Siyasət

  • 6 352

LAÇIN 32 il əvvəl: xəyanət və işğal

image

2020-ci ildə 28 il idi ki, Laçın bədxah ermənilər tərəfindən işğal edilmişdi. Bu 28 ildə nələr olmuşdu, nələr keçmişdi, nələr yaşanmışdı... Laçınlılar yurdlarından didərgin salınmışdı. Dədə-baba yurdundan çıxarkən Laçın boyda dərdi də ürəyinə qoyub gələn neçə-neçə ağsaqqal, ağbirçəklərimiz elə bu dərdlə də dünyalarını dəyişmişdilər. Yaşayanlar isə məcburi köçkünlüyün hər üzünü görmüşdülər. Köçkünlüyün ilk illərində ölkəmizdəki iqtisadi böhranla öz elində-evində yaşayanlar ağır həyat sürdükləri halda, məcburi köçkünlərin necə yaşamasını düşünmək o qədər də çətin deyildi.

1992-ci il deyiləndə gözlər önünə gələn çörək növbələri, ərzaq qıtlığı, sərhədlərimizdən tez-tez gələn qara xəbərlər-torpaqların işğalı, sərhədboyu rayonların ermənilər tərəfindən atəşə tutulması, bir-birinin ardınca evlərə daşınan cənazələr-şəhidlər və günlər boyu saymaqla bitməyən digər dərd-sərdir. Üstəlik ölkədəki siyasi vəziyyətin gərgin olması, hakimiyyət uğrunda mübarizələr, pərakəndəlik və hərc-mərclik, ümumilikdə özbaşınalıq elə Laçının işğalına da səbəb olan amillər idi.

1992-ci ilin Azərbaycanı və Laçın neçə işğal olundu

1992-ci ilin Azərbaycanı tarixin səhifələrinə ağır siyasi böhranlı günlərlə əks olunub. O zaman Azərbaycan Xalq Cəbhəsi (AXC) Azərbaycan prezidenti Ayaz Mütəllibovun istefasını tələb etmiş, o isə müxalifətin təzyiqi ilə 6 martda istefa vermişdi. Prezident səlahiyyətlərini Yaqub Məmmədov icra etməyə başlamış, Rəhim Qazıyev isə müdafiə naziri olmuşdu.

Lakin hakimiyyətin dəyişməsi ölkənin siyasi mənzərəsində elə bir dəyişiklik yaratmamışdı. Belə ki, 9 mayda Şuşa işğal edilmiş, bu isə Azərbaycanda daxili siyasi gərginliyi daha da şiddətləndirmişdi.

Rəhim Qazıyev elə bu zaman siyasi gərginlikdən istifadə edib xalqın etimadını qazanmaq üçün əsl məqam olduğunu düşünərək Şuşanın işğaldan azad edilməsi üçün Moskva ilə danışıqlara getmiş, guya ki, Rusiya Müdafiə Nazirliyinin dəstəyini əldə edə bilmişdi. Deyilənə görə daxili qoşunlar və polis bölmələrindən ibarət canlı dəstək və hərbi texnika ilə təchiz edilmiş milli ordu hissələri mayın 12-də Şuşa ətrafına yerləşdirilmiş, lakin əməliyyat həyata keçirilməmişdi. Səbəb? Səbəb olaraq göstərilir ki, bu zaman orduda itaətsizlik başlamışdı. Bəzi hərbi komandirlər Laçından qovulmuşdu. Maraqlıdır, bu itaətsizlik necə baş vermişdi? Torpağı işğal olunan milli ordu komandir və əsgərləri necə itaətsizlik göstərə bilərdilər?

Bu gündən həmin dövrə nəzər salanda torpağı işğal olunan milli ordu komandir və əsgərlərinin itaətsizliyindən çox, ölkədə hakimiyyət uğrunda mübarizələr daha çox diqqəti cəlb edir. Şuşa, onun ardınca isə Laçın sanki bir oyuncaq kimi ortalıqda qalmışdı. Bu yurd yerləri uğrunda dərhal mübarizə başlamalı olduğu halda, hakimiyyət sevdası bu hissi üstələmişdi.

Həmin dövrdə Azərbaycanın müstəqilliyinin elan olunmasına, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməsinə baxmayaraq, SSRİ hələ də bərpa olunmaq arzusundan vaz keçə bilmir, bu səbəbdən də 14 mayda Ali Sovet Araz Mütəllibovu yenidən hakimiyyəti gətirmişdi. Bu isə vəziyyəti daha da çətinləşdirmiş, ölkədə ikitirəlik yaranmışdı. AXC hakimiyyətdə qalmaq, Mütəllibov hakimiyyətdən getməmək uğrunda mübarizə apararkən, acıqlı AXC həmçinin Bakıda inqilab etmiş, cəbhə bölgəsində, o cümlədən Laçında yerləşdirilən AXC batalyonlarına mövqelərini tərk edərək Bakıya üz tutmaq əmrini vermişdi. Sonralar isə bunun adını orduda itaətsizlik qoymuşdu.

Bunun ardınca, mayın 15-də İsgəndər Həmidov texnika ilə parlamentə daxil olaraq Mütəllibovu devirmişdi. Bu hadisələr fonunda isə Şuşanın işğaldan azad edilməsi və Laçın üçün yaranan təhlükə təbii ki, ikinci plana keçmişdi. Çünki birinci planda hakimiyyət davası idi. Nəticədə Şuşa işğal altında qaldı, onun azad edilməsi hakimiyyət sevdasına qurban getdi və Laçının işğalı üçün münbit şərait yaradıldı.

Beləliklə, AXC hakimiyyəti əlinə aldı. Bunun üçün mübarizə apardığı günlərdə vəziyyətdən xəbərdar olan erməni komandanlığı Laçına hücum əməliyyatına başladı. Erməni qüvvələri ilk növbədə Zarıslı kəndinə hücum edərək oradakı azərbaycanlı qüvvələri qovdu. Döyüşçü qüvvəsi və texnikası yetərli qədər olmayan, üstəlik sərkərdəsiz, başıpozuq ordu çaş-baş qalmışdı. Bu zaman Laçını qarşıda nəyin gözlədiyi barədə Bakiya məlumat verilsə də, lakin Bakı susur, heç bir köməklik göstərmirdi. Ordu və yerli əhali az texnika ilə güclü texnikaya malik düşmənlə üz-üzə qalmalı olur. Hakimiyyətin sükutundan istifadə edən erməni qüvvələri Turşsu kəndini işğal edir və Laçına doğru irəliləməyə başlayır. 18 maya qədər Laçın boşaldılır. Həmin gün Laçın şəhəri işğal edilir və yağmalanaraq yandırılır. Şəhərin 8 minə yaxın əhalisi qaçqın düşür.

