PDF Oxu

Siyasət

  • 3 904

Prezident İlham Əliyevin milli iqtisadiyyatda yeni innovasiyaların inkişafında rolu ŞƏRH

image

Məşhur ingilis sosioloqu O. Toffler qeyd edirdi: “Müxtəlif cəmiyyətlər eyni yolla hərəkət etmirlər. Əslində çoxlu sayda şaxələnmələr var və vahid bir xətt yoxdur. Cəmiyyətlər müxtəlif yollardan istifadə etməklə inkişafın müəyyən səviyyəsini əldə bilərlər”. Göründüyü kimi, inkişaf prizmasından eyniyyətin yoxluğu, qlobal miqyasda baş verən hadisə və proseslərin mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq milli spesifikanın əlahiddə rol oynadığını ortalığa qoyur. Bu aspektdən “milli iqtisadiyyat” anlayışının nəzəri dərki ayrıca götürülmüş hər bir ölkənin mövcudluq şərtlərinin və inkişaf strategiyasının formalaşdırılmasının fundamental əsası kimi çıxış edir. Əvvəlcə onu qeyd etməliyik ki, siyasət və iqtisadiyyat bir-birilə ayrılmaz ikilidirlər. Siyasət və iqtisadiyyatın qarşılıqlı əlaqəsinə dair elmdə çoxlu sayda konsepsiyalar var. Bunlardan ən məşhuru XX əsrin ən böyük iqtisadçılarından biri olan Con Meynard Keynsin adı ilə bağlı olan relyativist konsepsiyadır. Keyns qeyd edirdi ki, səmərəli dövlət siyasəti iqtisadiyyat qarşısında böyük perspektivlər açır. O, sanki siyasətlə iqtisadiyyat arasındakı əlaqəni uçan quşun qoşa qanadlarına bənzədir. Məlumdur ki, qanadlardan biri işləməzsə həmin canlının uçmağından söhbət gedə bilməz. Onu da qeyd edək ki, milli iqtisadiyyat adından göründüyü kimi, hər bir cəmiyyətə məxsus olan xalqın dəyərlərinə, prinsiplərinə, bölgülərinə uyğun şəkildə hazırlanan iqtisadiyyatı özündə cəmləşdirir. Milli iqtisadiyyat məntiqi-metodoloji baxımdan məlum fəlsəfi üçlük vasitəsilə müəyyənləşdirmək olar: təkcə, xüsusi və ümumi. Burada biz təkcə, ayrıcadan başlayaraq ölkənin mikroiqtisadiyyatının inkişafı barəsində təhlilimizi başlamalıyıq. Məlumdur ki, insanlar hər şeydən əvvəl həyat səviyyələrinin yüksək olmasını istəyirlər. Məhz Prezident İlham Əliyevin daxili, ölkə daxilində həyata keçirdiyi siyasət nəticəsində davamlı və dayanıqlı iqtisadiyyatın inkişafa nail olunmasına, minimum əmək haqlarının, pensiyaların müntəzəm olaraq artırılmasına, işsizliyin aradan qaldırılmasına, aztəminatlı, veteran, şəhid və qazi ailələrinə yüksək səviyyədə diqqətin ayrılmasına nail olunmuşdur. Digər tərəfdən 44 günlük II Qarabağ müharibəsinin qələbəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasına, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının təsdiq edilməsi və uğurlu icrası, işğaldan azad edilmiş ərazilərin sürətlə ən yeni texnologiyalar ilə “Ağıllı şəhər”, “Ağıllı kənd” layihəsi əsasında yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması, yaşayış məntəqələrinin qurulması, əhalinin sosial müdafisəsinin daha da yaxşılaşdırılması, postkonflikt quruculuğu modelinin tətbiqi inzibati ərazi bölgüsünün yenidən formalaşdırılmasından başlayaraq azad bazar anlayışını özündə əks etdirən xüsusi iqtisadi zonaların yaradılması ölkədaxili inkişafa təkan verir və verəcəkdir. Daha sonra deməliyik ki, mikroiqtisadiyyatın inkişafına təkan verən amillərdən biri də azərbaycançılıq ideologiyasının yüksək səviyyədə təbliği mühüm rol oynayır. Çünki Azərbaycan dövləti qayıdışın “milli modeli”ni, “milli ideologiyası”nı yaratmışdır. Çox qısa müddət ərzində vətəndaşların təhlükəsiz və ləyaqətli formada Qarabağa qayıdışı prosesi dövlət tərəfindən həyata keçirilir. Bu günə qədər vətəndaşlarımızın qayıtdığı bölgə və kəndlərdə yaşayış üçün lazımlı olan bütün infrastruktur maksimum şəkildə təmin edilib, qayıdış baş verən bölgələrdə vətəndaşlara onların həyatlarını yaxşı formada davam etdirəcək iş yerləri və yaşayış şəraiti yaradılıb. Beləliklə, Qarabağı dövlət dirçəldir, vətəndaş azərbaycançılıq şüuru ilə öz yurd-yuvasına böyük şövqlə dönərək öz dədə-baba torpaqlarında yaşayıb-yaradıb, daxili inkişafa təkan verməyə dəstək olurlar.

Mikroiqtisadiyyatın inkişafı makroiqtisadiyyata birbaşa təsir göstərir. Bildiyimiz kimi, makroiqtisadiyyatın əsasında mikroiqtisadi sabitlik dayanır. Məhz makroiqtisadi sabitlik ölkə iqtisadiyyatının daxili inkişafdan qaynaqlanaraq dövləti region səviyyədə siyasət yürüdülməsinə təkan verir. Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlər nəticəsində Azərbaycan artıq region səviyyədə nüfuzunu artırmış və artıracaqdır. Belə ki, 24 noyabr 2023-cü il Bakıda BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi proqramının- SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökümət başçılarının Zirvə görüşünün keçirilməsi (onu da qeyd edək ki, məhz Azərbaycanın təşəbbüskarlığı ilə 25 il ərzində SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilirdi) və bu görüşdə Prezident İlham Əliyevin “ölkələrimizi birləşdirən əsas amil siyasi sabitlik olmalıdır” “sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz” fikri regional səviyyədə verdiyi mesajdır. Prezident İlham Əliyevin 9 noyabr 2023-cü il Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında qeyd etdiyi fikirlər və eyni zamanda Türkmənistan, Qazaxıstan və s. digər türkdilli dövlətlərin liderləri ilə görüşləri, nəqliyyat-logistika infrastrukturunun inkişafı, nəqliyyat sektorunda əməkdaşlıq məsələləri və bu qəbildən olan işlər artıq regionda aparılan siyasi və iqtisadi dövlət siyasətinə çevrilmişdir. Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi, regionlaşma artıq dünya reallığıdır və eləcə də bu cür əməkdaşlıqlar türk dünyasının güclənməsi, birləşməsi Türk Dövlətləri Təşkilatının dünya miqyasında böyük bir mərkəzə çevrilməsinə səbəb olur və olacaqdır. Türk dünyasında dostluq-qardaşlıq münasibətlərinin dərinləşdirilməsi iqtisadi əməkdaşlığın inkişafı üçün nümunə təşkil edir. Türk dövlətlərinin iqtisadi resurslarının bir araya gətirilməsi, türk dünyasında əməkdaşlığın inkişafı baxımından nə qədər əhəmiyyət daşıyırsa, eləcə də gələcək də türk dünyasının qlobal siyasi arenada oynayacağı rolun artması baxımından eyni əhəmiyyət daşıyır. Prezident İlham Əliyev ardıcıl olaraq türk dövlətlərinin əməkdaşlığına xidmət edən siyasi-diplomatik addımlar atır.

