PDF Oxu

Siyasət

  • 682

"Azərbaycanda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa edilir, tikilir"

image

Dünyada, eləcə də, islam dünyasında böyük hörmətə, nüfuza malik olan, prinsipial və ədalətli mövqeyi ilə seçilən Azərbaycanın multikultural dəyərləri dünyaya örnək, nümunədir. Əgər Azərbaycanda sovet məkanında yaşadığımız illərdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayının 2200-dən artıqdır. Bu gün multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı, bilavasitə, dövlət dəstəyindən qaynaqlanır. Dövlət başçısı İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, biz nəinki ölkə daxilində millətlərarası və dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyirik, həll edirik, biz dünyaya nümunə də göstəririk: "Bax, belə inkişaf etmək lazımdır. Multikulturalizm alternativsiz bir hərəkat olmalıdır. Hesab edirəm ki, biz bu nümunəni göstərərək, başqa yerlərə də öz təsir imkanlarımızı genişləndiririk".

Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir. Ölkə başçısının göstərişi ilə bütün əsas dini abidələr təmir olunub. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi yenidən qurulub. Xristian dini abidələri, alban kilsələri, o cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib. Tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların, maddi-mədəniyyət abidələrin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır.

"AZƏRBAYCANDA DİNİ SİYASƏT ÇOX DÜŞÜNÜLMÜŞ ŞƏKİLDƏ APARILIR VƏ AZƏRBAYCAN XALQININ MARAQLARINA CAVAB VERİR"

Tarixi-dini abidələrin qorunması, təmir və bərpasına Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz töhfəsini verir. İstər ölkəmizdə, istərsə də xaricdə dini abidələrin bərpası üzrə layihələr reallaşdırır. Bunlardan biri də Şamaxı şəhərinin girəcəyində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən Pirsaat Baba ziyarətgahıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Şamaxıdakı PirsaatBaba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurmadan sonra açılışında iştirakı dini abidələrimizə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının nümunəsidir. Şamaxı rayonunda Pirsaat çayının sahilində yerləşən Pirsaat Baba ziyarətgahı əhalinin ən çox ziyarət etdiyi müqəddəs ocaqlardan biridir və 2019-cu ildə Şamaxıda baş verən zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2020-ci ildə burada bərpa-yenidənqurma işlərinə və yeni məscid binasının inşasına başlanılmışdır. Məsciddə ibadət zalı ilə yanaşı, mərasim zalları da inşa olunub.

Qeyd edək ki, 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdə olarkən sakinlər Bədöyün məscidinin təmiri ilə bağlı müraciət etmişdilər. Birinci vitse-prezident məsciddəki vəziyyətlə tanış olmuş və burada əsaslı təmir işlərinin aparılması barədə tapşırıq vermişdi. 1791-ci ildə inşa edilən Bədöyün məscidində və ətraf ərazilərdə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa-təmir işləri aparılıb. Görülən işlər nəticəsində məscid orijinal formasına uyğun bərpa edilib. Məscidin minarəsi yenidən qurulub, dəstəmazxana inşa olunub.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Azərbaycanda dövlət-din münasibətlərinin necə qurulduğuna nəzər salarkən, vurğulayıb ki, Azərbaycanda dövlət dini məsələlərə qarışmır, əksinə, çalışır ki, kömək göstərsin: "Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlət dindarlara daim dəstək və dayaq olur. Bizim bütün tarixi məscidlərimiz dövlət tərəfindən əsaslı şəkildə bərpa edilibdir". Ölkəmizdə həm məscidlərimiz, həm də qeyri-xalqların dini abidələri qorunur və abadlaşır. Azərbaycan Prezidenti çıxışlarının birində vurğulayıb ki, bütün başqa dinlərin məbədləri bizim üçün əzizdir və bizim sərvətimizdir: "Azərbaycanda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa edilir, tikilir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda dini siyasət çox düşünülmüş şəkildə aparılır və Azərbaycan xalqının maraqlarına cavab verir". Abadlaşdırılmış Pravoslav Dini-Mədəni Mərkəzi, Katolik məbədi Azərbaycanda mövcud olan münasibətin təzahürüdür. Müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycan uğurlu inkişaf yolundadır.

67 MÜSƏLMAN MƏSCİDİNİN 63-Ü TAMAMİLƏ, 4-Ü İSƏ QİSMƏN DAĞIDILIB

Qeyd edək ki, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəni və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihələr çərçivəsində bölgələrdəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması uğurla reallaşır.

Azərbaycan işğaldan azad etdiyi ərazilərdə də dini abidələrin təmir və bərpasına başlayıb. Ərazilərdə abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlayan ermənilərin vandallığı bütün dünyaya göstərildi. Dağıdılan dini abidələrimizə nəzər salarkən Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri və s. bu sırada vurğulanmalıdır.

QARABAĞ VƏ ŞƏRQİ-ZƏNGƏZURDA TARİXİ-DİNİ VƏ MƏDƏNİ ABİDƏLƏRİ TƏMİR OLUNUR

Erməni barbarlığının nəticəsi olaraq dağıdılan abidələr artıq bərpa olunur. İşğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası, təmiri və yenidən qurulması işləri uğurla və davamlı olaraq həyata keçirir. Görülən işlərin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl şəhər məscidinin təməlini qoyub. Məscidin ümumi sahəsi 1530 kvadratmetrdən çox olacaq. Burada eyni vaxtda 615 nəfər ibadət edə biləcək. İkimərtəbəli məscid binasında eyni anda kişilərin və qadınların ibadət etmələri üçün şərait olacaq. Məsciddə icma zalı,avtomobil dayanacağı, söhbətgah yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr olacaq. Qeyd edək ki, işğaldan əvvəl Cəbrayıl rayonunda 5 məscid, 40-dan çox ziyarətgah, 20-dən artıq tarixi-memarlıq abidəsi olub. İşğal dövründə digər ərazilərimizdə olduğu kimi, bu rayondakı tarixi-dini abidələrimiz ermənilər tərəfindən məhvedilib. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağın və Şərqi-Zəngəzurun tarixi-dini və mədəni abidələrinin bərpası, yenilərinin inşası istiqamətində Azərbaycan dövləti tərəfindən mühüm işlər görülüb. Bu xüsusda 2017-ci ildə Cocuq Mərcanlı kəndində inşa edilən, Şuşa məscidinin bənzəri olan məscidi qeyd etmək olar.

İşğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti-quruculuq, bərpa işləri məscidləri də əhatə edir.

Yeni məscidlər tikilir, mövcud olanlar bərpa edilir. İşğaldan azad olunmuş ərazilərimizdə mədəni irsimizin, o cümlədən tarixi-dini abidlərimizin bərpası istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2020-ci ilin dekabrın 8-də Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan edib. Fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi və mədəniyyət abidələrinin bərpası işləri uğurla həyata keçirilir. İndiyə qədər Ağdam Cümə məscidi, Şuşa şəhərində yerləşən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Mamayı, Təzə məhəllə, Saatlı, Zəngilan məscidləri aparılan bərpa işlərindən sonra istifadəyə verilib. Hazırda Qarabağ və Şərqi Zəngəzurda yeni məscidlərin tikintisi və bərpası işləri davam etdirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər