Siyasət

  • 865

Xankəndidən mesajlar... TƏHLİL

image

Prezident İlham Əliyev: "Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub"

30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olunandan sonra Qarabağımız, Şərqi Zəngəzurumuz müasir dünyanın ahəngində qurulur, yeni həyat, nəfəs verilir. Əsrlərin yaddaşında özünə yuva qurmuş əzəli torpaqlarımız tarixi, daşı, qayası, mədəniyyət abidələri, dini ocaqları hər zaman möhtəşəmliyi ilə diqqətdə olmuş və qürurla səhifələdiyimiz daş abidələrdə öz əksini tapmışdır. Bu gün Zəfər qazanan BÜTÖV və SUVERƏN AZƏRBAYCAN tarixin dönəmində inkişaf yolu keçmiş qeyd etdiyimiz məkanlarda böyük quruculuq-abadlıq işlərinə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə səfərləri və burada görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, burada görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur. Bu gün Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir. Böyük Qayıdışın yüksək səviyyədə reallaşmasına xidmət edən addımların miqyasının genişliyi diqqətdən kənarda qalmır. Qarabağın tacı Şuşada, Ağdamda, Laçında və digər ərazilərdə aparılan bərpa-quruculuq işlərinin vüsəti artır. Verilən göstərişlər vaxtında və yüksək səviyyədə yerinə yetirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 19-da Ağdama, Şuşaya, Xankəndinə səfəri və görülən işlərlə tanışlığı, təməlqoyma mərasimlərində iştirakı buranın gələcək gözəl həyatına söykənir.

Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması əlbəttə ki, ölkəmizin növbəti uğuru kimi tarixdə yer aldı. Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə edildi.

"VƏTƏN MÜHARİBƏSİ VƏ ANTİTERROR ƏMƏLİYYATI KEÇİRİLƏRKƏN BİZİM 3200-DƏN ÇOX QƏHRƏMAN ŞƏHİDİMİZ ŞƏHADƏT ZİRVƏSİNƏ UCALMIŞDIR"

Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz suverenliyini tam bərpa etdi.

2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. "Bu günü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək". Bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib. "Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi", - deyə dövlətimizin başçısı onu da vurğulayıb ki, 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi. Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə hərbçilərimizin qəhrəmanlığından, peşəkarlığından danışıb: "Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir."

"GÜCLÜ İRADƏ, PEŞƏKARLIQ, VƏTƏNPƏRVƏRLİK, MİLLİ RUHDA TƏRBİYƏ OLUNAN GƏNC NƏSİL OLARSA, HEÇ BİR QÜVVƏ O XALQIN QABAĞINDA DURA BİLMƏZ"

Dövlətimizin başçısı dünya hərb tarixində 44 günlük müharibədə şanlı Ordumuzun həyata keçirdiyi əməliyyatların oxşarının olmadığını bildirib. "44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir?! Bu, həqiqətdir", - deyə Prezident qeyd edib: "İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz ".

İşğal dövründə keçmiş köçkünlərlə mənim çoxsaylı görüşlərim olmuşdur. Bildiyiniz kimi, onların yaşayış şəraitini yaxşılaşdırmaq üçün dövlət bir çox önəmli layihələr icra etmişdir. Biz demək olar ki, hər il 15-20 min keçmiş köçkünü yeni qəsəbələrə, evlərə, mənzillərə köçürürdük və beləliklə, onların yaşayış səviyyəsi yaxşılaşırdı. Təqribən 300 mindən çox keçmiş köçkün artıq o yataqxanalardan, o yararsız yerlərdən, uşaq bağçalarından köçürülmüşdü. Ancaq, eyni zamanda, onlarla hər dəfə görüşəndə deyirdim ki, bu, müvəqqəti yaşayış yerinizdir, gün gələcək və azad edilmiş torpaqlarda sizin üçün daha gözəl şərait yaradılacaq. Mən buna inanırdım, onlar da inanırdılar, bütün xalqımız buna inanırdı, bu fikirlə yaşayırdı. Amma, eyni zamanda, illər keçdikcə mən görürdüm ki, onların ümidləri yavaş-yavaş azalır. Bu da təbiidir, çünki işğal təxminən 30 il davam etdi.

Minlərlə, on minlərlə keçmiş köçkün bu Qələbə gününü görə bilmədi, həyatdan getdi. Təbii olaraq dünyada gedən prosesləri təhlil edərək mövcud ədalətsizliyi, beynəlxalq hüququn işləməməsini, böyük dövlətlərin Ermənistanın arxasında dayanmasını, bütün bunları - geosiyasi vəziyyəti təhlil edərək ola bilər kimsə belə fikrə gələ bilərdi ki, bu işğalla biz əbədi yaşamalıyıq. Biz bütün bu tezisləri, bütün bu paradiqmaları darmadağın etdik. Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz - nə 6, 7, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, - çünki bütün təpələrdə onlar yerləşmişdi, - nə böyük dövlətlər, nə də Ermənistanı silahlandıran və onlara mənəvi və fiziki yardım göstərən dövlətlər. Bax, bütün bu amillər bir yerdə olanda, o xalqın qabağında heç kim dura bilməz".

"BURA BİZİM TARİXİ TORPAĞIMIZDIR VƏ ƏMİNƏM Kİ, BUNU AZƏRBAYCANDA BİLMƏYƏN YOXDUR, DÜNYADA DA BUNU BİLİRLƏR…"

1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Xocavənd şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizləndi. Müasir Azərbaycan ordusu öz gücünü, məharətini, peşəkarlığını istənilən vəziyyətdə nümayiş etdirir. "Xankəndidən azərbaycanlılar qovuldu, ondan sonra - müstəqillik elan olunandan dörd ay sonra 1992-ci ilin fevralında Xocalı soyqırımı törədildi, 1992-ci ilin may ayında Şuşa, Laçın işğal olundu, 1993-cü ilin aprelində isə Kəlbəcər. Beləliklə, xəritəyə baxsanız görərsiniz ki, bütün böyük bir bölgə nəzarətdən çıxdı və faktiki olaraq Ermənistanla Qarabağ bölgəsi arasında coğrafi əlaqə yaradıldı. Bax, bu idi bizim tariximiz" – deyə Prezident bildirib: "Bura bizim tarixi torpağımızdır və əminəm ki, bunu Azərbaycanda bilməyən yoxdur, dünyada da bunu bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olubdur, onun adı onu göstərir - Xanın kəndi. Sadəcə olaraq, yenə də Azərbaycana, xalqımıza qarşı düşmənçilik siyasəti nəticəsində uzun illər ərzində bizim nəzarətimiz burada ya zəif idi, ya da ümumiyyətlə, yox idi. Çünki XIX əsrin əvvəlində bağlanmış üç müqavilə – "Kürəkçay", "Gülüstan", "Türkmənçay" müqavilələri faktiki olaraq sonrakı işğalı da şərtləndirdi. Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülmüşdür və bu, həqiqətdir, bu, dəqiq tarixdir. XX əsrin əvvəlində isə xalqımıza qarşı növbəti düşmənçilik addımları atılmışdır".

XANKƏNDİDƏ BƏRPA QURUCULUQ İŞLƏRİ

Bu gün Xankəndidə yeni dövr başlayıb. Dövlət başçısı səfəri zamanı Xankəndi şəhərində "Bulud" hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub. Ümumi sahəsi 5 min kvadratmetrə yaxın olan hotel beş mərtəbə və zirzəmi qatından ibarətdir. Hoteldə müxtəlif tipli 44 otaq olacaq. Burada ən müasir iaşə məkanları – "lobby lounge", kafe, açıq və qapalı restoranlar da fəaliyyət göstərəcək.

"Xankəndi" Mehmanxana Kompleksinə aid olan "Bulud" hotelində 50 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub. Xankəndinin mərkəzində yerləşən “Bulud” hotelindən açılan gözəl mənzərə qonaqların zövqünü oxşayacaq.

Sentyabrın 19-da Azərbaycan Prezidenti Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışında iştirak edib. Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Nizami Gəncəvi adına Xankəndi şəhəri 4 nömrəli 624 şagird yerlik tam orta məktəbin əsaslı təmiri nəzərdə tutulub.

Bu təhsil ocağı böyük tarixə malikdir və 1945-ci ildən Azərbaycan məktəbi kimi fəaliyyət göstərib. Məktəbin səmərəli fəaliyyətinin təmin edilməsinin zəruriliyi nəzərə alınaraq Xankəndi sakinlərinin böyük bir qisminin müvəqqəti məskunlaşdığı Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 30 dekabr tarixli Sərəncamına əsasən 300 şagird yerlik yeni bina tikilib. Xankəndidə 4 nömrəli 624 şagird yerlik tam orta məktəbin əsaslı təmirinə bu ilin mayında başlanılıb. Məktəbin layihəsi 0,67 hektar ərazini, 3760 kvadratmetr ümumi sahəni əhatə edir. Məktəbdə 11 sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 2 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, həmçinin yeməkxana yaradılıb.

Dövlətimizin başçısı Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub. Xankəndi Dövlət Dram Teatrının binası 1932-ci ildə Azərbaycan Hökuməti tərəfindən tikilib istifadəyə verilib. 1949-cu ildə binanın konstruksiyasına müəyyən əlavələr olunub. Bina sovet dövrü memarlığının əsas elementlərini özündə əks etdirir.

Teatrın binası XX əsr abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib.

Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı burada aparılan irimiqyaslı layihələrin davamlı xarakter aldığına söykənir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulmuşdu. Bu ilin mayında Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılıb. Məktəbəqədər təhsil müəssisəsinin layihəsi 80 yerlik olmaqla 0,21 hektar ərazini, 1340 kvadratmetr ümumi sahəni əhatə edir. Burada 4 qrup otağı, tibb otağı, metodiki kabinet, mətbəx, akt və idman zalları və camaşırxana yaradılıb.

"QARABAĞ UNİVERSİTETİ BİZİM APARICI ALİ MƏKTƏBLƏRDƏN BİRİNƏ ÇEVRİLƏCƏKDİR"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Bildiyimiz kimi, Prezident İlham Əliyev "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncam imzalamışdır. Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir. Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb. "Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Bunu etmək üçün bütün imkanlar var. İndi verilən məlumata görə, artıq altı fakültə yaradılıb. Növbəti illərdə Tibb fakültəsi də yaradılacaq. Xocalıda Aqrar elmlər fakültəsi, Şuşada Turizm fakültəsi fəaliyyət göstərəcək. Yəni, bu, bir neçə şəhəri birləşdirən universitet olacaq. Əlbəttə ki, Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər", - deyə Prezident bildirib.

Möhtərəm Prezidentimiz İlham Əliyevin sözləri ilə desək, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman - əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər