Siyasət

  • 3 718

Sosial siyasətin mərkəzində insan amili TƏHLIL

image

Prezident İlham Əliyev: "Mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin"

Azərbaycanda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək dövlət qayğısı, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə geniş quruculuq və bərpa işlərinin aparılması ilə ölkəmiz yeni mərhələyə qədəm qoyub. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu şəxslərə mərhəmətli qayğısı, azad olunmuş torpaqlarımıza etdikləri səfərlər çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hər bir ölkə vətəndaşı tərəfindən təqdirəlayiq hal kimi yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini, məhz müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır".

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə böyük həssaslıqla yanaşılır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılır, onların əziz xatirəsi daim yad edilir.

Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda vuruşan hərbçilərimizə və onların ailələrinə diqqət və qayğı göstərilməsi diqqətdədir. Ölkə Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə "YAŞAT" Fondu yaradılıb. Eləcə də, "Qarabağ Dirçəliş" Fondu ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatı, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə geniş quruculuq və bərpa işlərinin aparılmasına töhfələr verir.

Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət və təqaüdlə yanaşı, Prezident təqaüdü verilir.

"BİZİM BU SAHƏDƏKİ SİYASƏT, SÖZÜN ƏSL MƏNASINDA, MİLLİ SİYASƏTDİR"

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Sosial dəstək tədbirləri çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan şəxslərə sosial ödəniş və birdəfəlik ödəmə təyin olunub. Cənab Prezidentin göstərişi ilə şəhid ailələri mənzillə təmin olunur. Belə ki, şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlar 6 000 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib. Bu sahədə tətbiq olunan prinsiplərin öz unikallığı ilə seçildiyini çıxışlarının birində bildirən Cənab Prezident qeyd edib ki, bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin: "Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Bir daxma da verilmir. Yəni, bu onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənasında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".

471 ŞƏXS 492 ƏDƏD YÜKSƏK TEXNOLOGİYALI MÜASİR PROTEZLƏ TƏMİN OLUNUB

Şəhid ailələri və müharibə əlillərinə mənzillə təminat prosesi davamlı olaraq həyata keçirilir və 2025-ci ilə qədər yekunlaşdırılması üçün dövlət tərəfindən vacib addımlar atılır.

Yuxarıda qeyd etdiklərimizlə yanaşı, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 63 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Müharibə ilə əlaqədar əlilliyi olan 2147 şəxs 56,2 min reabilitasiya vasitəsi, o cümlədən 471 şəxs 492 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.

Statistik rəqəmlərə əsasən, deyə bilərik ki, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 21,8 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,5 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 344 min xidmət göstərilib.

Təbii ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının, vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımıza, şəhid ailələrinə dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər