“Belə davam etsə, Ermənistan blokadada qalacaq, blokada götürülməsə isə, Ermənistan inkişaf etməyəcək”
Siyasi Araşdırmalar İnstitutunun (Rusiya) direktoru Sergey Markov “Moskva-Baku” portalına müsahibəsində İrəvanın Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi bəyanatların məqsədini açıqlayıb. Müsahibəni oxucularımıza təqdim edirik.
- Son aylarda Ermənistanın baş naziri qondarma Zəngəzur dəhlizi ilə bağlı sözləri manipulyasiya etməkdə davam edir. Bu yaxınlara qədər o, birbaşa və israrla bildirirdi ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin imzaladığı üçtərəfli bəyanatın 9-cu bəndində nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması ilə bağlı Rusiya FSB-nin nəqliyyat marşrutuna nəzarəti barədə heç bir sitat yoxdur. Sənəddə belə bir tezis olsa da... Belə addımları necə başa düşmək olar?
- Ermənistanın baş naziri də eyni məqsədə- Rusiyanı regiondan sıxışdırıb çıxarmağa və Cənubi Qafqazda mövqelərini zəiflətməyə çalışır. Onu Ermənistandan sıxışdırıb Qərblə əvəz etmək məqsədi var. Bu, onun ikinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən sonra addım-addım irəliləməyə başladığı strateji məqsədidir. O, erməni xalqının Rusiyaya qarşı məyus olmasından istifadə edərək müvafiq əhval-ruhiyyəni gücləndirir və əhalinin bu cür hissləri ilə Qərbə doğru siyasi kursun dəyişməsini izah etməyə çalışır.
Rusiyanın bölgədən sıxışdırılması İrəvanın planına görə, onun Zəngəzur dəhlizi layihəsindən kənarda qalması deməkdir. Bundan əlavə, o, Qərbin dəstəyi ilə bütün platformalarda fəal şəkildə təbliğ etdiyi özünün “Dünyanın kəsişməsi” layihəsi ilə əvəz etmək istəyir. Amma mən onun təbliğatını daha çox siyasi alət adlandırardım. Qonşularla- Azərbaycan və Türkiyə ilə sülh olmadan belə bir layihə mümkün deyil. Bu gün bu, daha çox profanasiya layihəsi və mücərrəd bir layihədir. Bunun reallıqla az əlaqəsi var. Üstəlik, Ermənistan o qədər də kəsişmə nöqtəsi deyil, daha çox dənizə çıxışı olmayan, respublikanın çətin münasibətləri olan ölkələrlə əhatə olunmuş ucqar guşədir. “Dünyanın kəsişməsi” indiki vəziyyətdə heç yerə aparmayan yoldur. Hətta Qərbin dəstəyi olsa belə Ermənistanla qonşuları arasında sülh olmayandan sonra bu necə mümkündür?! İnanıram ki, Paşinyan özü də yaxşı başa düşür ki, bütün bunlar çox zəif həyata keçirilə bilər.
Nikol Paşinyan 2020-ci il noyabrın 9-10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatı rədd etmək istəyir. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın bəyanatdan öz imzasını geri çəkmədiyini desə də, yenə də nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınması üzrə işlərin irəliləməsinə mane olduğuna eyham vurub. Beləliklə, İrəvan Bakı və Moskva qarşısında öhdəliklərini yerinə yetirməməyə çalışır.
Yeri gəlmişkən, biz İrəvanın tələbi ilə Rusiya sərhədçilərinin Ermənistanda mövqelərinin tədricən zəiflədiyini görürük. Rusiya sərhədçiləri 1992-ci ildən Ermənistan sərhədlərini qoruyur. Məlum olduğu kimi, ötən həftə Putinlə Paşinyan arasında Moskvada keçirilən görüşdən sonra İranla sərhəddə yerləşən keçid məntəqəsində bundan sonra Rusiya sərhədçiləri deyil, sırf erməni sərhədçiləri xidmət göstərəcək. Həmçinin Ermənistanın nümayəndələri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərinin mühafizəsi üçün Rusiya sərhədçilərinə qoşulacaqlar. Bu, tamamilə məntiqli bir addım kimi görünür. Lakin İrəvanın ümumi qərbyönümlü siyasəti fonunda bu, təbii ki, növbəti ardıcıl anti-Rusiya addımı kimi görünür. Rusiyanı Ermənistandan tamamilə çıxarmaq və Qərb qüvvələrini, NATO ölkələrinin hərbi bazalarını ölkədə yerləşdirməyə dəvət etmək- plan budur.
- Bir ölkə rəhbərinin onun üçün əlverişsiz hala gələn sitatın sənəddə olduğu halda, bunun olmadığını iddia etməsi nə dərəcədə normaldır?
- Siyasətdə bu cür manipulyasiyalar çox təəssüf ki, normaya çevrilib. Paşinyan dönüb dolanan, irəli-geri fırlanan siyasətçi tipidir...
- Şənbə günü Paşinyan Yerevanda “Dünyanın kəsişməsi” adlı konfrans-təqdimat keçirib. Ən maraqlısı odur ki, bir neçə aylıq təkzibdən sonra o, birdən təsdiqlədi ki, üçtərəfli bəyanatda hələ də Rusiya FSB-si ilə bağlı sitat var. Amma izah etdi ki, deyirlər, o, olması lazım olduğu kimi başa düşülmür. Və Rusiya FSB-nin hüququna malik olduğu yeganə şey Ermənistanın Azərbaycan və onun Naxçıvan eksklavını birləşdirən nəqliyyat marşrutu üzrə daşımalara nəzarəti həyata keçirməsinə nəzarət etməkdir. Daha sonra Ermənistan Xarici İşlər Nazirliyi onun bəyanatlarına aydınlıq gətirərək qeyd edib ki, İrəvanın fikrincə, Rusiya Federasiyası FSB-nin sərhədçiləri respublika ərazisində fiziki olaraq olmayacaq.
- Bəli belə bir qarışıqlıq onlarda adi haldır. Bir-birini təkzib edən bu və ya digər şeyi deyirlər. Ancaq mesaj eynidir- biz Rusiyanın nəqliyyat marşrutuna nəzarət etməsini istəmirik və heç bir halda dəhliz üzərində Rusiya sərhədçiləri olmayacaq. Yəni deyirlər ki, bəli, biz bu müqaviləni imzalamışıq, amma indi bu müqaviləni xaincəsinə pozuruq.
Qeyd etdiyim kimi, Ermənistan bu gün sadəcə olaraq üçtərəfli bəyanata əməl etməməyə çalışır. Deyərdim ki, bu, praktiki olaraq heç bir səmimi müttəfiqi olmadığı halda ölkəni çıxılmaz vəziyyətə salan respublika üçün tipik siyasətdir. Demək olmaz ki, yalnız Paşinyan ölkəni dalana dirədi, sələfləri də Azərbaycanla sülhün bərqərar olmasına qarşı çıxanda və onun ərazilərini işağlda saxlayanda belə etdilər. Ermənistanın müxtəlif hakimiyyət orqanları müxtəlif dövrlərdə bu cür fırlanır, dolanır, mənalarla hoqqabazlıq edir, müəyyən şərtlər qoyur, nəticədə Ermənistan İkinci Qarabağ müharibəsinə, daha sonra isə Azərbaycanın antiterror tədbirlərinə nail olur.
- Paşinyan bir daha bəyan etdi ki, üçtərəfli bəyanata Ermənistan deyil, əslində onu imzalayan digər dövlətlər əməl etmir...
- Baş nazir sadəcə olaraq yalan danışır. Bu qədər açıq yalan danışa bilməzsən. Baxmayaraq ki, bunu da başa düşmək olar. Ermənistan kiçik, siyasi və iqtisadi cəhətdən zəif ölkədir. O, himayə olunmaq üçün bundan istifadə edir. Bəs bütün bunlar əbədi davam edəcəkmi və bu, İrəvana yalan danışmaq və öhdəliklərini yerinə yetirməmək hüququ verirmi? Qərb Ermənistana verdiyi qondarma yardımda yalnız öz məqsədlərini güdür, başqa heç nə yoxdur.
Paşinyan eyni məcrada davam etsə, Ermənistan blokadada qalacaq. Blokada götürülməsə, Ermənistan inkişaf etməyəcək. Blokadanın aradan qaldırılması üçün İrəvan Azərbaycan və Türkiyənin tələblərini yerinə yetirməlidir. Onların arasında Azərbaycan Respublikasına qarşı ərazi iddialarının Ermənistan Konstitusiyasından çıxarılması ilə Azərbaycanla tam hüquqlu sülh müqaviləsinin imzalanması da var. Zəngəzur dəhlizinin açılması, sərhədin demarkasiyası və delimitasiyasının başa çatdırılması da. Bu həm də türklərlə barışıq siyasətinin həyata keçirilməsidir. O baxımdan ki, Ermənistan Türkiyədən daha çox nəsə almaq istəyirsə, o zaman müsbət addımlar atmalıdır.
Tərcümə - Elçin Bayramlı