Siyasət

  • 3 086

Xalqın qurtuluşu və inkişafı missiyası - ŞƏRH

image

Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1991-ci ilin oktyabrında ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. Azərbaycanda ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Eyni zamanda orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Gündən-günə Erməni təcavüzü güclənirdi. Ölkədə hakimiyyət boşluğu yaranmışdı. Rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 14 may 1992-ci ildə hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Azərbaycanda 1993-cü ilin yayında isə vətəndaş müharibəsi təhlükəsi yarandı.

Belə bir ağır günlərdə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini Heydər Əliyev qəbul edərək iyunun 9-da Bakıya gəldi. Çox az zamanda Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Heydər Əliyev 15 iyun 1993-cü il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Nəticədə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. 1997-ci ilin iyununda Azərbaycan xalqının tələbi ilə Milli Məclis bu günü bayram elan etdi.

1993-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmışdır. Nəticədə, 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunub. Ölkə daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə Azərbaycana artan inam və maraqdan istifadə edərək, Heydər Əliyev tərəfindən 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Ümummilli liderin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində xalqımızın taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. Ulu öndərin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. Onun xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub. Fəal diplomatiyası nəticəsində ulu öndər Heydər Əliyev Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilib. Onun xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edib. Ulu öndər 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərib. O, bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanıb.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Azərbaycan tarixinin ayrılmaz bir hissəsini onun fəaliyyəti də, şəxsiyyəti təşkil edir. Ulu öndər bizim dahi müasirimizdir. Hər bir azərbaycanlı üçün bu faktın özü qürur və iftixar mənbəyidir. Eyni zamanda, ulu öndər taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz ulu öndər Heydər Əliyev yaradıb.

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Xalqımız hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli liderin zəngin siyasi irsindən ölkəmizin inkişafı, Azərbaycan xalqının rifahı naminə faydalanacaq.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər