2020-ci il noyabrın 8-də Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edərək Şuşa şəhərinin işğaldan azad olunduğunu böyük fəxarət və qürur hissi ilə bəyan etdi. Dövlətimizin başçısının səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri xalqımızın yaddaşına əbədi həkk olundu. Bu tarixi bəyanat təkcə bir şəhərin azad edilməsinin deyil, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin, milli iradənin və sarsılmaz birliyin təntənəsi idi.
Şuşanın azad olunması 44 günlük Vətən müharibəsinin həlledici hadisələrindən biri olmaqla, Azərbaycan Ordusunun gücünü, qəhrəmanlığını və yüksək döyüş hazırlığını bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan əsgər və zabitlərinin misilsiz şücaəti nəticəsində xalqımız uzun illər həsrətində olduğu tarixi torpağına qovuşdu. Dövlətimizin başçısının ata vəsiyyətini yerinə yetirməsi, Şuşanın azadlığına nail olması xalqımız üçün xüsusi mənəvi əhəmiyyət daşıyırdı. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqının tarixi ədalətə olan inamı və dövlətimizin qüdrəti bir daha təsdiq edildi.
Şuşa Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan nadir şəhərdir. Bu şəhər dahi şəxsiyyətlərin, görkəmli sənətkarların, musiqi və ədəbiyyat xadimlərinin vətəni, Azərbaycan mədəniyyətinin beşiyidir. Uzun illər işğal altında qalan Şuşada tarixi-mədəni irsimizə qarşı törədilən dağıntılar şəhərin əvvəlki simasının bərpasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Prezident İlham Əliyevin azadlıqdan sonra Şuşaya ilk səfəri zamanı şəhərin müxtəlif ərazilərinə baxış keçirməsi, tarixi abidələrin vəziyyəti ilə tanış olması və bərpa işlərinə diqqət yetirməsi bu istiqamətdə görüləcək işlərin başlanğıcı oldu.
2021-ci il yanvarın 14-də Prezident İlham Əliyevin Şuşaya səfəri çərçivəsində şəhərdə Azərbaycan Respublikasının Dövlət bayrağı ucaldıldı, hərbçilərlə görüş keçirildi, Saatlı, Aşağı və Yuxarı Gövhər Ağa məscidləri ziyarət olundu. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin yenidən Şuşaya qaytarılması milli mədəniyyətimizə ehtiramın ifadəsi idi. Dövlətimizin başçısının Bülbülün dağıdılmış ev-muzeyinə, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə, Cıdır düzünə və digər tarixi məkanlara baxış keçirməsi şəhərin mədəni irsinin bərpasına xüsusi diqqət yetirildiyini göstərirdi.
Sonrakı illərdə Şuşada genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirildi. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşası, Daşaltı ərazisində tunel layihəsinin həyata keçirilməsi şəhərin nəqliyyat imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Şuşanın tarixi və mədəni həyatının canlandırılması istiqamətində Vaqif Poeziya Günlərinin, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının yenidən keçirilməsi xüsusi əhəmiyyət kəsb etdi. Bu tədbirlər Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı kimi mövqeyini daha da möhkəmləndirdi və şəhərin beynəlxalq miqyasda tanıdılmasına töhfə verdi.
Şuşada aparılan bərpa və quruculuq işləri yalnız tarixi abidələrin yenidən qurulması ilə məhdudlaşmır. Şəhərin sosial infrastrukturu, təhsil, səhiyyə, turizm və xidmət sahələri də inkişaf etdirilir. Məktəb və xəstəxana binalarının tikintisi, yaşayış komplekslərinin salınması, su təchizatı sisteminin yenilənməsi, istirahət və turizm obyektlərinin yaradılması şəhərin müasir inkişaf modelinə uyğun qurulmasını təmin edir. 2024-cü il iyulun 5-6-da Şuşada “İsa bulağı” istirahət kompleksinin, sutəmizləyici qurğular kompleksinin, Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra və Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışı bu istiqamətdə görülən işlərin mühüm nəticələridir.
Şuşanın beynəlxalq siyasi və diplomatik mərkəzə çevrilməsi də Azərbaycanın xarici siyasətində mühüm uğurlardandır. 2024-cü ilin iyulunda Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün məhz Şuşada keçirilməsi şəhərin beynəlxalq əhəmiyyətini daha da artırdı. Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada bir araya gəlməsi, Qarabağ Bəyannaməsinin imzalanması türk dövlətləri arasında qardaşlıq və strateji əməkdaşlığın möhkəmləndirilməsi baxımından əlamətdar hadisə oldu. Bu, eyni zamanda, Şuşanın artıq yalnız tarixi və mədəniyyət şəhəri deyil, həm də mühüm beynəlxalq görüşlərə ev sahibliyi edən siyasi mərkəz olduğunu nümayiş etdirdi.
2025-ci il iyulun 17-də Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla Şuşaya səfəri şəhərin tarixi irsinin qorunması və beynəlxalq əlaqələrinin inkişafı baxımından əlamətdar oldu. Səfər zamanı birinci yaşayış kompleksinə, Yeni Şuşa məscidinin tikintisinə, Yaradıcılıq Mərkəzinə və tarixi-mədəni məkanlara baxış keçirildi. Bülbülün ev-muzeyinin, Yuxarı Gövhər Ağa məscidinin və Mehmandarovların malikanə kompleksinin ziyarət edilməsi Şuşanın zəngin mədəni irsinə verilən yüksək dəyərin göstəricisi idi.
Bu gün Şuşada həyata keçirilən Böyük Qayıdış prosesi dövlətimizin qarşıya qoyduğu strateji hədəflərin ardıcıl şəkildə reallaşdırıldığını təsdiqləyir. Şəhərə qayıdan sakinlərin doğma torpaqlarında təhlükəsiz, rahat və müasir şəraitdə yaşaması üçün zəruri tədbirlər görülür. Yeni yaşayış binalarının, sosial obyektlərin, yolların və turizm infrastrukturunun yaradılması Şuşanın davamlı inkişafına xidmət edir. Ən əsası, illərlə doğma yurdlarından ayrı düşmüş insanların öz evlərinə qayıtması tarixi ədalətin bərpasının ən böyük təzahürüdür.
Şuşanın azad edilməsi Azərbaycan xalqının birliyinin, milli həmrəyliyinin, dövlətimizin gücünün və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin təntənəsidir. Bu gün Şuşa öz əvvəlki şöhrətini bərpa etməklə yanaşı, yeni inkişaf dövrünü yaşayır. Burada keçirilən beynəlxalq tədbirlər, həyata keçirilən quruculuq layihələri və sakinlərin doğma torpaqlarına qayıdışı şəhərin gələcəyinə olan inamı daha da artırır.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Şuşanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad ediləcək, qazilərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq. Şuşa bu gün azadlığın, milli qürurun, tarixi qayıdışın və dövlətimizin qüdrətinin rəmzidir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi: “Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri