PDF Oxu

Siyasət

  • 1 269

Azərbaycançılıq: dövlətə bağlılıq, həmrəylik və ortaq gələcək naminə

Azərbaycançılıq: dövlətə bağlılıq, həmrəylik və ortaq gələcək naminə

Azərbaycançılıq ideyası Azərbaycan xalqının tarixi yaddaşından, milli-mənəvi dəyərlərindən, dilindən, mədəniyyətindən və dövlətçilik ənənələrindən qaynaqlanır. Bu ideyanın siyasi məzmun qazanması, sistemli milli ideologiya və dövlət təliminə çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zəmanəmizin dühası olan Heydər Əliyevin tarxi xidmətlərindən biri də ondan ibarətdir ki, o, azərbaycançılığı yalnız milli mənsubiyyət və etnik kimlik çərçivəsində deyil, müstəqil dövlətə bağlılıq, ümumi həmrəylik və ortaq gələcək naminə birləşdirici ideologiya kimi təqdim etdi.

2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında səsləndirdiyi “ Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı sadəcə emosional vətənpərvərlik ifadəsi deyildi. Bu, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlıya ünvanlanmış milli həmrəylik çağırışı idi.
Bu gün Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə, o cümlədən azərbaycançılıq ideologiyasının daha da möhkəmləndirilməsi istiqamətində uğurla davam etdirir.
Prezident İlham Əliyev Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında çox mühüm ideoloji tezis irəli sürdü: “Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır.” Dövlət başçısının bu fikri yalnız milli kimlik haqqında nəzəri mülahizə deyildir. Bu, Azərbaycanın dövlətçilik modelinin, ictimai sabitliyinin və milli təhlükəsizliyinin ideoloji əsaslarından birinə verilən siyasi qiymətdir.
Bu baxımdan Heydər Əliyevin yaratdığı ideoloji irslə İlham Əliyevin Bakı Forumunda səsləndirdiyi fikirlər arasında mühüm varislik əlaqəsi mövcuddur.
Azərbaycançılığı dar mənada yalnız etnik mənsubiyyətlə bağlamaq düzgün olmazdı. Bu dövlət təliminin əsas fəlsəfəsi belə ifadə edilə bilər:
Fərqli etnik, dini və mədəni mənsubiyyətlər – vahid Vətən, vahid dövlət və ortaq gələcək.
Məhz bu xüsusiyyət azərbaycançılığı müasir dövlətçilik baxımından xüsusi əhəmiyyətli edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu ideya Azərbaycanda yaşayan bütün xalqları bir araya gətirən ümumi ideoloji platformadır.
Başqa sözlə, azərbaycançılıq insanların fərqliliyini aradan qaldırmağa çalışmır; fərqlilikləri vahid dövlətçilik məkanında birləşdirir.
Müasir dünyada milli birlik məsələsində iki təhlükəli tendensiya mövcuddur:
-bir tərəfdən, cəmiyyətlərin etnik və dini xətlər üzrə parçalanması;
-digər tərəfdən isə fərqliliklərin zorla eyniləşdirilməsi.
Azərbaycan modeli isə fərqli yanaşma ortaya qoyur. Burada əsas prinsip belə xarakterizə etmək olar: fərqli olmaq mümkündür, amma Vətən və dövlət qarşısında birlik zəruridir.
Prezidentin Forumda multikulturalizm, dini və etnik dözümlülük, qarşılıqlı hörmət və cəmiyyətin ahəngdarlığını azərbaycançılıq ideyası ilə eyni məntiq zəncirində təqdim etməsi təsadüfi deyil. Bu, göstərir ki, multikulturalizm sosial mühitdirsə, azərbaycançılıq həmin mühiti siyasi-mənəvi baxımdan birləşdirən ideyadır.
Prezidentin çıxışındakı ən mühüm məqamlardan biri də milli ideyanın ideoloji təhlükəsizliklə əlaqələndrilməsidir.
Dövlət başçısı vurğuladı ki, Azərbaycanın qarşılaşdığı ideoloji risklər fiziki risklər qədər təhlükəli ola bilər və buna görə milli özünəməxsusluğun, dövlətçiliyin və müstəqilliyin qorunması xüsusi əhəmiyyət daşıyır.
Bu fikrin çox dərin siyasi mənası vardır.
Bu,bir həqiqətdir ki, XXI əsrdə dövlətlər yalnız hərbi vasitələrlə zəiflədilmir. Cəmiyyət müasir dövrdə daha çox
-ideoloji qarşıdurmaya,
-dini radikallaşmaya,
-etnik separatizmə,
-xarici təsirlərin yaratdığı kimlik böhranına,
-sosial parçalanmaya məruz qala bilər.
Belə şəraitdə güclü ordu sərhədləri qoruyur, güclü milli ideya isə cəmiyyətin daxili sərhədlərini qoruyur.
Bu baxımdan azərbaycançılıq Azərbaycanın ideoloji immunitetidir.
Milli ideyaların həqiqi gücü yalnız sakit dövrdə deyil, böhran və sınaq anlarında ortaya çıxır.
Prezident İlham Əliyev çıxışında məhz bu məqama xüsusi diqqət çəkərək Ermənistanın təcavüzü, işğal dövrü və İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın bütün etnik və dini qruplarının nümayəndələrinin ölkənin ərazi bütövlüyünün bərpası uğrunda birləşdiyini bildirdi. Dövlət başçısının ifadəsi ilə, bu birlik Qələbənin rəmzi olan “Dəmir yumruq” kimi özünü göstərdi.
Bu, çox mühüm siyasi nəticəyə gəlməyə əsas verir:
Azərbaycanın Qələbəsi təkcə hərbi gücün deyil, həm də milli həmrəyliyin Qələbəsi idi.
Müxtəlif etnik və dini mənsubiyyətlərə malik Azərbaycan vətəndaşlarının vahid məqsəd uğrunda birləşməsi göstərdi ki, azərbaycançılıq abstrakt ideoloji anlayış deyil. O, praktik siyasi və ictimai reallıqdır.
Bu ideyanın gücü ondadır ki, o, vətəndaşa yalnız “sən kimsən?” sualını vermir. Əslində daha vacib bir sual ünvanlayır:
“Biz birlikdə hansı dövlətə və hansı gələcəyə sahib olmaq istəyirik?”
Azərbaycançılığın əsas birləşdirici elementləri bunlardır:
-Azərbaycan dövlətinə sədaqət;
-müstəqilliyin qorunması;
-ərazi bütövlüyünün müdafiəsi;
-Azərbaycan dilinə və milli-mənəvi dəyərlərə hörmət;
-müxtəlifliyin qarşılıqlı hörmət şəraitində yaşaması;
-vahid vətəndaşlıq və Vətən anlayışı.
Bu baxımdan azərbaycançılıq keçmişə aid nostalji ideya deyil, gələcəyi təşkil edən siyasi konsepsiyadır.
Burada çox mühüm bir fərq vardır:
Multikulturalizm-müxtəlifliyin mövcudluğunu və qorunmasını ifadə edir.
Azərbaycançılıq isə həmin müxtəlifliyi vahid milli-dövlətçilik ideyası ətrafında birləşdirir.
Başqa sözlə, multikulturalizm fərqliliklərə yer verir, azərbaycançılıq isə həmin fərqliliklərə ortaq Vətən verir.
Məhz buna görə dövlətimizin başçısı Forumda bu iki anlayışı eyni siyasi-fəlsəfi kontekstdə təqdim etməsi xüsusi məna daşıyır.
Azərbaycanda yaşayan müxtəlif xalqların və dini icmaların nümayəndələri öz dini, etnik və mədəni xüsusiyyətlərini qoruyaraq eyni zamanda vahid Azərbaycan dövlətinin vətəndaşı və ümumi siyasi-mənəvi məkanın iştirakçısıdırlar. Prezident İlham Əliyev də çıxışında bütün etnik və dini qruplar arasında qarşılıqlı hörmət və əhatəliliyin real platforması olmasaydı, ölkənin bu uğurlara nail ola bilməyəcəyini vurğuladı.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın uzun müddət müstəqil olmamasına baxmayaraq, xalqın öz dilini, dəyərlərini, ənənələrini və həyat tərzini qoruyub saxladığını qeyd etdi.
Bu gün isə azərbaycançılıq yeni mərhələyə qədəm qoyur.
Əgər əvvəl əsas məqsəd:
-milli özünəməxsusluğu qorumaq,
-dövlətçiliyi bərpa etmək,
-müstəqilliyi möhkəmləndirmək idisə, bu gün yeni tarixi mərhələnin əsas məsələləri bunlardır:
-suverenliyi daha da gücləndirmək;
-postmünaqişə dövründə milli birliyi qorumaq;
-Qarabağ və Şərqi Zəngəzurun bərpasını ümummilli layihəyə çevirmək;
-Azərbaycanı regionun siyasi və iqtisadi mərkəzlərindən biri kimi inkişaf etdirmək;
-qlobal ideoloji çağırışlar şəraitində milli kimliyi qorumaq.
Deməli, azərbaycançılıq artıq yalnız dövlətin yaranması və qorunması ideyası deyil, qalib Azərbaycanın gələcək inkişaf konsepsiyasının da mühüm sütunudur.
Prezident İlham Əliyevin Forumda səsləndirdiyi “Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır” fikri, əslində, Azərbaycanın müasir inkişaf modelinin düsturudur:
Müxtəliflik + qarşılıqlı hörmət + vahid dövlətçilik + milli həmrəylik = güclü Azərbaycan
Bu gün dünyada bir çox dövlətlər fərqlilikləri necə idarə etmək problemi ilə üz-üzədir. Azərbaycan təcrübəsinin əsas üstünlüyü isə ondan ibarətdir ki, burada müxtəliflik parçalanma amilinə deyil, ümumi milli kimliyin zənginliyinə çevrilir.
Azərbaycançılıq fərqlilikləri ləğv edən ideya deyildir, əksinə fərqlilikəri qoruyaraq onları vahid Vətən anlayışında birləşdirən ideyadır.
Prezident İlham Əliyevin həmin çıxışından çıxan ən mühüm siyasi nəticə budur:
Dövləti yalnız sərhədlər və institutlar deyil, həm də insanların özlərini eyni taleyin, eyni Vətənin və eyni gələcəyin sahibi hesab etməsi güclü edir. Azərbaycançılıq məhz bu ortaq taleyin ideoloji adıdır.

Elman Nəsirov
Milli Məclisin deputatı,
Siyasi Elmlər doktoru, professor

Digər xəbərlər