Siyasət

  • 1 518

Ermənistanda artmaqda olan BƏDBİNLİK – TƏHLİL

image

Ermənistan öz arxa-dayağı olan Rusiyaya xəyanətkarlıq edərək, Qərbə tərəf üz tutan zaman həmin tərəfdən də böyük dəstəyin olacağına ümid edib. Haylar ümid ediblər ki, ruslara qarşı xəyanətkarlıqları müqabilində Qərb, Avropa onlara hər bir köməklik göstərəcək və yeri gələndə hələ bir sahib də çıxacaq. Elə zənn ediblər ki, Qərbin məhz Rusiyaya qarşı olan mövqeyinə görə məhz ruslardan imtina etməklə, guya böyük rəğbət də qazanacaqlar, dəstək də. Amma hadisələrin gedişi göstərir ki, ermənilər heç də doğru qənaətdə olmayıblar, yanlışlıqları dəfələrlə öz təsdiqini tapıb və buna görə də haylar istədikləri qədər və istədikləri şəkildə Qərbin dəstəyindən məhrum olduqlarına əmin olduqca işğalçı ölkədə bədbinlik daha da artır...

Formalaşmaqda olan yeni dünyada haylar hələ də özlərini ancaq yol ayrıcında görürlər

Doğrudur, artıq çoxdandır ki, barəsində danışılan yeni dünya hələ yaradılmayıb. Bununla belə, yeni dünyanın formalaşmaqda olduğu da təkzib edilə bilməz. Görünən odur ki, həmin o yeni dünya fəal şəkildə formalaşmaqda olsa da, haylar hələ də özlərini ancaq yol ayrıcında görürlər. Dünyanı indi də ikiüzlülükdə ittiham etməkdən başqa çarə tapmayan ermənilər əslində, özləri məhz ikiüzlülüklərinə görə belə bir yol ayrıcında, yaxud marginallaşmış vəziyyətdə qaldıqlarını etiraf etməyə çətinlik çəksələr də, özləri öz vəziyyətlərini hamıdan yaxşı bilirlər. Yaxşı bilirlər ki, onlar məhz dalana dirəniblər və səbəbkar da özləri, öz ikiüzlülükləridir. Lakin haylar vaxtında bilməli idilər ki, xəyanətkarlıqlarına görə dünyanın hansısa ölkəsi onlara nə etibar edə bilərdi, nə də rəğbət bəsləyərdi. Kremlə, ruslara olan xəyanətkarlıqları fonunda nə Qərb, nə də Avropa ermənilərə güvənə bilməzdi və elə də oldu, hansıki bunları müşahidə etmək işğalçı ölkə üçün çox ağırdır və ona görə də erməni ictimaiyyəti arasında bədbinliyin hələ də dinamik şəkildə artmaqda olması tamamilə anlaşılandır.

Qəzəbini gizlədə bilməyən haylar kimi oldu ittiham etməyə çalışırlar

Qərbin, eləcə də Avropanın atdığı addımlardan ancaq narazı qalan haylar Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya səfər etməsini, orada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmasını qətiyyən həzm edənə oxşamırlar. İndi erməni cəmiyyəti iddia edir ki, Orbanın bu səfəri ancaq səyahət hesab oluna bilər və qətiyyən Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün faydalı sayıla bilməz. Haylar arasında öz qəzəbini gizlədə bilməyənlər Çarlz Mişeli də hədəfə alıblar və onu da ittiham edirlər. Avropa Şurasının səlahiyyət müddəti başa çatan rəhbəri Mişelin öz X hesabında qeyd etdiklərini də həzm edə bilməyən hayların bədbinliyini görməmək mümkün deyil. Onların bu zamana qədər sığındıqları Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Cozep Borrelin fikirlərinə də istinad etməyə çalışdıqları təsdiq edir ki, yenə də sığınacaq axtarırlar və bu da, əlbəttə ki, vəziyyətlərinin cətin olduğunu düşünmələrindən, bədbinliklərindən irəli gəlir. “Avropa İttifaqı Rusiya prezidenti Vladimir Putinlə rəsmi əlaqələri istisna edir, buna görə də Avropa İttifaqı Şurasına sədrlik edən Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya səfəri zamanı onun Avropa İttifaqını təmsil etmək hüququ yoxdur. Bu səfər “sırf ikitərəfli əlaqələr çərçivəsində” baş tutur”, deyən Josep Borrelin fikirlərinə istinad edən hayların durumu sanki suda böğulanın saman çopünə əl atmasına bənzəyir. Çünki görürlər ki, heç də vəziyyət əvvəlki kimi deyil, dünya düzənində baş verənlər də onları qane edə bilməz və nikbinlikdən uzaq olmaları üçün də səbəblər kifayət qədərdir.

Diqqətə çatdıraq ki, Putin və Orban arasında görüş təxminən üç saata qədər davam edib. Onun gəlişinin məqsədi də maraq doğurub və diqqətdən yayınmayıb. Hətta diplomatik səviyyədə belə marağa səbəb olub. Bu maraq fonunda da şəxsən Orbandan gəlişinin məqsədi də soruşulub. “Əvvəla, Macarıstanın baş naziri kimi, sonra isə heç kim onu ​​bu yarımillikdə Aİ-yə rəhbərlik edən şəxsin vəzifəsindən azad etməyib”, deyə o, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun məhz Orbanın Moskvaya hansı məqsədlə gəldiyini soruşduğu zaman belə cavab verib. Əslində, Orbana bu sual da səbəbsiz yerə ünvanlanmayıb. Məqsəd Orbanın Moskva səfəri ilə bağlı Avropa İttifaqına da, ABŞ kimi bir dövlətə də Rusiyanın müvafiq işarəsini, hətta reaksiyasını belə çatdırmaqdır.

Qərbin kənara çəkiləcəyi təqdirdə vəziyyətlərinin daha acınacaqlı olacağından haylar bərk qorxurlar

Məsələ burasındadır ki, söhbət Kremlin gözlənilən reaksiyasından getməsə də, haylar həmin reaksiyadan da, Orbanın səfərindən də bərk təsirləniblər. Hətta Macarıstanın özünün də bəzi addımları, mövcud vəziyyətdə reaksiyası ermənilərin yetərincə qıcıqlandırıb. Xüsusən də, Macarıstanın Almaniya ilə xarici işlər nazirləri səviyyəsində bazar ertəsi baş tutmalı olan ikitərəfli görüşü ləğv etməsi bu mənada diqqəti cəlb etməyə bilmzdi. Bəli, bu barədə Reuters agentliyi Almaniya Xarici İşlər Nazirliyinin adı açıqlanmayan əməkdaşına istinadən xəbər verir. Həmin xəbərə görə, alman departamenti bu qərardan hətta bərk “çaşıb”.

İndi hayları təsirləndirən də, hirsləndirən də, bədbinliyə salan da təkcə Viktor Orbanın, Macarıstanın baş nazirinin Möskvaya səfəri deyil, əsasən Qərbin buna reaksiya verməməsidir. Haylar indi şikayətlənirlər ki, Qərb bir tərəfdən Orbanı Putinlə görüşə görə qınayır, digər tərəfdən də bu səyahətdən hansı faydaların əldə oluna biləcəyini anlamaq istəyir. Deməli, ermənilər belə başa düşürlər ki, Orbanın Rusiyaya səfəri heç də Ukrayna-Rusiya müharibəsi ilə, həmin müharibənin dayandırılması cəhdi ilə bağlı deyil. Bütün bunların fonunda isə onlar hesab edirlər ki, ümumiyyətlə Qərb heç də münaqişə ilə, müharibə ilə bağlı narahatlıq keçirən deyil. Ələlxüsus da erməniləri incidən odur ki, Qərb ümumiyyətlə, istənilən anda meydandan çəkilə, heç reaksiya belə verməyə bilər və əgər belə olsa, Ermənistanın taleyi daha acınacaqlı olacaq. Çünki ermənilər bilirlər ki, Rusiyaya qarşı xəyanətlərindən və rusların onlardan üz döndərmələrindən sonra Qərb də kənara çəkilsə, erməni cəmiyyəti üçün daha acınacaqlı olacaq.

Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammiti hayların yuxularını ərşə çəkib

Xüsusilə diqqətə çatdırmaq yerinə düşərdi ki, Orbanın Azərbaycanın Qarabağ ərazilərinə səfəri, eləcə də belə demək mümkünsə, buna Çarlz Mişel, Xosep Borrel, Antoni Blinkenin susqunluğu, reaksiya verməməsi də erməniləri tamamilə bədbinləşdirib. Macarıstanın baş nazirinin məhz işğaldan azad olunan ərazilərimizdə olması, xüsusən də Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirak etməsi hayların yuxularını ərşə çəkib. Ona görə hayların yuxuları ərşə çəkilib ki, onlar ABŞ Dövlət Departamentinin və Avropa İttifaqının buna reaksiyasını görmürlər. Hətta Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlardan da görünür ki, erməni cəmiyyəti onların niyə reaksiya vermədiyini sual edir və bunun da nəticəsində bədbinliklərini də başa düşmək olar. Çünki reaksiyanın olmaması onları ümudsizliyə sürükləyib. Amma başa düşə bilmirlər ki, artıq reallıqlar fonunda heç bir hegemon dövlət, heç bir beynəlxalq təşkilat həqiqətlərə qarşı çıxmaq, işğalçını müdafiə etmək, sona qədər haqsızın yanında olmaq niyyətində ola bilməz. Məhz bunu başa düşmüş olduqları zaman bədbinliyə düşməkdənsə, reallıqları qəbul etməyi doğru hesb edə bilərlər.

Gah Qərbə, gah da Rusiyaya üz tutmağın heç bir faydası olmadığını gec də olsa anlayanların bədbinliyi anlaşılandır

Erməni cəmiyyətinin məhz dünya düzənində baş verənləri, reallıqları qəbul edə bilmədiyini duymamaq mümkün deyil. Rəsmi Bakının bir-birinin ardınca sazişlər imzalamasına, xüsusən də ölkəmizin Pekinlə strateji tərəfdaşlıq sazişi imzalamasına ABŞ Dövlət Departamentinin susqunluğu və ermənilərin də dedikləri kimi, Ağ Evin “dərin narahatlıq ifadə etməməsi” işğalçı ölkədə ümumiyyətlə qətiyyən başa düşülmür. Daha dəqiq desək, haylar bunu başa düşmək istəmirlər. Başa düşmək istəmirlər ki, ABŞ belə öz hegemonluğu fonunda məhz reallıqlarla razılaşmalı olub. Heç Azərbaycan kimi məhz Macarıstanın da öz seçimini etdiyini belə başa düşmək istəmirlər. Dünyanın artıq həqiqətləri görmək, etiaf etmək, qəbul etmək məcburiyyətində qaldığını da görmək haylar üçün ağır gəlir. Elə məhz buna görə də yol ayrıcında qalıblar və bilmirlər hansı stulda otursunlar. Bu səbəbdən də haylar gah Qərbə, gah da Rusiyaya üz tuturlar ki, bunun da heç bir faydası olmur. Əksinə, onların ikiüzlülükləri özlərinə olan inamsızlığa səbəb olur. Haylar bilirlər ki, Qərb Ermənistanın təhlükəsizliyinə də, maraqlarına nəinki zəman verən, heç məhəl də qoyan deyil. Buna görə də Ermənistanda bədbinlik hələ də artmaqdadır.

Digər xəbərlər