Siyasət

  • 410

Azərbaycanın dünyada artan beynəlxalq nüfuzu ŞƏRH

image

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaradıb. Böyük güc və nüfuza malik Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi ziddiyyətlərlə dolu olan bir dünyada daha da möhkəmlənib. Əlbəttə ki, Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Dünya ölkələri və beynəlxalq təşkilatlarla ölkəmizin münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, Azərbaycan mühüm tərəfdaş kimi qəbul olunur. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təsisatların Azərbaycanla sıx əməkdaşlıq əlaqələri dövlətimizə etimadın, inamın ifadəsi kimi dəyərləndirilir. Qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya və digər sahələrdə yüksək səviyyəli münasibətlər, reallaşan layihələr qarşılıqlı əməkdaşlıqda öz sözünü deyir. Regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması müasir dövrün çağırışlarının ifadəsidir. İkitərəfli və çoxtərəfli münasibətlər təkcə cari ilin iyul ayı ərizində dövlət başçımızın bir sıra dövlətlərə səfərləri və beynəlxalq tədbirlərdə çıxışları ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolu və nüfuzunun aydın göstəricilərindədir. Prezidentin Astana səfəri, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirdiyi görüşlər, Çinlə imzalanan strateji tərəfdaşlıq sazişi, Astanada Rusiya Prezidenti ilə görüşü, Azərbaycan-Türkiyə-Pakistan formatında əməkdaşlıq və s. uğurlu və çoxşaxəli xarici siyasətin təzahürüdür.

Ölkəmizin regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi mühüm və genişmiqyaslı layihələrin reallaşmasında əsas amillər sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 18-də Oksfordda "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxışı və oradan səsləndirdiyi fikirlər Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal üzvü olmaqla, öz təbii sərvətlərinin sahibi kimi əməkdaşlıq əlaqələrini dövlət maraqları əsasında reallaşdırdığını bir daha nümayiş etdirdi. Söz və əmələ əsaslanan fəaliyyət nəticəsində strateji hədəflər müəyyənləşdirilib. Bu gün Azərbaycanın özünün enerji ehtiyatlarından çox səmərəli istifadə edərək milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin iştirakçısı olması fikirlərimizi əsaslandırır.

"Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq", - deyən Prezident bildirib ki, bu, bizim hədəfimizdir: "Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq. Çünki bizim İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu, sadəcə, qazımıza olan tələbatın bir nümunəsidir. Digər bir məqam isə qazıntı yanacağı və onun müəyyən demonizasiyası ilə bağlıdır".

Ölkəmizin enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində, enerji ehtiyatlarının ixracında dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Azərbaycanın müasir dünyada enerji layihələrinin etibarlı təchizatçı olması son illərdə görülən işlərdə özünü büruzə verir. "20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və qonşularımızla birlikdə onu istismara verdik" - deyə Prezident bildirib. Dünyanın bəzi ölkələrində Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir. Cənab Prezident bildirdiyi kimi üç ildən artıqdır ki, Azərbaycan mühüm qaz təchizatçısına çevrilib. "Bizim qaz kəmərimiz - Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib. Sözsüz ki, müqavilələr bundan əvvəl imzalanmışdı və biz avropalı tərəfdaşlarımızı dərhal təchiz etməyə başladıq. Bundan əvvəl bizim tərəfdaşlarımız yalnız Gürcüstan və Türkiyə idi. Beləliklə, qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi - Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq"- deyə iştirakçıların diqqətinə çatdırıb. Statistik rəqəmlər və realığa əsaslanan fikirlər ölkəmizin strateji əhəmiyyətə malik olduğunu bir daha göstərir. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edən bir dövlət olaraq bir çox ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinin təmin olunmasında fəal rol oynayır. Enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır və Azərbaycan zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadəsi ilə dünyada enerji təhlükəsizliyinin təmin edilməsində rolu gündən-günə artır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və dinamik xarici siyasət nəticəsində beynəlxalq aləmdə güclü iqtisadiyyata, müstəqil siyasətə malik Azərbaycan neft, qaz, elektirik enerjisi, neft – kimya məhsullarını dünyaya ixrac edir. Dünyada sülhsevər ölkə kimi tanınan müstəqil Azərbaycanın yürütdüyü xarici siyasəti nəticəsində beynəlxalq aləmdə tərəfdaşlarının sayı çoxalır.

İlkin ABBASOV,

Yeni Azərbaycan Partiyası Qax rayon təşkılatının sədr müavini