Digər tərəfdən, biz təkcə daxili və region əlaqələrini, daxili tənzimləmələri nəzərdə tutmamalıyıq. Çünki mikro və makroiqtisadi inkişafı cari vəziyyətdə müvafiq geoiqtisadi reallıqların çərçivəsində formalaşır. Bugünkü Azərbaycanın milli iqtisadiyyatı qlobal meyllərin və tendensiyaların izlənilməsi sayəsində ölkə iqtisadiyyatını regional və qlobal dəyər zəncirində pay sahibi olmağa gətirib çıxarır. Məhz Prezident İlham Əliyevin milli iqtisadiyyatla bağlı həyata keçirdiyi siyasətə nəzər yetirəndə əvvəl dediklərimizi ümumiləşdirərək belə qənaətə gəlirik ki, daxili sabit iqtisadi proseslərin inkişaf etdirilməsi, tənzim olunması və bunun əsasında regional proseslərə təsir, mikroinkişaf makroinkişafa, bu isə öz növbəsində meqainkişafa doğru irəliləmək-dünya arenasında, beynəlxalq iqtisadiyyatda dövlətin nüfuzunu, gücünü tanıtmaq siyasətini özündə ehtiva edir. Çünki iqtisadi əlaqələr beynəlxalq əməkdaşlığa yol açmasında mühüm vasitədir. Bunu biz dövlətlərin ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığında, xarici investorların fəallığında, xarici ticarət tərəfdaşlarının sayının artmasında dəqiq görə bilərik. Məhz bu Azərbaycanın dünya miqyasında sabit iqtisadiyyata malik dövlət kimi tanınması, beynəlxalq birliyin etibarlı tərəfdaş olması nəticəsindədir. Belə ki, Prezident İlham Əliyevin meqasəviyyədə fəaliyyəti Çin, Pakistan, Mərkəzi Asiya, Qafqaz, Yaxın Şərq, Balkanlar və Avropa Birliyi geosiyasi məkanlarını əhatə edir. Burada biz Avropaya qaz tədarükü artırılması istiqamətində Avropa Enerji Komissiyası ilə Cənubi Qaz Dəhlizi üzrə Məşvərət Şuralarının keçirilməsi, Macarıstan, İtaliya, Bolqarıstan, Yunanıstana Azərbaycan qazının tədarükü, Türkiyə ilə Trans-Balkan boru kəmərindən istifadə etmək razılığına gəlinməsi, BƏƏ-ni təmsiledən ADNOC şirkəti ilə, Ümumdünya Ticarət təşkilatı ilə, BƏƏ Sənaye və Qabaqcıl Texnogiyalar Nazirliyi ilə, Alternativ investisiyaların idarəedilməsi üzrə Avropanın ən böyük nüfuzlu şirkəti olan CVC Capital Partners şirkəti ilə beynəlxalq səviyyədə əməkdaşlıq razılığına gəlinməsini nümunə kimi göstərə bilərik. Digər tərəfdən, artıq Azərbaycan yerləşdiyi regionu deyil, bəşəriyyəti düşündürən problemlərin həllinə həsr olunmuş beynəlxalq tədbirə ev sahibliyinə hazırlaşır. Belə ki, noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərcivə Konvensiyasının COP 29-cu sessiyasının ölkəmizdə keçirilməsi meqasəviyyədə görüləcək işlərə daxildir. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və eləcə də yaşıl enerjiyə keçid prosesində bərpa olunan enerji layihələri yüksək göstəricilər nümayiş etdirməsi təqdirəlayiq işlərdir. Hal-hazırda Günəş elektrik stansiyasiyalarının gücü 230 meqavatdır, bu istiqamətdə 2030-cu ilədək 5 qiqavata qədər günəş və külək enerjisi istehsal etməyə planlaşdırılır, daha sonra Qara dəniz Yaşıl Kabel layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağa nəzərdə tutulur.

Bütün deyilənləri yekunlaşdıraraq qeyd edilməlidir ki, güclü iqtisadi potensiala malik olan Azərbaycan öz iqtisadi iqtisadi və siyasi xəttini səmərəli halda və ardıcıllıqla yeridir, işğal olunmuş torpaqlarını azad edərək güclü və tam müstəqil dövlətə çevrilib. Qədim yunan filosofu Demosfen vurğulayırdı ki, “hər cür fəzilətin başlanğıcı ölçüb-biçib düşünməksə, son məqsəd alınmış qərarların həyata keçirib sabitlik əldə etməkdən ibarətdir”. Məhz bu aforizmdən çıxış edərək qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin düşünülmüş, ölçüb-biçilmiş qərarları və bu qərarların həyata keçirilməsi nəinki ölkəmizdə sabitliyə, inkişafa təkan verir, eləcə də regionda mühüm həlledici rol oynayır.

Vüsalə Gülmalıyeva

YAP üzvü, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Etika şöbəsinin elmi işçisi

Digər xəbərlər