Bütün bunlar barədə mayın 10-da Şuşa şəhərində olan Prezident İlham Əliyev şəhər sakinləri ilə görüşü zamanı demişdir: Mayın 10-u hər birimiz üçün, təbii ki, mənim üçün əziz gündür - Ulu Öndərin doğum günüdür. Onun ən böyük arzusu bu reallıqları görmək idi, işğala son qoymaq idi və məhz onun fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq. Ona qədər hansı hadisələr baş verirdi, siz, yəni, yaşlı nəsil yaxşı xatırlayırsınız - hakimiyyətsizlik, özbaşınalıq, xaos, hakimiyyət uğrunda gedən mübarizə, hakimiyyətdə səriştəsiz, qorxaq, satqın, xain insanların yerləşdirilməsi. Bütün bunlar Şuşa kimi şəhərin, digər şəhər və kəndlərimizin işğal altına düşməsinin səbəbi olmuşdur. Təsadüfi insanlar hakimiyyətə gəldi. Küçələrdən heç bir təhsil almamış, heç bir dövlət işində təcrübəsi olmayan, heç bir biliyə malik olmayan müdafiə nazirləri, dövlət katibləri, parlament sədrləri, prezident vəzifələrinə yiyələndilər və bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi. Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə öz başına güllə çaxmağa söz verən o ünsür görəsən indi hansı hisslər yaşayır? Əminəm ki, bu günə sevinmir. Onun kimilər, o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti bizim Zəfərimizə sevinməyiblər, əksinə peşman olublar. Bizim Qələbəmizə bu günə qədər kölgə salmağa çalışırlar, ermənilərlə əlbir olub bizim Zəfərimizi aşağılamaq, ona kölgə salmağa çalışırlar. Məhz onların hakimiyyətə can atmaları dövründə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Şuşanı müdafiə etmək üçün çox da böyük qüvvə lazım deyildi. Siz ki, bunu yaxşı bilirsiniz. Şuşa yiyəsiz qalmışdı və Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı. İndi baxın, o tarixlərə, tarixi hadisələrə. Bir neçə gündən sonra onlar hakimiyyətə gəldilər, o hakimiyyəti yıxdılar, çevriliş etdilər. Xalqın haqlı etirazını, necə deyərlər, öz tərəflərinə çəkmək üçün Şuşanı, sonra Laçını, ondan sonra Kəlbəcəri qurban verdilər. Bununla da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanla de-fakto coğrafi nöqteyi-nəzərindən birləşdi.

Böyük strateji əhəmiyyətə malik yurd yeri

Laçın rayonu Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Laçın Şərqi Zəngəzur iqtisadi rayonunun böyük strateji əhəmiyyətə malik olan bölgəsidir. Tək Laçın dəhlizinin buradan keçməsi rayonun strateji üstünlüyünü şərtləndirən əsas amildir. Məhz elə buna görə də Ermənistan uzun illər tamah dişini Laçına qıcamış və onun əldən getməməsi üçün tədbirlər görmüşdü.

Laçın dəhlizi 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən Qarabağın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə Ermənistan Respublikası arasında açılan dəhlizdir. Uzunillərboyu fəaliyyət göstərən bu dəhliz Ermənistanı Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat və təminat yolu olaraq Qarabağ müharibəsinin ilk mərhələsində Ermənistanla separatçılar arasında “nəfəs borusu” rolunu oynayıb. Həm müharibə dövrü, həm də ikinci yol çəkilənə qədər Ermənistan Qarabağın bütün hərbi, texniki və mülki təchizatını bu yol vasitəsilə həyata keçirib. Məhz buna görə də Laçın ərazisinin Azərbaycana qaytarılması və ya heç olmasa bu dəhlizin erməni tərəfinin hərəkəti üçün bağlanılması, Ermənistanı Qarabağ ərazilərinə nəzarətdən məhrum edirdi. Bu dəhlizdən qondarma Dağlıq Qarabağ Respublikası Ermənistana böyük miqdarda ərzaq və digər materiallar keçirir, əvəzində isə Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasından elektrik alırdı. Bir sözlə, Laçın dəhlizi olmadan Qarabağ, Şuşa ola bilməzdi onlar üçün. Ona görə də burada mövqelərini gücləndirmişdilər.

Lakin bir zamanlar öz əlləri ilə başqasının torpağında, Laçın şəhərinin tən ortasından açdıqları dəhliz, sən demə, qarşıdakı illərdə ölkəmizin rəhbəri tərəfindən onların ölüm tunelinə çevriləcəkmiş. Çevrildi də. Ermənilərin Laçından çıxması görüntülərini televiziya vasitəsilə izləyərkən bunun bir daha şahidi olduq ki, onların nəfəs boruları tıxanmışdı. Çünki Laçın dəhlizi əllərindən çıxırdı, deməli, həyat onları tərk edirdi.

Azərbaycan Respublikasının Prezidenti: “Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib. Onu da bildirməliyəm ki, Bəyanatın ilkin versiyasının üzərində fəal işlər gedirdi, xüsusilə Şuşa şəhəri işğaldan azad olunandan sonra qısa müddət ərzində. Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə, 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir”.

Dövlətimizin başçısı onu da vurğulayırdı ki, uzun illər ərzində - 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox.

Beləliklə, Laçının işğaldan azad olunması ikiqat qələbə sevincini bizə bəxş etdi. Ölkəmizin başçısının uzun illər apardığı danışıqların, həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq bu qədər böyük əhəmiyyətə malik olan yurd yerimiz ermənilərin və onların havadarlarının istəklərinin əksi olaraq geri qaytarıldı. Laçın ermənilərə göz dağı oldu.

Laçına-yurda, el-obaya, evə-ocağa qayıdış

Laçın azaddır və bu yurd yerimizdə də digərləri kimi böyük quruculuq işləri görülür.

Prezident İlham Əliyev ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində deyirdi: ”Avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir... Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar.

Dövlətimizin başçısı ötən il aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində isə belə deyirdi: “Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük... Əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik.

Beləliklə, 28 may 2023-cü il tarixdə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlandı. Birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürüldü. Və mərhələli şəkildə artıq laçınlılar doğma ata-baba yurdlarına qayıdırlar.

Heç kim qələbəmizə kölgə sala bilməz

II Vətən müharibəsi tariximizin parlaq səhifələrini təşkil edir. Bu səhifələri çox məqamlar xarakterizə edir: dövlət-xalq birliyi, həmrəylik, vətənpərvərlik, torpaq sevgisi, bayraq sevdası, ölümün üzünə dik baxmaq əzmi və sair.

Torpaqlarımızın bir gün azad olunacağına əminliyini bütün çıxışlarında bildirən Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin, 20 il ərzində ölkənin iqtisadi gücünün artırılmasının, ordu quruculuğu işinin başa çatdırılmasının, vətənpərvər gənclərin yetişdirilməsinin nəticəsi olaraq 2020-ci ildə çıxdığımız Zəfər yolunu 2023-cü ildə başa çatdırdıq.

Böyük Zəfər əldə etdik. Ardınca azad etdiyimiz yurdları abadlaşdırmağa başladıq. Dünənədək erməni adlı düşmənlə üz-üzə qalmışdıqsa, Zəfərdən sonra AXC-Müsavat tör-töküntüsü özlərini onların yerinə qoydu. 2020-ci ildən düz 2023-cü ilədək “Bəs Xankəndi, Xocalı, Xocavənd?” dedilər. Lakin anlaya bilmədilər ki, onların qısa zamanda satıb-sovduqları torpaqları belə qısa bir vaxtda geri almaq mümkün deyil, bunun üçün zamana ehtiyac var. 2023-cü ildə adları çəkilən torpaqlarımız da azad edildikdən sonra isə yeni bəhanələr axtarmağa başladılar. Onlardan biri də Rusiya Sülhməramlı Qüvvələrinin Qarabağda qalması ilə bağlı oldu. Lakin onun da zamanı gəlib çıxdı. Budur, sülhməramlı qüvvələr yola salınıb.

Bütün qələbələrə, eləcə də ölkədə görülən işlərə kölgə salmaq onların çoxdankı peşəsidir. Lakin nə üçün özlərinə bir sual vermirlər ki, yaxşı, biz bu xalq üçün nə etmişik, bax, bu, çox maraqlıdır.

Tarix hər ana şahiddir: dünənə də, bu günə də. Bir də xalqın gözü tərəzidir. O, nəyin, kimin yaxşı, pis olduğunu bilir və qiymətini də buna müvafiq olaraq verir. Boş-boş danışmaq kimə gərəkdir?.. Yuxarıda haqqında danışdığımız tarixə bütün xalq şahiddir axı...

Mətanət Məmmədova

Digər xəbərlər