Siyasət

  • 1 663

Türk Dövlətləri Təşkilatı arasında siyasi dialoq - ŞƏRH

image

Bu gün Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlər keçirilməsi üçün əlverişli məkandır. Bu tədbirlər ölkəmizin nüfuzunun yüksəldilməsi və beynəlxalq proseslərdə əhəmiyyətinin artmasına, eləcə də, Azərbaycanın qitələrarası və sivilizasiyalararası əməkdaşlıq məsələlərinə töhfə verir. Milli mədəniyyətlərin qovuşduğu tolerantlıq məkanı olan Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, təhlükəsizlik dünya ictimaiyyətinin nümayəndələrinin bir araya gəlməsində, dialoq və əməkdaşlığın inkişafında müstəsna rola malikdir. Azərbaycanın həm də geosiyasi vəziyyəti faktorlar sırasındadır.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa bu gün müxtəlif məzmunlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüş Türk dövlətlərinin birliyinin, onların sülhə və ədalətə sadiqliyinin bariz təzahürüdür. Bütün Türk dünyasının mədəniyyət beşiyi qədim Şuşa şəhəri rəmzi məna daşıyır. Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmişdi. ICESCO tərəfindən isə 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan olundu. Tarixi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalandı.

Bu günlərdə isə türk dövlətlərinin liderləri Şuşaya toplaşdılar. Bildiyimiz kimi, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini Türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi təşkil edir. Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi məhz Azərbaycanın təşəbbüsüdür. Türk dövlətlərinin vahid platformada birləşməsi bu ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafına Azərbaycan xüsusi önəm verir.

Türk dövlətlərinin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərdiyi bir zamanda türk dövlətlərinin liderlərinin bir araya gəlməsi və cari ilin 6 iyul tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi türk dövlətləri arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsində mühüm rola malikdir. Türk Dövlətləri Təşkilatı ilə sıx əməkdaşlığa malik Azərbaycanla dövlətlər arasında səmərəli, etibarlı siyasi dialoq qurulub, bütün sahələrdə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər reallaşdırılır. "Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər" – deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir.

Bu gün Türk dövlətləri arasında əməkdaşlıq daha güclənib və müasir dövrün çağırışlarına cavab verir. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi və Qarabağ Bəyannaməsinin imzalanması gələcək üçün bir yol xəritəsidir. Azərbaycanın Türk dünyası ölkələri ilə əlaqələri yüksələn xətlə inkişaf edir, əməkdaşlığı isə genişlənərək demək olar bütün sahələri əhatə edir. XXI əsrin türk dünyasının inkişaf və tərəqqi dövrünə çevrilməsi istiqamətində ardıcıl işlər görülür. TDT - nin siyasi, iqtisadi, mədəni sahələrdə, təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə fəaliyyət göstərməsi günün tələbidir. Tərəflər bir-biri ilə siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığa üstünlük verirlər.

Şuşada keçirilən Zirvə görüşünün iştirakçıları birlik və əməkdaşlığın vacibliyini qeyd edərək, TDT-nin etibar edilən və dinlənilən güclü struktura çevrilməsinin tərəfdarı olduqlarını bir daha bəyan etdilər. Türk ailəsi ideyası ətrafında birləşməyin zəruriliyi diqqətə çəkildi. Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi Zirvə toplantısının yekunları üzrə qəbul edilən Qarabağ Bəyannaməsi türk dövlətləri arasında gələcək əməkdaşlığın xəritəsini yaratmış oldu. Bu Bəyannamənin bəndləri TDT-nin gələcək zirvə görüşlərində nəzərə alınacaq və əsas götürüləcək. Bəyannamədə qeyd olunduğu kimi, Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu hesab edir. Türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli transregional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsinin vacibliyi Bəyannamədə vurğulanır.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında diqqət çəkdiyi məsələlər türk dövlətlərinin birliyinin daha da güclənməsinə yönəldilib. "Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir. Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb", - deyə Prezident bildirib. Vurğulamaq yerinə düşər ki, Azərbaycanın iqtisadi inkişafı regionda həyata keçirilən transmilli layihələrin uğurla reallaşmasına gətirib çıxarıb. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri Xəzər neftini və qazını dünya bazarlarına çıxarır. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir. Bütün bu və ya digər layihələr qədim İpək Yolunun bərpası və türk əməkdaşlığı çərçivəsində ticarət və sərmayə əməkdaşlığının gələcək inkişafı məqsədi ilə həyata keçirilib. Dövlət başçımızın qeyd etdiyi kimi, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir.

Hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir və gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Cənab Prezident çıxışı zamanı Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcəyini bildirib. Prezident İlham Əliyev Türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına böyük və davamlı töhfə verərək, TDT-nin vahid ruhunun gücləndirilməsində qətiyyətli liderlik nümayiş etdirir.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Digər xəbərlər