PDF Oxu

Siyasət

  • 1 144

"Bu qələbəni türk milləti qanı və canı ilə döyüş meydanında özü qazanıb" - ŞƏRH EDİLDİ

image

"Son iki əsrdə türk millətlərinin və əzilən dünya xalqlarının həyatına iki nəhəng hadisə təsir edib, yollarına işıq tutub. Bunlardan birincisi, XX əsrdə Mustafa Kamal Paşanın rəhbərliyi altında türk millətinin istiqlal savaşında işğalçı dövlətlər üzərində qələbə qazanaraq Türkiyə Cümhuriyyətini qurmasıdır. O zaman Türkiyə Cümhuriyyəti türk dünyasının tək müstəqil dövləti idi. İkinci nəhəng hadisə isə XXI əsrdə cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirləri nəticəsində təcavüzkarın məğlub edilərək ərazilərimizdən qovulub çıxarılması, diz üstə çökdürülməsi, separatçılığın kökünün kəsilməsi və dövlət suverenliyinin bütün ölkəmizin ərazisində tam bərqərar edilməsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.Onun sözlərinə görə, indi türk dünyasının tək bir müstəqil dövləti deyil, bir neçə müstəqil dövləti və Türk Dövlətləri Təşkilatı var: "Bütün türk tarixinin və son iki əsrdə türk dünyasının keçdiyi yolun başlıca yekunu bundan ibarətdir. Alınacaq başlıca dərs isə odur ki, türk döyüşdə məğlub ola bilər, amma onu boyun əydirmək olmaz. Məğlubiyyətlə barışmayan türkün güc toplayıb qələbə qazanacağı şəksizdir. Türklə icazə vermədiyi zarafatı etmək olmaz. Bəzi tarixi faktları xatırlamağı faydalı hesab edirəm. Mustafa Kamal Paşa TBMM-in qapalı iclasındakı nitqində deyirdi ki, düşmən şərtlərimizi qəbul edib könüllü şəkildə torpaqlarımızdan çıxıb getməsə, qələbə qılıncla qazanılacaqdır. Hakimiyyətə gəldiyi ilk gündən cənab Prezidentimiz İlham Əliyev də dedi ki, səbrimiz sonsuz deyildir, düşmən ərazilərimizdən çıxmasa, bütün vasitələrdən istifadə edərək torpaqlarımızı işğaldan azad edəcəyik. İstiqlal savaşı illərində türk mətbuatı yazırdı ki, Anadoluda öz ata-babalarının məzarlarını düşmənin çirkli ayaqlarından qorumağa və ölməyə hazır olmayan insan yoxdur.Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrindən bir nəfər fərarinin olmaması müqəddəs Vətən torpağı uğrunda minlərlə insanın şəhidlik məqamına ucalmağa hazır olduğunu göstərdi. Uzun illər boyu bəzi ölkələrdə siyasi maraqlar naminə yazılan kitablarda türk millətinin istiqlal savaşında qələbə qazanmasında başlıca rolu guya sovet Rusiyasının yardımlarının oynadığına dair tezis hakim olub. İstiqlal savaşında Türkiyəyə edilən yardımlara dair rəsmi qərarlar, faktlar işlədiyim Azərbaycan, Rusiya, Gürcüstan və b. ölkələrin arxivlərində saxlanılır. Doğrudan da yardımlar edilib, lakin bütün yardımlar ikinci dərəcəli rol oynayıb. Mustafa Kamal Paşa yardımları qəbul edib, lakin heç bir xarici ölkənin hərbçisinin ayağının Anadolu torpağına dəyməsinə icazə verməyib. Qələbəni türk milləti qanı və canı ilə döyüş meydanında özü qazanıb. 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində də qardaş Türkiyə və digər bəzi dövlətlər Azərbaycana siyasi, diplomatik, mənəvi yardımlar etsələr də, qələbəni Azərbaycan milləti döyüş meydanında qanı və canı bahasına qazandı.Qazanılan qələbələrin hər ikisi Azərbaycan və Türkiyə qardaşlığının, türk dünyası tarixinin parlaq səhifələrindən biri olmaqla gələcək nəsillərə də bir örnəkdir. Kökləri minilliklərə gedən birliyimiz, bərabərliyimiz, qardaşlığımız əbədi və möhkəm olsun. Müstəqil türk dövlətlərinin sayı daha da artsın".

Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər