PDF Oxu

Siyasət

  • 1 089

9 oktyabr - Hadrutun və ümumiyyətlə Qarabağın yeni dövrünün başlanğıc tarixi ŞƏRH

image

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü başladı. Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il qanununa əsasən, “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli qanunu qüvvədən düşmüş hesab edildi. Bu qanuna əsasən, Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şəhəri Ağdərə şəhəri və Mardakert rayonu Ağdərə rayonu, Martuni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırıldı. Bundan əlavə Əsgəran və Hadrut rayonları ləğv edildi, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradıldı, ləğv edilən Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verildi. Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edildi.

Hadrut Qozluçayın dərəsində, Ərgünəş dağının yaxınlığında yerləşir. Qəsəbənin dəqiq salınma vaxtı məlum olmasa da, burada qədim abidilərə də rast gəlirik. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrud kəndi olaraq keçir. Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. 1923-cü ildə Hadrut kəndi Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə verilmişdir, 1930-cu ildə isə yeni yaradılmış Dizaq rayonunun inzibati mərkəzi seçilib. 1939-cu ildə həmin rayon öz mərkəzinin adına uyğun olaraq Hadrut rayonu adlandırılıb. 1963-cü ildə Hadruta şəhər tipli qəsəbə statusu verilib.

Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli qanununa əsasən DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. 2 oktyabr 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri Hadrutu işğal etmişdi.

Hadrut rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Azərbaycana ciddi ziyan dəymişdir. Bu ərazidə qədimdən yaşayan 2239 nəfər azərbaycanlı öz dədə-baba yurdlarından didərgin düşdü. Hərbi təcavüz nəticəsində Respublikamızın 679 kvadrat kilometrlik ən məhsuldar torpaqları (Hadrut ərazisi) işğal edildi.

Ermənistanın işğal etdiyi Hadrut rayonu ərazisində 1 qəsəbə, 41 kənd, 31 kənd sovetliyi, 1000-dən çox sənaye və kənd təsərrüfatı obyekti, 12 məktəbəqədər uşaq müəssisəsi, 28 ümumtəhsil müəssisəsi, 1 texniki peşə məktəbi, 1 yeddiillik məktəb, 11 mədəniyyət evi, 22 klub, 41 kitabxana, 33 kinoqurğu, 218 min kitab, 6 xəstəxana, 20 «feldşer-mama» məntəqəsi, 115 xidmət atelyesi və emalatxana, 3886 min manatlıq ictimai-iaşə xidməti müəssisəsi, 8 amblator yardım poliklinikası, 5 qadın və uşaq xəstəxanası, 6412 ədəd radioqəbuledici nöqtə, 30 gündəlik tələbat malları mağazası, 40 pərakəndə ticarət mərkəzi, 23 əmanət kassası, 8644 min manat əmanətlərdəki pul, 61 mağaza, 21 restoran, 30 bufet, 51 ictimai iaşə müəssisəsi, 1 Univermaq, 1 sənaye malları mağazası, 63 xırda satış müəssisəsi, 150 yük avtomobili, 82 kombayın, 84 ATS, 16 poçt-telefon stansiyası, 8 futbol meydançası, 45 voleybol meydançası, 1388 yerlik ambulator poliklinika, 485 yerlik 1 pansionat, 250 yerlik 1 sanatoriya, 275 yerlik istirahət evi sanatoriya-epidamologiya mərkəzi, 110 km. avtomobil yolu, 20 körpü, 5 min km su, 3 min km elektrik xətləri, spirt-şərab zavodları, üzüm emalı zavodları, yerli sənaye kombinatları, aqrar sənaye birliyi, kənd Təsərrüfatı Təmir Texniki Stansiyası, tikinti, rabitə, nəqliyyat vasitələri, ictimai-iaşə müəssisələri, xidmət emalatxanaları təcavüzün qurbanı olmuşdur.

Erməni təcavüzkarları ərazidə olan yerli radio verilişləri redaksiyasını, muzeyləri, muzey sərvətlərini, eksponatları, 22 min hektar meşə zolağını, 100 illik yaşı olan qiymətli və nadir ağacları, əhəmiyyətli və müalicəvi su mənbələrini («Gəncəsər» bulağı), qədim memarlıq abidələrini ələ keçirmiş və amansızcasına qarət etmişdir.

Xocavənd rayonu ərazisində, Salakətin kəndinin yaxınlığında (Quruçay vadisində) 1,5 milyon il yaşı olan Azıx mağarası, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid «Ritiş» qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar üzərində yerləşən «Ərgünəş» qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid «Rzaqulu Bəy» türbəsi, Xocavənd kəndi yaxınlığında «Aşıqlı Qoşa» günbəzi, Böyük Tağlar kəndində «Alban» məbədi (1241-ci il), Tuğ kəndindəki «Qırmızı» məbəd adlı X əsrə aid tarixi memarlıq və incəsənət abidələri və s. var. Erməni təcavüzü nəticəsində rayonun dağıntıya məruz qalmış mədəni və dini abidələrinə nümunə olaraq Tuğ kəndinin 5 kilometrliyindəki V əsrə aid Alban kilsəsi, I-V əsrlərə aid Alban qəbiristanlıqları, Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Qaradağlı kəndinin ərazisində qeydə alınan və III-VI əsrlərə aid olan Alban qəbiristanlıqları, Əmirallar kəndi yaxınlığındakı (keçmiş Bəhrəmli kəndi ərazisində) Bəhrəmli piri, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi ərazisindəki Yel piri və neçə-neçə qiymətli maddi memarlıq abidələrini göstərmək olar.

Hadrut ərazisində olan qiymətli, nadir və tükənməz qranit, pirit, qalenit, qızıl, molibden, şpat, tikinti materialları və s. yataqları təcavüzkarlar tərəfindən ələ keçirilmiş və istehsal edilərək Ermənistana daşınmışdır. Hadrut rayon ərazisi bütövlükdə ekoloji terrora məruz qalmışdır. Qədim tarixə malik mağaralarımız ermənilərin silah anbarlarına çevrilmişdir. Ərazidəki «Qırmızı kitab»a düşən nadir ağaclar, təbii meşələr erməni quldurları tərəfindən məhv edilmişdir. Təcavüz nəticəsində öz doğma yurd- yuvalarından didərgin düşmüş rayon sakinləri respublikanın 40 rayon və şəhərində müvəqqəti məskunlaşmışdır.

HADRUTUN AZAD EDİLMƏSİ MÜHARİBƏNİN TALEYİNİ HƏLL EDƏN ƏMƏLİYYAT İDİ

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlayan sürətli əks-hücum əməliyyatları nəticəsində ardıcıl olaraq düşmənin torpaqlarımızda qurduğu müdafiə-istehkam xətləri darmadağın edildi. Oktyabrın əvvəlindən başlayaraq Azərbaycan Ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəlmişdi. Hadrutun azad edilməsi müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan Ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başlayacaqdı. Ona görə də Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çöx böyük rolu olub. Çünki düşmən Azərbaycan hərbçilərini Şuşada başqa istiqamətdən gözləyirdilər. 2020-ci il oktyabrın 7-dən başlayaraq ağır artilleriya döyüşləri başladı, oktyabrın 9-də isə Azərbaycan qoşunları qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına aldılar. Beləliklə Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hərbi-strateji əhəmiyyəti baxımından Hadrutun azad edilməsi 44 günlük savaşın taleyini müəyyən etdi. Qəsəbənin və ətraf kəndlərin işğaldan azad olunması əməliyyatına Hadrut döyüşləri də deyilir. Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri də düşmən işğalından azad olunub.

Qəsəbənin azad olunması xəbərini Azərbaycan xalqına Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırdı. 2021-ci il martın 15-də Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb və çıxış edib. Ali Baş Komandan çıxışında bildirib ki, Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub: “İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi».

«DƏMİR YUMRUQ" ABİDƏSİ

Ötən il iyunun 26-da Hadrutda zəfər şəhidlərinin xatirə kompleksinin qarşısında İkinci Qarabağ müharibəsində həyatını itirmiş əsgər və zabitlərin xatirəsinə inşa edilmiş "Dəmir yumruq" abidə kompleksinin açılışı olub. Bürüncdən hazırlanan abidənin üzərində əsgər təsviri və Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alan pilotsuz uçuş aparatları əks olunub.

Hadrutda ölkə və yerli əhəmiyyətli iki məbəd var ki, bunlar erməni işğalı zamanı dağıdılıb. Onlardan biri 1170-ci ilə aid Alban məbədidir. Digəri isə XVIII əsrə aid məbəddir.

Ümumiyyətlə, Xocavənd rayonunun turizm potensialı genişdir. Ən əsası burada ilk insan məskənlərindən olan Azıx mağarası yerləşir. Prezident ötən il Xocavənd rayonunun ictimaiyyət nümayəndələri ilə görüşündə qeyd edib ki, bura təbiətcə çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir.

Dövlət başçısı qeyd edib ki, Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı çox böyük planlar var. Hadrutun tarixi hissəsi yenidən qurulacaq: "...Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik".

Tarixi saxtalaşdıran ermənilər Hadrutla bağlı da eyni iddiada idilər. Prezident də ictimaiyyət nümayəndələri ilə görüşdə bu məsələyə toxunmuşdu. Qeyd etmişdi ki, Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub. Onların tarixi də, keçmişi də, dövlətçiliyi də, mifologiyası da saxtadır: "Sadəcə olaraq dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlərboyu burada yaşayıb".

Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. O vaxta qədər burada erməni yaşamayıb. Tarixi saxtalaşdıraraq bu gün də bugünkü reallıqları saxtalaşdırırlar. Müharibə dövründə biz Ermənistan rəsmi orqanlarından nə qədər yalan eşitdik. Onların Müdafiə Nazirliyindən, - yəqin ki, onun adını gərək dəyişdirib yalan nazirliyi qoysunlar, - o qədər yalan, o qədər cəfəng informasiyalar gəlirdi ki, həm biz, həm də beynəlxalq ekspertlər, sadəcə olaraq, təəccüb edirdilər. Hadrutla bağlı bu yalanın dərəcəsi ən pik həddə çatmışdı. Çünki Hadrutun işğaldan azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı.

«BİZ HADRUTU BƏRPA EDƏCƏYİK»

Bu gün Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində olduğu kimi, Xocavənd rayonunun Hadrut qəsəbəsində möhtəşəm bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Erməni işğalı dövründə tamamilə dağıdılmış, yerlə yeksan edilmiş qəsəbə və kəndlərimiz yenidən qurulur, bu torpaqlara həyat təkrar qayıdır.

Prezident İlham Əliyev Xocavənd rayonunun ictimaiyyəti ilə görüşündə bir daha vurğuladı ki, biz Hadrutu bərpa edəcəyik: « Hadrutun baş planı, onun ilkin versiyası mənə təqdim edildi. Mənim bir çox iradlarım olub, ona görə mən bu gün o planı gətirmədim. Çünki hələ onun üzərində işləmək lazımdır. Ancaq hesab edirəm ki, yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcəklər, təqdim olunacaq və biz onu təsdiq edəcəyik».

Dövlətimizin başçısı bu gün artıq Hadrutun bərpası işlərinə start verildiyini, avtomobil yolunun təməli qoyulduğunu, Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcəyini, “Hadrut” yarımstansiyası tikiləcəyini bildirdi. Artıq Hadrutda məscidin tikintisinə də start verildi: «Məscidin də təməlini mən qoydum və hesab edirəm ki, bu da tarixi hadisədir. Çünki sovet vaxtında Hadrut qəsəbəsində yaşayanların əksəriyyəti ermənilər idi. Onlar, əlbəttə ki, burada məscidin inşasına imkan verməzdilər və bilirik ki, bütövlükdə sovet dövründə - ateizm dövründə məscid tikmək mümkün deyildi».

HADRUTDA KOMANDO BRİQADASININ YARADILMASI

Hadrutun əhəmiyyəti hər kəsə bəlli idi, başlıcası isə Vətən torpaqlarını heç nədən qorxmadan düşməndən azad etmək üçün irəli atılan cəsur oğullara. Buna görə qələbənin təmin olunmasında Hadrutun simasında Xocavəndin işğaldan azad olunmasının rolu böyük idi. Bu baxımdan Vətən müharibəsi şərəfinə təsis edilən orden və medallar sırasında "Xocavəndin azad olunmasına görə" medalı da var.

Prezident İlham Əliyevin 25 dekabr 2020-ci il və 24 iyun 2021-ci il sərəncamları ilə Xocavənd uğrunda döyüşlərdə iştirak etmiş 7991 hərbi qulluqçu "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.

2021-ci il dekabrın 24-də Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak edirlər.

Şəxsi heyət qarşısında çıxış edən Prezident deyir ki, bu hərbi hissənin açılması çox böyük əhəmiyyət daşıyır. Çünki bu hərbi hissə işğaldan azad edilmiş ərazidə - Xocavənd rayonunda açılır və ordumuzun sərəncamına verilir. Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, Komando qüvvələri yerləşir. Komando briqadasının yaradılması bizim üçün yenilikdir: "Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxışı zamanı bildirib ki, bu gün artıq Hadrutun və ümumiyyətlə Qarabağın yeni dövrü başlayır: «Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə - Qarabağın azad edilməsinə nail olaq».

«GÖSTƏRDİK Kİ, HEÇ KİM VƏ HEÇ NƏ BİZİM QABAĞIMIZDA DURA BİLMƏZ, NƏYİN BAHASINA OLURSA-OLSUN, BİZ BÜTÜN TORPAQLARIMIZI AZAD EDƏCƏYİK»

Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib ki, Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik: «Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik».

Bir sözlə, dövlət başçımızın söylədiyi kimi, biz həm tarixi ədaləti bərpa edirik, həm bizim dini-mənəvi dəyərlərimizə sədaqət göstəririk.: «Bizim Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı çox böyük planlarımız var. Biz bu gün bu planların icrasına start verdik. Bu gün xocavəndlilər öz doğma torpaqlarına gəliblər, bundan sonra gəlişlər daha da tez-tez həyata keçiriləcək».

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər