Siyasət

  • 2 966

Muxtariyyət dövründə Azərbaycanın mədəni və elmi həyatının tərəqqisində Naxçıvanın rolu ŞƏRH

image

Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir.

Heydər Əliyev

Öz keşməkeşli tarixi, dahi şəxsiyyətləri ilə Şərqdə tanınan, dünya­nın yaranışı qədər yaşı olan Naxçıvan torpağı əsrlərin sınağına sinə gərərək dövrü­mü­zə qədər öz əzəmətini, vüqarını qorumuş, Türk torpağı olduğunu hifz eyləyə bilmiş­dir. Bu torpağın həm öz sinələrini yağıya sipər edib Əlincələşən, həm qanı axıb Araza çevrilən, həm də vətənin bir qarış torpağı uğrunda canından keçən övladları vətənin dar gü­nündə daşa çevrilib, şad günündə gülə dönüb bu torpağın sinəsində əbədiləşiblər.

Beləcə zamanın çətinliklərinə sinə gərə-gərə doğma Azərbaycanından ayrı düşən övlada çevrildi, Naxçıvan torpağı. Bir övlad kimi özünün də, anası Azərbaycanın da qüruru­nu qorudu, muxtar dövlət oldu. Azərbaycandan məkanca ayrılsa da, mənən bir oldu, Naxçıvanım!

Azərbaycanın qədim, zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmiş, orta əsrlərdə Şərqin böyük elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən bi­ri kimi şöhrət qazanmış, dövlət sivilizasiyasına dəyərli töhfələr bəxş etmişdir. Azərbaycan Atabəyləri-Eldəgəzlər dövlətinin paytaxtı olan, əsası Əcəmi Naxçıvani tərəfindən qoyulan memarlıq məktəbi ilə bütün Şərqdə tanınan və böyük səylə, yüksək bacarıqla, əsraraəngiz zövqlə inşa edilmiş tarixi abidələri ilə məşhur olan Naxçıvan torpağı bu gün də öz tarixiliyini, gözəlliyini qoruyub saxlayır və dünyanın ən əzəmətli, qədim diyarı kimi bura gələn insanları, qonaqları heyran qoyur.

Uzun illər gərgin siyasi mübarizələrin meydanına çevrilən qədim Naxçıvanın muxtariy­ya­tının əsasları 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars bey­nəlxalq müqavilələri ilə qoyulmuşdur. Həmin beynəlxalq müqavilələrdə Naxçıva­nın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilmişdir.

Azərbaycanın Şərqə açılan qapısı olmaqla zəngin dövlətçilik tarixinə malik olan Naxçıvan Muxtar Respublikası 9 fevral 1924-cü ildə yaradılmış və milli, qədim ənənələri qoruyub saxlamışdır.

Qədim mədəniyyəti, bərəkətli sərvəti, dahi şəxsiyyətləri ilə Azərbaycan Respublikasında xüsusi payı və yeri olan Naxçıvan Muxtar Respublikası bu gün istər iq­tisadi-siyasi, istərsə də elm və mədəniyyət sahəsində tərəqqinin ən yüksək pilləsində dayanır. Belə ki, 1883-cü ildən fəaliyyət göstərən Naxçıvan teatrı Azərbaycan teatr mədəniyyətinə böyük töhfələr bəxş etmişdir. Şərqdə ilk akademiyanı və rəsədxananı ya­ratmış Nəsirəddin Tusi, qüdrətli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadə, Azərbaycan realist rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərli, ilk tarixi romanların müəllifi Məmməd Səid Ordubadi, böyük maarifçi və ədib Məhəmməd Tağı Sidqi, romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi Hüseyn Cavid, dünyaca məşhur kimya­çı alim, akademik Yusif Məmmədəliyev, görkəmli publisist, dilçi-alim Mə­həmməd ağa Şahtaxtlı, Xalq şairi Məmməd Araz, Xalq yazıçısı Hüseyn İbrahimov bu diyarın yetirmələridir. Qüdrətli sənətkar və alim kimi tanınan Cəlil Məmməd­quluza­dənin, Hüseyn Cavidin, Məmməd Səid Ordubadinin, akademik Yusif Məmmədəli­ye­vin ev muzey­ləri, ədəbiyyat, tarix və xalça muzeyləri Naxçıvanın mədəni həyatında mühüm yer tutur.

Bu gün Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas elm, mədəniyyət, təhsil və icti­mai fikir mərkəzlərindən biri sayılır. Azərbaycan Milli Elmlər Akademi­yası­nın prezi­dentləri, görkəmli kimyaçı alim Yusif Məmmədəliyev, yarımkeçiricilər fizikası məktəbinin yaradıcısı Həsən Abdullayev, məşhur riyaziyyatçı Fərəməz Maq­sudov, informatika-radiasiya üzrə qəbul olunmuş elm xadimi, professor Mahmud Kərimov, akademik Məmməd Cəfər Cəfərov, professor Abbas Zamanov, akademik Teymur Kərimli və onlarla başqa görkəmli elm xadimləri Azərbaycan elminə, təh­si­linə, ictimai fikrinin inkişafına yeni səhifələr yazmış, öz elmi potensialları və bacarıqları ilə Naxçıvanı tək Azərbaycanda deyil, bütün dunyada tanıtmışlar.

Böyük tarixi şəxsiyyətlər, alimlər, yazıçı və şairlər vətəni olan Naxçıvan Azər­baycanın elmi və mədəni inkişafına güclü təkan vermiş, görkəmli liderləri və elm adamları ilə məşhurlaşmışdır. Bunlardan biri də yüksək istedad və bacarığı ilə Azər­baycan poeziyasına dəyərli sənət inciləri bəxş edən görkəmli şairimiz Məmməd Araz­dır. Şairin Naxçıvanın tarixindən, əsrarəngiz təbiətindən, təbii sərvətlərindən bəhs edən “Naxçıvanım mənim” adlı şeiri bizim üçün ana laylası qədər şirin, doğma və əzizdir:

Sinəmdə o yerin dağ

havasıdır.

Qaynar bulaqları qaynar

qanımda.

Mənim ürəyimin bir

parçasıdır

Doğma Şahbuzum da,

Naxçıvanım da.

Tarixə nəzər salsaq görərik ki, böyük tarixi hadisələrin, keşməkeşli günlərin şahidi olan qədim diyarımız həmişə olduğu kimi son illərdə də bütün çətinliklərə sinə gərərək düşmənlərin caynağından, hərisli yağı gözlərindən, məkrli əllərdən özünü qoruya bildi. Belə bir ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik, şücaət və yenilməzlik nümayış etdirərək Azərbaycanın bu qədim diyarını düşmənlərdən - mənfur erməni təcavüzkarlarından öz canları bahasına qorudu və qoruyur.

Xalqımızın böyük oğlu, Ümummilli lider Heydər Əliyevin 1990-cı ilin iyul ayının 22-də canından çox sevdiyi Naxçıvanına dönməsi, doğma el-obasına qayıtması çətin günlərini yaşayan Naxçıvanı dirçəltdi, burada yaşayan insanlarda sabaha, gələcəyə böyük inam hissi yaratdı. Bu illər Naxçıvan Azərbaycanda gedən siyasi proseslərə, o cümlədən milli azadlıq mübarizəsinə böyük təkan verdi. Müstəqilliyimi­zin möhkəmləndirilməsinə, dövlətimizin gücləndirilməsinə və tərəqqisinə, əraziləri­mizin azad olunmasına Naxçıvandan başlanan böyük siyasi dalğanın təkanı daha təsirli oldu. Bunu xalqımızın Ümummilli lideri Heydər Əliyevin dərin, məzmunlu nitqində də görmək mümkündür: “Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz bir hissəsi kimi milli azadlıq uğrunda, dövlət müstəqilliyimiz uğrunda gedən mübarizələrdə həmişə ön sırada olmuş, təşəbbüskar olmuşdur. Azərbaycanda dövlət müstəqilliyi, milli azadlıq yolunda gedən mübarizənin dayağı olmuşdur və bu gün də dayağıdır, gələcəkdə də belə olacaqdır”.

Bu gün Muxtar Dövlətimiz – Naxçıvan Muxtar Respublikası özünün ən dəyərli, yaddaqalan günlərini yaşayır. Muxtar diyarımız Azərbaycan Respublikasının Ümummilli lideri, tarixi şəxsiyyəti möhtərəm Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən əsasını qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsi ilə daha da çiçəklənir, möhkəmlənir və inkişaf, tərəqqi yolunda inamlı addımlar atır. Ulu öndərin yaradıb, xalqımıza ərmağan etdiyi siyasi, milli ideologiyanı, qarşıya qoyduğu müqəddəs vəzifələri Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir.

Ötən illərlə müqayisə etsək, görərik ki, bu gün də Azərbaycanın mədəni və elmi həyatının tərəqqisinə Naxçıvan Muxtar Respublikası öz dəyərli töhfələrini vermiş, bu sahədə inkişaf yüksək səviyyəyə çat­mış və böyük uğurlar qazanıl­mışdır. Tarixi və mədəni irsin qorunması və təbliği, mə­dəni-elmi potensialın inkişaf etdirilməsi diq­qət mərkəzində saxlanılmış, mədəniy­yət obyektlərinin inşası və yenidən qurulması xarakter hal al­mışdır. Azərbaycan mədə­niyyətinə və elminə əsrarəngiz töhfələr bəxş etmiş naxçıvanlı alimlərin, şair və yazı­çıların, görkəmli mədəniyyət xadimlərinin adları əbədiləşdirilmişdir.

Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyev Naxçıvanda səfərdə olarkən Naxçı­vanda, o cümlədən bütün sahələrdə irəliləyən tərəqqini və inkişafı yüksək qiymət­ləndirərək demiş­dir: “...Naxçıvanın türk dünyasında çox böyük xüsusi yeri vardır. Naxçıvan çox böyük tarixə malik olan diyardr. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri, bizim böyük dəyərlərimizdir, böyük sərvətimiz­dir. O da həqiqətdir ki, Azərbaycanın müstəqilliyinin formalaşması, müstəqilliyinin bünövrəsinin qoyulması da məhz Naxçıvanda həyata keçirilmişdir. O vaxt, hələ Sovet İttifaqının zamanında Heydər Əliyevin fəaliyyəti nəticəsində Naxçıvanda, burada görülən işlər bütövlükdə Azərbaycanın müstəqilliyi üçün çox böyük əhəmiyyət daşıyırdı...”.

Onu da qeyd etmək lazımdır ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərpa olunmasında və 2023-cü il sentyabrın 19-20-si tarixlərində Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində Naxçıvanın vətənpərvər, igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazmışlar. Onların şücaəti, qəhrəmanlığı kiçikdən böyüyə kimi hər bir kəsin dilində dastana dönmüş, məzarları isə bütün azərbaycanlılar, o cümlədən naxçıvanlılar üçün and yerinə, ziyarətgaha çevrilmişdir.

Qarabağda qazandığımız Şanlı Zəfərdən sonra 2021-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri ilə bağlı təəssüratlarını bölüşən dövlətimizin başçısı İlham Əliyev demişdir: “Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, buradakı inkişafı görəndə çox sevinirəm. Bu mənim Naxçıvana 15-ci səfərimdir və hər səfər çərçivəsində bir çox obyektlərin açılışında iştirak edirəm. Naxçıvan sürətlə inkişaf edir... Bir sözlə, muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır” (“Şərq qapısı” qəzeti, 17 may 2021-ci il, №87).

Prezident İlham Əliyev prezidentliyi müddətində 15 dəfə muxtar respublikada səfərdə olub. Bu səfərlərdə dövlət başçısı qədim Naxçıvanımızın sosial-iqtisadi və mədəni inkişafın sürətləndirilməsinə dair müxtəlif sərəncamlar, Dövlət proqramları imzalayıb. Ölkə başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı qədim diyarımız Naxçıvanın zəngin dövlətçilik tarixində, ölkəmizin inkişafında mühüm yer tutduğunun bariz göstəricisidir.

İnanırıq ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası və onun ayrılmaz parçası olan Naxşıvan diyarı daim öz müstəqilliyini, azadlığını, bütövlüyünü qoruyub saxlayacaq, dünyada gedən bütün siyasi-iqtisadi və mədəni proseslərdə fəal, öndər olacaq. Elm, təhsil, idman, iqtisadi, siyasi, mədəni, demək olar ki, bütün sahələrdə Üçrəngli bayrağımız dünyanın hər yerində vüqarla, qürurla dalğalanacaq, bizlərin, bizi sevənlərin və gələcək nəsillərin birlik, azadlıq, bütövlük simvoluna çevriləcək.

Samirə Həsənova,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Naxçıvan Müəllimlər İnstitutu

[email protected]

Digər xəbərlər