Siyasət

  • 1 122

Tarixi Zəfərimizin əsas formulu: Xalq-iqtidar-ordu birliyi

image

“44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan qəsəbəsini, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etməyə nail olub. İmzalanan üçtərəfli Bəyanata uyğun olaraq sonrakı mərhələdə Ağdam, Laçın və Kəlbəcər şəhərləri bir güllə atılmadan Azərbaycana təhvil verilib. Ancaq müharibə başa çatsa da, məğlub Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınaraq müxtəlif manipulyasiyalara əl atdı. Bəhs olunan sənəddə Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri Azərbaycan ərazilərindəki hərbi birləşmələrini və texnikasını geri çəkməklə bağlı idi. 44 günlük müharibədən sonrakı 3 il ərzində bu öhdəlik yerinə yetirilmədi”.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Ermənistan ordusunun hərbi birləşmələri Azərbaycan ərazilərində separatçılıq əməllərini davam etirir, tez-tez təxribatlara əl atırdılar. İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz bununla bağlı dəfələrlə narahatlığını bildirərək Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına müraciət edib. Azərbaycan Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, qarşı tərəf hər dəfə danışıqlardan boyun qaçırır, hətta suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılsa da, danışıqlar böhran və baş verən silahlı toqquşmalarla müşayiət olundu. Müharibədən sonra ən qanlı toqquşma isə 2022-ci ilin sentyabr ayında şərti sərhədlərdə törədildi. Eyni zamanda, mina terroru da davam edirdi. Ermənistandan Laçın-Xankəndi yolu ilə separatçılara çoxlu sayda minalar göndərilirdi. Burada 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə edildiyi təkzibolunmaz faktlarla təsdiqlənib.
Pərvin Kərimzadə qeyd edib ki, separatçıların Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarını davam etdirməsi də narahatlıq doğurmaya bilməzdi. Həmin fəaliyyətlər nəticəsində sərvətlərimiz talanır, ekologiyaya ciddi ziyan vurulurdu. Bununla əlaqədar olaraq Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri və ekofəallar 2022-ci il dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunda etiraz aksiyasına başladılar. Onlar separatçıların qanunsuz fəaliyyətlərinə, ərazilərimizə minalar və digər silah-sursat daşımasına son qoyulmasını tələb edirdilər. 2023-cü il aprelin 23-də Azərbaycan qətiyyətli addım ataraq Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Yeni vəziyyətdə ermənilər növbəti manipulyasiyalara əl atdılar.
Deputatın sözlərinə görə, Azərbaycan Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Prezident İlham Əliyev müxtəlif auditoriyalarda birmənalı şəkildə vurğulayırdı ki, erməni əsilli vətəndaşlara da hər cür təminatlar veriləcək və onların təhlükəsizliyi təmin olunacaq. Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər reinteqrasiya prosesinə qoşulmalı və daha yaxşı yaşamaq üçün Azərbaycan vətəndaşlığını qəbul etməli idilər. Ermənilərə Bakıda görüşmək və reinteqrasiya prosesini müzakirə etmək təklifləri təqdim olunmuşdu. Bütün bunlar dövlətimizin və cəmiyyətimizin niyyətini ifadə edirdi. Amma özlərini separatçıların liderləri adlandıranlar tez-tez Ermənistandan, Fransadan təlimatlar almağa gedir və absurd iddialar səsləndirirdilər. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb təxribatlar törətməklə məşğul idilər. Separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.
P.Kərimzadə bildirib ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı dəstələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror aktları törətdilər. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Lokal xarakterli antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Antiterror tədbirləri zamanı mülki şəxslər və obyktlər heç bir zərər görmədi, əməliyyat zamanı humanitar qaydalara tam əməl olundu. Sentyabrın 28-də Qarabağdakı separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzalayıb və beləliklə, ərazilərimizdə separatizmə birdəfəlik son qoyulub.
“44 günlük Vətən müharibəsində olduğu kimi, antiterror əməliyyatları nəticəsində ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiklərini bəyan etdilər. Bu barədə 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olundu. Azərbaycanın siyasi partiyaları cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiklərini, onun ətrafında sıx birləşdiklərini bəyan etmişdilər.
Azərbaycanın Zəfər tarixi ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə yekunlaşdı. Bu gün Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran və digər işğaldan azad edilmiş rayonlarda üçrəngli dövlət bayrağımız qürurla dalğalanır. Beləliklə, Prezident İlham Əliyevin Liderliyi ilə Azərbaycan yeni şanlı tarix yazdı”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Digər xəbərlər