Siyasət

  • 851

Uğurlu xarici siyasətin növbəti nümunəsi - MƏQALƏ

image

Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısına dəvət olunması dövlətimizin başçısının beynəlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir. Məlumdur ki, “Avropa Siyasi Birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.Prezident İlham Əliyevin yalnız bu ay üçün gündəliyinə nəzər yetirmək kifayət edir ki, dövlətimizin başçısının xarici siyasətdə ardıcıllıq və bütövlük nümayiş etdirməsini təsəvvür edək. Prezidentin Astana səfəri, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirdiyi görüşlər, Çinlə imzalanan strateji tərəfdaşlıq sazişi, Astanada Rusiya Prezidenti ilə görüşü, Azərbaycan-Türkiyə-Pakistan formatında əməkdaşlıq, BRICS-lə münasibətlərin güclənməsi, bunun ardınca isə Böyük Britaniyaya səfər, bu platformada Azərbaycanın iştirakı dövlətimizin başçısının yürütdüyü xarici siyasətin uğurlu və çoxşaxəli olduğundan xəbər verir.Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri zamanı bir sıra ölkələrin liderləri ilə keçirdiyi görüşlər, aparılan müzakirələr bir daha təsdiqləyir ki, dövlətimizin beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənməkdədir. Məlumdur ki, Azərbaycan müxtəlif beynəlxalq platformalarda fəal iştirak edir. Avropa Siyasi Birliyi də məhz belə platformalardan biridir. Məhz uğurlu xarici siyasətimizin nəticəsidir ki, Avropa ölkələri Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir.Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı ölkəmizin enerji siyasəti barədə fikirlərini səsləndirib. Cənab Prezidentin qeyd etdiyi kimi, enerji sahəsində Bakıda müəyyənləşdirilən strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. 2021-ci ildə Azərbaycanın Avropa qitəsinə qaz təchizatı ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. Nəzərə almaq lazımdır ki, ixracın yarıdan çoxu Avropa ölkələrini əhatə edir. Azərbaycanın təbii qazı səkkiz ölkəyə ixrac olunur. Bu ölkələr Türkiyə, Gürcüstan, Serbiya, Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniyadır. Həmin ölkələrdən beşi Avropa İttifaqının üzvüdür. Həmçinin, Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb. Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir. Burada əsas məqamlardan biri Avropa ölkələrinin Azərbaycandan “mavi yanacaq” və “yaşıl enerji” idxal etmək imkanlarının geniş olmasından ibarətdir. Bu gün dünyada gedən siyasi-iqtisadi proseslər yeni çağırışları aktuallaşdırır. Bu çağırışların əsasında isə əməkdaşlıq və yeni enerji layihələri dayanır. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Bütün bunlara paralel olaraq Azərbaycan alternativ enerji siyasətini gücləndirir, “Yaşıl enerji”yə böyük önəm verir.Təəssüf ki, Ermənistan Avropa Siyasi Birliyinin sammiti çərçivəsində irəli sürülən sülh təşəbbüslərinə adekvat cavab verməyib. Böyük Britaniyanın təşəbbüsü ilə hazırlanan Azərbaycan və Ermənistan liderlərinin görüşünün baş tutmaması bir daha rəsmi İrəvanın danlşıqlar prosesindən qaçmasının və riyakarlığının göstəricisidir. Rəsmi İrəvan tez-tez sülh gündəliyindən danışsa da, real mənzərə bunun əksini göstərir. Bu görüş imkanının pozulması da gerçəkliyi sübut edir. Digər tərəfdən, Ermənistanın bu addımı həm də Böyük Britaniyaya qarşı hörmətsizlik və diplomatik etiketdən tamamilə uzaqdır. Məlumdur ki, sammit çərçivəsində Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüşüb. Yəqin ki, Paşinyan görüşdən imtina etmək tapşırığını Makrondan alıb. Əlbəttə, Fransanın Cənubi Qafqazda öz maraqları var və Ermənistan Parisdən gələn tapşırıqları yerinə yetirir. Ermənistanın Parisin oyunlarına alət olması rəsmi İrəvan üçün yalnız problemlər yaradacaq.

Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Digər xəbərlər