaqlarını biz bir güllə atmadan azad etdik. Düşməni döyüş meydanında məğlub edərək məcbur etdik ki, Ağdam rayonundan çəkilsin" – deyə Azərbaycan Prezidenti çıxışlarının birində bildirmişdir. Bu gün Ağdam azaddır. Qədim insanların yaşayış məskənlərindən olan Ağdam Qarabağ hadisələri başlayandan burada cərəyan edən hadisələrin mərkəzi olub. 1993-cü ilin iyul ayının 23-də Ağdamın işğalı tarixini artıq 20 noyabr 2020-ci ili qələbə tarixi əvəzlədi. Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda dövlət bayrağımız dalğalanır. Bundan qürurlu, şərəfli nə ola bilər?! Qarabağ uğrunda gedən döyüşlərdə 6.000-dən çox ağdamlı şəhid oldu. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı və 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi.

Biz artıq Ağdamda həyata keçirilən abadlıq-quruculuq işlərindən fəxarətlə danışırıq. Bu məkanların infrastrukturu yenidən qurulur, müasirləşir, yeni yollar çəkilir. Ermənistan silahlı qüvvələrinin daşı-daş üstə qoymadığı Ağdam şəhəri Azərbaycan dövləti tərəfindən yenidən salınır. Müasir şəhərsalma həlləri əsas götürülməklə yeni şəhər inşa olunur. Baş Plana əsasən, Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır. Bu məqsədlə "Agdam City Hotel" və "Hilton Garden Inn" layihələri icra edilir. Şəhərdə İşğal və Zəfər muzeyləri kompleksi də yaradılır. Kompleks İşğal muzeyindən başlayacaq və Zəfər muzeyi ilə başa çatacaq. Onların arasında isə Xatirə bağı yerləşəcək. Şəhərin mərkəzi hissəsində 960 yerlik ümumtəhsil məktəbi də tikiləcək. Muğam Mərkəzi isə birmərtəbəli və ikimərtəbəli bloklardan ibarət olacaq.

Burada görülən işlər tezliklə əzəli sakinlərini qoynuna alacaqdır. İşğaldan azad olunan ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası layihələri çərçivəsində Ağdam Cümə məscidindəki işlər yekunlaşıb və məscid əvvəlki görkəminə qaytarılıb. Torpaqlarımız işğaldan azad olunduqdan sonra 2022-ci ilin martından Ağdam Cümə məscidinin bərpasına başlanılmışdı. Ağdam Konfrans Mərkəzi Ağdam rayonu işğaldan azad edildikdən sonra inşa olunub. Ağdam Konfrans Mərkəzində müasir tələblərə uyğun tədbirlərin - konfransların, seminarların, forumların, simpoziumların, işgüzar görüşlərin, konsertlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Mərkəz artıq beynəlxalq və yerli tədbirlərə ev sahibliyi edir.

Onu da bildirək ki, Xıdırlı kənd tam orta məktəbinin inşası üçün 2,7 hektar ərazi ayrılıb. İki yerüstü və bir yeraltı mərtəbədən ibarət olacaq binada 22 kabinet yaradılacaq. Məktəbdə, həmçinin idman və akt zalları, 2 əmək kabineti, kitabxana, fizika, kimya və biologiya laboratoriyaları, 2 informatika kabineti, ilkin hərbi hazırlıq kabineti istifadəyə veriləcək. Məktəbin ərazisində idman meydançası, köşk, kiçik skamyalar, qazanxana yaradılacaq. Tikinti işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.

XIDIRLIYA BİRİNCİ MƏRHƏLƏDƏ 2951 NƏFƏR KÖÇÜRÜLƏCƏK

Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir. Artıq Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndləri tikilir. Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır.

Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qayıdışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər