“Müasir beynəlxalq münasibətlər sistemində qlobal ticarət marşrutlarının şaxələndirilməsi, logistika təhlükəsizliyinin təmin edilməsi və alternativ nəqliyyat dəhlizlərinin formalaşdırılması dövlətlərin iqtisadi və geosiyasi strategiyalarında xüsusi yer tutur”.Bu sözləri SİA -ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
Onun sözlərinə görə, Avrasiya məkanında artan geosiyasi gərginlik, ənənəvi nəqliyyat xətlərinin risklərlə üzləşməsi və yeni iqtisadi mərkəzlərin formalaşması fonunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhlizin əhəmiyyəti daha da aktuallaşır.Prezident İlham Əliyevin “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumundakı çıxışı bu baxımdan diqqətəlayiqdir.Dövlət başçısı vurğulamışdır ki, Ermənistanla sülh əldə edildikdən sonra Azərbaycan Orta Dəhlizin genişləndirilməsi istiqamətində fəal şəkildə fəaliyyət göstərir. Bu yanaşma ölkənin uzunmüddətli nəqliyyat və logistika strategiyasının əsas istiqamətlərini aydın şəkildə ortaya qoyur.Son illərdə Azərbaycan Orta Dəhlizin inkişafı məqsədilə geniş infrastruktur layihələri həyata keçirmiş, dəmir yolu şəbəkəsini və liman imkanlarını müasirləşdirmiş, yükdaşıma potensialını artırmış və logistika sistemlərinin rəqəmsallaşdırılmasına xüsusi diqqət yetirmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu xətti və Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar artıq Avropa ilə Asiya arasında mühüm tranzit marşrutlarından birinə çevrilmişdir.Beynəlxalq tələbatın artması göstərir ki, Azərbaycan yalnız milli iqtisadi maraqlarını təmin etməklə kifayətlənmir, eyni zamanda Avrasiya üçün etibarlı tranzit və logistika mərkəzi rolunu oynayır. Regional kommunikasiyaların açılması və mümkün sülh razılaşması fonunda Ermənistan ərazisindən keçə biləcək yeni nəqliyyat istiqamətləri Orta Dəhlizin coğrafiyasını daha da genişləndirə bilər.Bu istiqamətdə əsas məsələlərdən biri Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasının birbaşa nəqliyyat və kommunikasiya xətləri vasitəsilə birləşdirilməsidir. Bu, ölkənin iqtisadi dayanıqlığını artırmaqla yanaşı, strateji təhlükəsizlik baxımından da mühüm əhəmiyyət daşıyır.Digər tərəfdən, regional iqtisadi inteqrasiyanın genişlənməsi perspektivi də diqqətəlayiqdir. Ermənistanın tranzit ölkə kimi çıxış etməsi ehtimalı region dövlətləri arasında iqtisadi əlaqələrin güclənməsinə və yeni əməkdaşlıq mühitinin formalaşmasına şərait yarada bilər. Bu isə uzunmüddətli perspektivdə Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə xidmət edəcək.Azərbaycan bu prosesi yalnız iqtisadi layihə kimi deyil, həm də post-münaqişə dövründə sülhün və əməkdaşlığın institusional əsaslarının qurulması kimi qiymətləndirir. Ölkənin təşəbbüsü ilə həyata keçirilən nəqliyyat və enerji layihələri qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelinin effektivliyini artıq sübut etmişdir.Şərqlə Qərb arasında strateji mövqedə yerləşən Azərbaycan bu gün həm enerji, həm də nəqliyyat-logistika sahəsində mühüm körpü rolunu oynayaraq Avrasiyanın əsas tranzit mərkəzlərindən birinə çevrilmişdir. Bu isə ölkənin iqtisadi gücünü artırmaqla yanaşı, beynəlxalq arenadakı mövqeyini də möhkəmləndirir.XIII Qlobal Bakı Forumunda səsləndirilən fikirlər göstərir ki, Ermənistanla sülh perspektivi və regional kommunikasiyaların açılması təkcə ikitərəfli münasibətlərin normallaşması deyil, bütövlükdə regionun geoiqtisadi transformasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Bu proses Orta Dəhlizin genişlənməsi və Azərbaycanın Avrasiya nəqliyyat sistemində aparıcı rolunun daha da güclənməsi ilə nəticələnə bilər”.
Müəllif: Günay Hacıyeva