“Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq”. Prezident İlham Əliyevin bu fikri Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin, milli maraqlarına sadiqliyinin və ədalətli dünya nizamına verdiyi önəmin aydın ifadəsidir. Müasir dövrdə beynəlxalq hüququn norma və prinsiplərinin bəzi hallarda fərqli yanaşmalarla tətbiq edilməsi dünya siyasətinin qarşısında duran ciddi problemlərdən biridir. Belə şəraitdə Azərbaycanın prinsipial mövqeyi dövlətlərin hüquq bərabərliyinin qorunması və ədalətin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.Azərbaycan uzun illər ərzində ikili standartların acı nəticələri ilə üzləşən ölkələrdən biri olub. Torpaqlarımızın işğal altında qaldığı dövrdə beynəlxalq hüququn norma və prinsiplərinin tam şəkildə həyata keçirilməməsi, qəbul edilən qərarların icrasının uzanması ədalətin bərpasına mane olan amillər sırasında idi. Halbuki beynəlxalq hüquq bütün dövlətlər üçün eyni meyarlarla tətbiq edilməli, ölkələrin ərazi bütövlüyü və suverenliyi siyasi maraqlardan asılı olmayaraq qorunmalıdır. Azərbaycanın bu məsələdə sərgilədiyi mövqe yalnız öz milli maraqlarının müdafiəsinə deyil, beynəlxalq münasibətlərdə vahid və ədalətli prinsiplərin üstün tutulmasına əsaslanır.Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz mövqeyini həm diplomatik müstəvidə, həm də beynəlxalq platformalarda ardıcıl şəkildə müdafiə edib. Ölkəmiz müxtəlif tərəfdaşlarla münasibətlərini qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və milli maraqların nəzərə alınması prinsipləri üzərində qurmağa çalışıb. Azərbaycanın müstəqil xarici siyasəti göstərir ki, dövlətlər beynəlxalq münasibətlərdə öz mövqelərini qorumaqla yanaşı, digər ölkələrin də hüquqlarına hörmət etməlidirlər. Heç bir dövlətin gücü və ya siyasi təsiri ona beynəlxalq hüququn tələblərindən kənara çıxmaq imkanı verməməlidir.
2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə Azərbaycanın suverenliyinin bütün ərazilərində bərpa edilməsi ölkəmizin uzun illər davam edən mübarizəsinin nəticəsi oldu. Bu hadisələr Azərbaycanın öz milli maraqlarını qorumaq əzmində olduğunu və beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyü prinsipinin əhəmiyyətini bir daha nümayiş etdirdi. Ölkəmiz bundan sonra da beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın təmin olunmasını, dövlətlərin suverenliyinə hörmət edilməsini və problemlərin beynəlxalq hüquq çərçivəsində həllini dəstəkləyir.İkili standartlara qarşı mübarizə yalnız siyasi bəyanatlarla məhdudlaşmamalıdır. Bu mübarizə beynəlxalq təşkilatların fəaliyyətində obyektivliyin qorunmasını, insan hüquqları məsələlərinə seçici yanaşmanın aradan qaldırılmasını və bütün dövlətlərə eyni meyarlarla münasibət göstərilməsini tələb edir. Əgər beynəlxalq hüquq yalnız müəyyən ölkələrin maraqlarına uyğun tətbiq olunarsa, qlobal sistemə olan etimad zəifləyər, dövlətlər arasında qarşılıqlı inamın formalaşması çətinləşər. Buna görə də Azərbaycanın səsləndirdiyi çağırışlar beynəlxalq əməkdaşlığın daha sağlam və etibarlı əsaslar üzərində qurulması baxımından aktualdır.Bu gün Azərbaycan regional və beynəlxalq məsələlərdə müstəqil mövqeyi, fəal diplomatiyası və əməkdaşlıq təşəbbüsləri ilə diqqət çəkir. Ölkəmiz həm regionda sabitliyin möhkəmləndirilməsinə, həm də müxtəlif dövlətlər arasında dialoqun inkişafına töhfə verməyə çalışır. Azərbaycanın yanaşması ondan ibarətdir ki, davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün qarşılıqlı hörmət, bərabərlik və ədalət əsas götürülməlidir. Bu prinsiplər qorunduğu halda beynəlxalq münasibətlərdə etimadın gücləndirilməsi və ortaq problemlərin həlli üçün daha geniş imkanlar yaranır.
Prezident İlham Əliyevin ikili standartlara qarşı mübarizə ilə bağlı mövqeyi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birini ifadə edir. Ölkəmiz bundan sonra da milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, beynəlxalq hüququn aliliyinin və ədalətli münasibətlərin təmin olunmasını dəstəkləyəcək. Çünki həqiqi beynəlxalq əməkdaşlıq ayrı-seçkilik və seçici yanaşma üzərində deyil, bütün dövlətlərin hüquqlarına bərabər hörmət prinsipi əsasında qurulmalıdır. Ədalətli dünya nizamına nail olmaq üçün ikili standartlara son qoyulması zəruridir və Azərbaycan bu istiqamətdə öz prinsipial mövqeyini davam etdirəcək.
Qənaət Əsgərov
YAP Kəlbəcər rayon təşkilatının sədr müavini