Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xaçmaz Rayon Komitəsinin sədri Yaşar Abbasov Xaçmaz təhsilində dərin iz qoymuş, minlərlə şagirdin sevimlisi olan fədakar pedaqoq, partiya veteranı Salamərc Xanbaba oğlu Teymurovu 85 illik yubileyi münasibətilə evində ziyarət ediblər.
Görüş zamanı Salamərc müəllimin uzunillik səmərəli pedaqoji fəaliyyəti və ictimai həyatdakı fəallığı yüksək qiymətləndirilib, ona səmimi ürək sözləri və xoş arzular çatdırılıb. Söhbət zamanı təhsil sahəsində qazanılan uğurlardan və veteran müəllimin keçdiyi şərəfli həyat yolundan bəhs edilib.
Daha sonra Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xaçmaz Rayon Komitəsi adından Salamərc Teymurova fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Göstərilən diqqət, qayğı və ehtirama görə dərin minnətdarlığını bildirən Salamərc müəllim ölkədə təhsilə, ziyalılara və veteranlara hər zaman yüksək dövlət səviyyəsində diqqət göstərildiyini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü və minnətdarlığını ifadə edib.