2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində təkcə işğal altındakı torpaqların azad olunması ilə deyil, həm də Azərbaycan dövlətinin siyasi, hərbi və mənəvi qüdrətinin bütün dünyaya nümayişi ilə yadda qaldı. Möhtəşəm Qarabağ Zəfərinin mühüm mərhələlərindən biri, heç şübhəsiz, oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsidir.
Məlum olduğu kimi, Füzuli rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bu ərazi Cəbrayıl, Hadrut və Xocavənd istiqamətlərini birləşdirən mühüm kommunikasiya mərkəzi idi. Füzuli həm də Qarabağ bölgəsinə daxil olmaq üçün əsas qapılardan biri hesab olunurdu. Buna görə də Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-də başladığı əks-hücum əməliyyatında Füzuli istiqamətinin seçilməsi təsadüfi deyildi.
Füzulinin azad edilməsi təkcə hərbi məqsədlərə xidmət etmirdi – bu, eyni zamanda digər cəbhə istiqamətlərindəki əməliyyatların dinamikasını müəyyənləşdirən strateji açar rolunu oynayırdı. Prezident İlham Əliyevin sözləri ilə desək, “Füzulinin alınması Cəbrayıl və Hadrut əməliyyatlarına yol açdı, bu isə Şuşaya gedən qələbə yolunun başlanğıcı oldu”.
Ermənistan ordusunun illərlə qurduğu müdafiə xətti – cəbhə xətti boyunca 200 kilometrədək uzanan “Ohanyan səddi” onların özlərinin təbliğatında “keçilməz qala” kimi təqdim edilirdi. Beton bunkerlər, minaatan mövqeləri, tank əleyhinə xəndəklər və istehkamlarla dolu bu xəttin məqsədi Azərbaycan ordusunun hücumlarını dayandırmaq idi. Lakin “Dəmir yumruq” hərbi əməliyyatının ilk günlərindən etibarən Azərbaycan Ordusu yüksək peşəkarlıq, mükəmməl koordinasiya və texnoloji üstünlük nümayiş etdirdi. PUA-ların, yüksək dəqiqlikli artilleriyanın və xüsusi təyinatlı qüvvələrin yüksək peşəkarlıqla səfərbərliyi nəticəsində cənub-şərq cəbhəsində “Ohanyan səddi”nin əsas dayaq nöqtəsi qısa müddətdə məhv edildi. Bu, yalnız bir hərbi uğur deyil, illərlə davam edən psixoloji üstünlüyün, Ermənistan ordusunun “mifoloji keçilməzliyinin” iflası idi. Səddin dağıdılması Azərbaycan əsgərinin ruh yüksəkliyini daha da artırdı, düşmən cəbhəsində isə panika yaratdı.
Füzulinin azad olunması barədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində elan edilmiş qələbə müjdəsi bütün ölkədə böyük coşqu ilə qarşılandı, çünki bu əməliyyat Vətən müharibəsinin ən ağır, amma ən mühüm döyüşlərindən biri idi. Bu əməliyyatın hərbi-strateji və psixoloji əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan ordusu Qarabağın cənub istiqamətində tam üstünlüyü ələ aldı, Cəbrayıl və Hadrut istiqamətində irəliləmək üçün təhlükəsiz cəbhə xətti formalaşdı, Şuşa və Xankəndiyə gedən strateji yolların açılması üçün real zəmin yarandı və nəhayət, Ermənistan ordusunun müdafiə sistemləri tamamilə çökməyə başladı. Füzulinin işğaldan azad edilməsi həm də Azərbaycan ordusunun yüksək səviyyədə planlaşdırma, idarəetmə və çevik manevr qabiliyyətini göstərdi.
Bu bir həqiqətdir ki, müharibə təkcə silahla deyil, həm də ruhla qazanılır. Füzuli əməliyyatında qazanılan hərbi uğur Azərbaycan xalqında və ordusunda qələbə əzmini daha da möhkəmləndirdi. Bu, xalqın öz gücünə inamını artırdı, 30 ilə yaxın davam edən ədalətsizliyin sona çatacağına əminlik yaratdı. Ermənistan cəmiyyətində isə tam əks proses baş verdi, “Ohanyan səddi”nin dağılması, Füzulinin itirilməsi onların təbliğat sisteminə ağır zərbə vurdu. Artıq “Azərbaycan Ordusu irəliləyə bilməz” kimi iddialar mənasız hala gəldi.
Azərbaycan Prezidenti İlham Əliyevin yalnız Ali Baş Komandan kimi deyil, həm də strateji düşüncəyə malik hərbi lider kimi müharibənin ilk günlərindən həm cəbhə, həm diplomatik, həm də informasiya müstəvisində nümayiş etdirdiyi sərkərdəlik məharəti bu psixoloji üstünlüyün qorunmasında həlledici rol oynadı. Onun “Qarabağ - Azərbaycandır!” ifadəsi müharibənin simvoluna çevrildi.
Beləliklə, Vətən müharibəsinin strateji qırılma nöqtəsi sayılan Füzulinin azad edilməsi Azərbaycan ordusunun cənub istiqamətində sürətli irəliləyişinə şərait yaratdı. Cəbrayıl, Zəngilan, Qubadlı əməliyyatları ardıcıl şəkildə həyata keçirildi və bu, Şuşa uğrunda döyüşlərə qədər uzanan qələbə zəncirinin əsasını qoydu. Prezident İlham Əliyev bu hərbi uğurun Azərbaycanın hərb tarixində xüsusi əhəmiyyətə malik olduğunu bəyan etmişdir: “Füzuli şəhərinin azad olunması Azərbaycan ordusunun qəhrəmanlığı, xalqımızın birliyinin təntənəsidir. Biz bu qələbə ilə tarixə adımızı qızıl hərflərlə yazdıq”.
Əli Hüseynli
Milli Məclisin deputatı