PDF Oxu

Siyasət

  • 612

Azərbaycanın hər bir uğurunda YAP-ın payı və rolu var - TƏHLİL

image

Azərbaycanda müasir dövrün tələblərinə, yeniliklərinə uyğun olaraq fəaliyyət göstərən yeganə siyasi partiya Yeni Azərbaycan Partiyasıdır. YAP yarandığı gündən sağlam, xalqın maraqlarına, dövlətin mənafeynə uyğun fəaliyyət göstərib. Bu baxımdan da xalqın inam və etimadını qazanıb. Ölkəmizdə keçirilən bütün seçkilərdə YAP-ın xalqın böyük dəstəyini qazanması möhkəm təmələ əsaslanan siyasətə, xalq-iqtidar birliyinin möhkəmliyinə əsaslanır. Tarixə qısa nəzər salsaq, məlum olar ki, Yeni Azərbaycan Partiyası 1993-cü ildən bu günə qədər keçirilən prezident, parlament, bələdiyyə seçkilərində uğur qazanmasını əsas səbəbi xalqın Ulu Öndər Heydər Əliyev siyasətinə bağlı olması, Prezident İlham Əliyevin xeyirli, gərəkli fəaliyyətinə yüksək qiymət verməsidir. Haqlı olaraq Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın xilaskarı Ulu Öndərimiz Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” deyə bildirmişdir.

YAP tarixi uğurlarını yeni dövrə uyğun davam etdirir

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bildirir ki, əməlimiz, işlərimiz, verilən sözlərə sadiqliyimiz Yeni Azərbaycan Partiyasının nüfuzunu artırır, Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvəyə çevirir. Yaranandan cəmi 6 ay sonra iqtidar partiyasına çevrilən YAP dövlətə, xalqa xidmət missiyasını Azərbaycanın davamlı inkişafına, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına verdiyi töhfələri ilə nümayiş etdirir.

2020-ci il Vətən Müharibəsində qazanılan möhtəşəm hərbi qələbədən sonra regionda yaranan yeni reallıqlara uyğun olaraq YAP fəaliyyətini daha dinamik və mütərəqqi formalara əsaslanan siyasət üzərində qurur. 2021-ci il martın 5-də keçirilən YAP-ın VII Qurultaydan sonra YAP Mərkəzi Aparatının yeni strukturu formalaşdırılmış, həmçinin Nizamnamənin tələblərinə əsasən, respublikanın 84 rayon və şəhərini əhatə edən yerli təşkilat aparatlarının yenidən formalaşdırılması ilə əlaqədar sistemli tədbirlər həyata keçirilmişdir. Müsbət dəyişikliklər, həyata keçirilən yeniliklər partiyanın gücünün artmasına, beynəlxalq əlaqələrinin daha da genişlənməsinə təkan olub. Uğurlu siyasətin müsbət nəticəsi olaraq partiyaya axın daha da artmışdır. Sadəcə bir faktı qeyd etmək lazımdır ki, VII Qurultaydan ötən dövr ərzində 392 yeni ərazi partiya təşkilatı yaradılmışdır. 2021-ci ilin 5 mart tarixindən 2026-cı ilin 1 oktyabr tarixinədək partiya sıralarına 95 379 nəfər yeni üzv qəbul edilmişdir. Yeni qəbul olunanların 58 351 nəfərini (61,2%) qadınlar, 32 261 (33,8%) nəfərini isə 18–29 yaşlı gənclər təşkil etmişdir. YAP üzvlərinin uçot sistemində tam dəqiqliyin təmin edilməsi və məlumatlara nəzarətin gücləndirilməsi məqsədilə 2023-cü ilin mart ayından proqram təminatı hazırlanıb istifadəyə verilmişdir. 2026-cı ilin 1 oktyabr tarixinə 4953 ərazi partiya təşkilatı üzrə 769 811 nəfər partiya üzvü uçota alınmışdır ki, onların 398 568 nəfərini (51,8%) qadınlar, 43 379 nəfərini (5,6%) isə 18-29 yaşlı gənclər təşkil edir.

Ümumilikdə onu qeyd etmək olar ki, Yeni Azərbaycan Partiyası ötən 5 il ərzində böyük uğurlara, zəfərlərə imza atıb, nailiyyətlər əldə edib. Bunu partiyanın VIII Qurultayında aparılan müzakirələr və qəbul edilən qərarlar da təsdiq edir. Təbii ki, uzun illər yaddaşlardan silinməyəcək və yerli, eləcə də xarici medianın daim müzakirə edəcəyi çıxış Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər oldu. Prezident İlham Əliyev çıxışında nəinki Azərbaycanın, ümumilikdə regionun siyasi, ictimai, iqtisadi mənzərəsinə təsir edəcək aktual məsələlərə toxundu və problemlərin aradan qaldırılması üçün konkret yol göstərdi.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir: “Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var.Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII qurultayımız da o vaxt üçün yeni mühitdə keçirilmişdir. Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Halbuki bu, asan başa gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi. Ancaq bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”.

Bugünkü Qələbələrin başlanğıc tarixi YAP-ın təsis qurultayında qoyulub

Prezident İlham Əliyev bugünkü uğurların, qələbələrin başlanğıc tarixinin Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdiyini söylədi. Haqlı və əsaslı olaraq qeyd etdi ki, o vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmişdilər: “1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır. Bu, bir ictimai sifariş idi. Çünki o vaxt Azərbaycan artıq idarəolunmaz vəziyyətə düşmüşdü. Müstəqillik bərpa ediləndən sonra, hətta ona qədər biz böyük itkilərlə üzləşmişdik. Həm torpaq itkisi, eyni zamanda, ölkəmizdə gedən xoşagəlməz proseslər faktiki olaraq Azərbaycanı uğursuz dövlətə çevirirdi. Bir-birini əvəzləyən dırnaqarası liderlər faktiki olaraq iflic vəziyyətdə idi, öz vəzifə borclarını yerinə yetirə bilmirdilər və beləliklə, torpaqlarımız hissə-hissə işğal edilməyə başlamışdır. İlk növbədə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycanın nəzarəti tam itirilmişdir. Ondan sonra Şuşa və Laçın rayonları 1992-ci ilin may ayında işğal altına düşmüşdür və ondan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmişdi. Yəni birbaşa onların cinayətidir. Hakimiyyətə gəlmək üçün, ovaxtkı hakimiyyəti devirmək üçün məhz bu təxribata əl atdılar, faktiki olaraq torpağı Ermənistana təhvil verdilər və ondan sonra bizim itkilərimiz daha da böyüdü.1993-cü ilin aprelində Kəlbəcərin işğalı faktiki olaraq Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında böyük bir coğrafi əlaqə yaratmışdı. Beləliklə, Ermənistandan daha böyük həcmdə həm canlı qüvvə, həm silah-sursat, texnika gətirilirdi. Faktiki olaraq ölkəmizin Birinci Qarabağ müharibəsindəki məğlubiyyəti məhz o vaxt baş vermişdir.Əslində, Heydər Əliyevdən sonrakı dövrə nəzər saldıqda, - mən 1980-ci illəri nəzərdə tuturam, - hər kəs açıq-aydın görür ki, ondan sonrakı Azərbaycan rəhbərləri öz vəzifə borclarını dərk edə bilməmişdilər, zəiflik, qorxaqlıq, fərarilik göstərmişdilər. Təkcə onu demək kifayətdir ki, Heydər Əliyevdən sonra həm sovet dövründə, həm müstəqillik dövründə Azərbaycana rəhbərlik etmiş 4 rəhbərdən 3-ü Bakıdan qaçmışdır. Faktiki olaraq müharibə şəraitində olan, yaxud da ki, artıq erməni aqressiyasına düçar olan ölkəni, xalqı başlı-başına buraxıb Bakıdan qaçmışdılar - ikisi Moskvaya, biri Kələkiyə. Dördüncüsü isə, sadəcə olaraq, hələ Ermənistan–Azərbaycan münaqişəsi başlamadan sovet rəhbərliyi tərəfindən vəzifəsindən azad edilmişdir, yəqin ki, buna görə Bakıda qalmışdır. Bax bu, utancverici tarixdir. Məncə, biz bu tarixi heç vaxt silə bilmərik, bunu biz bilirik, gənc nəsil də bilməlidir. Kimlər Azərbaycanı idarə edib və xalqımız hansı fəlakətlərlə üzləşmişdi. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi. Çünki xalq çox yaxşı bilirdi ki, məhz Heydər Əliyev Politbürodan, sovet hakimiyyətindən uzaqlaşdırılandan sonra iki həftə keçməmiş - 1987-ci ilin noyabrında erməni millətçilər Qarabağı Ermənistana birləşdirmək üçün məsələ qaldırmışdılar. Bu təklif sovet rəhbərliyi və Bakı cəlladı Qorbaçov tərəfindən dəstəklənmişdir. Faktiki olaraq sovet rəhbərliyi o vaxt öz qərarını vermişdi. Azərbaycanda isə hakimiyyətdə oturan satqın rəhbərlər və bütövlükdə satqın rəhbərlik, sadəcə olaraq, onların əlində bir alət idi. Təsəvvür edin, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın. Heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın. Ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı və həmişə olduğu kimi müdriklik göstərmişdir, 1993-cü ilin oktyabr ayında Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ancaq o vaxta qədər artıq biz böyük itkilərlə üzləşmişdik - torpaq itkisi, iqtisadiyyat tamamilə çökmüşdür. Neftlə, qazla zəngin olan ölkədə qaz qıtlığı, elektrik enerjisi qıtlığı yaranmışdır. İnflyasiya 1000 faizdən çox idi, xəzinə boş idi. AXC–Müsavat cütlüyü Ermənistan torpaqlarımızı işğal edən zaman vətəndaş müharibəsini də başlamışdır, qardaş qanı tökmüşdür. Sonra da qorxaqcasına hərəsi bir yerə qaçaraq fərarilik etmişdilər. Bax, belə bir şəraitdə Azərbaycan xalqı öz taleyini öz liderinə əmanət etdi.Ondan sonrakı dövr də çox çətin idi və sınaqlarla dolu idi. Ancaq Heydər Əliyev kimi qətiyyətli, cəsarətli dahi şəxsiyyət bütün bunların qabağında dura bilmişdi və Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, Azərbaycanın parçalanmaqdan xilas edilməsində onun amili aparıcı rol oynamışdır. Həm separatçılıq, həm parçalanma təhlükələri, dövlət çevrilişinə iki cəhd, iqtisadi çətinliklər - bütün bunlar o vaxt reallıq idi”.

“Bütün o böyük dayılar bizə qarşı idi”

YAP-ın VIII Qurultayında Prezident İlham Əliyev qətiyyətli çıxışı ilə, son vaxtlar Azərbaycanı hədəfə alan və 44 günlük Vətən Müharibəsində qazanılan parlaq qələbəmizə kölgə salmağa çalışanları yerində oturdub, onları iflic vəziyyətinə salmış oldu. Prezident çıxışında onu da bildirdi ki, bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kimə qarşı müharibə aparmışıq. Ermənistanın arxasında onlar dayanmışdılar və bu gün də dayanırlar, hərə öz bildiyi formada. Ona görə biz həm Qələbəmizlə fəxr edirik, həm cəsarətimizlə fəxr edirik, iradəmizlə fəxr edirik, xalqımızla fəxr edirik, dövlətimizlə fəxr edirik. Ona görə bu da ideoloji təxribatlara qarşı ciddi bir maneədir. Əlbəttə ki, bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır. Xarici siyasəti biz elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər. Mən sizə tam məsuliyyətlə deyirəm, Ali Baş Komandan kimi, bütün bu məsələlərə rəhbərlik edən şəxs kimi. Bilirsiniz ki, 2003-cü ildən bu yana Azərbaycan nə qədər silahlanıb, həm yerli istehsalı yaradıb, həm xaricdən alıb. Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq. Ona görə bu, çox ciddi bir məsələdir”.

Prezident İlham Əliyev ölkəmizdə qazanılan sosial-iqtisadi uğurladan danışdı və bunun fonunda Azərbaycan xalqının rifahın daha da yaxşılaşamsına diqqəti yönəltdi. Bildirdi ki, iqtisadi sabitlik və maliyyə sabitliyi bu gün bizim çox ciddi uğur amilimizdir: “Baxmayaraq ki, böyük xərclər gedir, - hərbi məsələlərə, ordu quruculuğuna, sərhədlərin mühafizəsinə, Qarabağın bərpasına, - biz öz valyuta rezervlərimizi ildən-ilə artırırıq və artıq bizim valyuta ehtiyatlarımız 90 milyard dollara çatıb, xarici borcumuzdan təxminən 20 dəfə çoxdur. Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim.Yeni geosiyasi və iqtisadi reallıq ondan ibarətdir ki, bu gün bir çox ölkələr enerji resurslarını əvvəlki kimi əldə edə bilmirlər. Burada yenə də Azərbaycan nadir ölkələrdəndir ki, dünya miqyasında bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir – xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr. Bunların da istehsalı üçün əsas mənbə enerjidir.Bu gün xüsusilə neft məhsulları ilə bağlı yaşanan böhran əfsuslar olsun ki, yəqin daha da dərinləşəcək. Çünki bu böhranın iki mənbəyi var, biri bizim Şimalımızda, ikincisi isə Körfəz bölgələrində - Cənubda. Artıq ənənəvi təchizatçılar bəziləri daxili tələbatı ödəmək üçün məcburən ixracı dayandırırlar”.

Qarabağ Fatehi çıxışında əsas vəzifələr sırasında Qarabağın və Şərqi Zəngəzurun bərpası olduğunu söylədi: “Dünən mənə verilən son məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Biz bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayırmışıq. Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib, onların böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb və bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək.Vəzifələr, əlbəttə ki, mən bəhs etdiyimdən daha da çoxdur. Sadəcə olaraq vaxtınızı çox almaq istəmirəm. Mən bu gün əsas, yəni strateji əhəmiyyət daşıyan istiqamətləri dilə gətirdim, bu fikirləri sizinlə bölüşmək istədim. Əmin olduğumu bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının fəalları, bütün üzvləri bu tarixi vəzifələrin icrasında fəal iştirak edəcəklər”.

Göründüyü kimi, Cənubi Qafqazın ən güclü və lider partiyası olan YAP uğurları və qələbələri ilə yeni tarix yazır. Bu tarixi uğurlar davamlı və dönməzdir. Çünki xalq Azərbaycan dövlətinə böyük qələbələr bəxş edən Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiqdir. Eyni zamanda, xalq birmənalı şəkildə ölkə Prezidenti, YAP Sədri İlham Əliyevin daxili və xarici siyasətini bəyənir və dəstəkləyir.

İ.ƏLİYEV

Digər xəbərlər