Siyasət

  • 983

Azərbaycan-ICESCO əməkdaşlığında yeni mərhələ ŞƏRH

image

Dünya təşkilatları ilə əməkdaşlıq və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir. Müxtəlif sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına və davamlı olmasına öz təsirini göstərir. Azərbaycanın İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan ICESKO ilə də münasibətləri də möhkəm təmələ əsaslanır. 1979-cu ildə təşkil edilmiş ICESKO ilə Azərbaycan dövləti yaxından əməkdaşlıq edir və dünyada mədəniyyət abidələrinin qorunması prinsipini dəstəkləyir. Bakı şəhərinin 2009-cu il üçün İslamın paytaxtı, eləcə də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ICESKO-Azərbaycan münasibətlərini bir daha aydın göstərir. ICESKO rəhbərliyinin təşkilatçılığı ilə görkəmli şərqşünas alim Aida İmanquliyevanın "Müasir ərəb ədəbiyyatının korifeyləri" əsəri və "Ərəb hərfləri ilə Azərbaycan yazısı" kitabı ərəb dilində çap edilmişdir. ICESKO-nun aylıq xüsusi jurnalında Azərbaycan ilə əlaqələrə həmişə geniş yer ayrılması, 2008-ci ildə Mərakeşdə Azərbaycan mədəniyyət günlərinin keçirilməsində ICESKO rəhbərliyinin göstərdiyi hərtərəfli dəstək davamlı əlaqələrin mövcudluğundan xəbər verir. Təşkilatın rəhbəri 2006-cı ildən etibarən respublikamızda keçirilmiş bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak etmişdir. Bu sırada Bakıda keçirilmiş "Gənclər sivilizasiyaların alyansı naminə" mövzusunda beynəlxalq konfrans, Heydər Əliyev Fondunun təşəbbüsü, UNESKO və ICESKO-nun dəstəyi ilə keçirilmiş "Mədəniyyətlərarası dialoqda qadınların rolu" mövzusunda forum, "Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009" mədəniyyət ilinin açılış mərasimi, İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı, Dünya Dini Liderlərinin Bakı Sammiti və Ümumdünya Mədəniyyətlərarası Dialoq və digər tədbirlərin adlarını qeyd etmək yerinə düşər. 2-3 dekabr 2019-cu il tarixlərində ICESCO-nun Baş qərargahında keçirilmiş İslam Dünyası İrsi Komitəsinin növbədənkənar toplantısında Azərbaycan mədəni irs nümunələri - Bakının İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı İslam Dünyası İrsi Siyahısına daxil edilmişdir. ICESKO tərəfindən qəbul edilmiş qərarlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maddələr də öz əksini tapmışdır. Hazırda Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. Təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir. Ölkəmizin müsəlman dünyası ilə əlaqələrinin genişlənməsi prosesi son dövrlər daha intensiv xarakter almışdır. İslam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan dövləti ardıcıl olaraq siyasət yürüdür. Bildiyimiz kimi, Azərbaycan 2017-ci ildə "İslam Həmrəyliyi Oyunları"nı qəbul etdi, Ölkəmizdə Cənab İlham Əliyevin Sərəncamı ilə "İslam Həmrəyliyi İli" elan olundu. Bu, islam ölkələrinin birliyinə verilən ən böyük töhfə oldu. Bildiyimiz kimi, İslam Konfransı Təşkilatının üzvü və ya müşahidəçisi olmayan ölkə ICESCO-nun üzvlüyünə iddia edə bilməz. Bu baxımdan müstəqil Azərbaycan "İslam dünyasının BMT - si" adlandırılan İslam Əməkdaşlıq Təşkilatın da fəal üzvüdür.

MƏCBURİ KÖÇKÜN QIZLAR VƏ İNTERNAT EVLƏRİ ÜÇÜN TƏHSİL VƏ SOSİAL DƏSTƏK LAYİHƏSİ ÜZRƏ ƏMƏKDAŞLIQ SAZİŞİ

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Mərakeşin Rabat şəhərində yerləşən qərargahında olub. Oktyabrın 14-də ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşdə Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycan-ICESCO əməkdaşlığı, o cümlədən Fond ilə birgə layihələr müzakirə edilib. Noyabr ayında ölkəmizdə keçiriləcək COP29 çərçivəsində Fond və ICESCO arasındakı əməkdaşlıq, təşkilatın COP29-da pavilyonla təmsil olunması ilə bağlı məsələlər diqqət mərkəzində olub.

Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən ekoloji layihələr barədə də məlumat verilib. Ətraf mühitin qorunması sahəsində ICESCO ilə Heydər Əliyev Fondunun gələcək əməkdaşlığı nəzərdən keçirilib. Daha sonra Heydər Əliyev Fondu ilə ICESCO arasında Burkina-Fasoda məcburi köçkün qızlar və internat evləri üçün təhsil və sosial dəstək layihəsi üzrə əməkdaşlıq sazişi imzalanıb. Layihənin məqsədi qız tələbələri lazımi resurslar, mentorluq və təhlükəsiz, dəstəkləyici mühitlə təmin etməkdir. Bu isə keyfiyyətli təhsilə çıxış, həyat bacarıqları təlimi və emosional dəstək, şəxsi inkişafı və dayanıqlığı təşviq etmək kimi məsələlərin həlli deməkdir. Layihə çərçivəsində seminarların təşkili, məktəblərdə kompüter siniflərinin və kitabxanaların yaradılması da nəzərdə tutulur. 2025-ci ilin oktyabr ayınadək davam edəcək layihə Burkina-Fasonun bir sıra şəhərlərini əhatə edəcək.

Nümayəndə heyəti daha sonra ICESCO-nun Rabatdakı qərargahında yaradılan Peyğəmbər və İslam Sivilizasiyası Muzeyini ziyarət edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Azərbaycan 50-dən çox müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) 1991-ci ildən üzvüdür. Həmin vaxtdan qurulmuş münasibətlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2006-cı ildə ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə daha da genişlənib. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə ICESCO arasında da sıx əməkdaşlıq mövcuddur. Təhsil, mədəniyyət, səhiyyənin inkişafı məsələlərini prioritet kimi qəbul edən Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər və reallaşdırdığı layihələr ICESCO-nun əsas fəaliyyət istiqamətləri ilə uzlaşdığından iki qurum bir çox sahədə əlaqələrini daha da genişləndirir. 2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada bu ilin may ayında Heydər Əliyev Fondu və ICESCO arasında mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutan əməkdaşlığa dair imzalanan memorandum da əlaqələrin genişləndirilməsi istiqamətində növbəti addım kimi dəyərləndirilə bilər.

İSLAMİ DƏYƏRLƏR MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN AYRILMAZ HİSSƏSİDİR

Bəşər tarixində yeni və ən mütərəqqi bir səhifə olan İslam mədəniyyəti cəmiyyətdə misli olmayan dəyişiklikləri yaratmış oldu. İslam dini yüksək əxlaqi dəyərləri, ədaləti, bərabərliyi, sülhü təbliğ edən dindir. Bu gün dünyada gedən ikili standartlara, İslama qarşı qarayaxma kampaniyalarına baxmayaraq İslam öz dəyərlərini qoruyub saxlayıb və inkişaf etdirir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Qafqazda İslamın yayılması və inkişaf etməsi Azərbaycandan başlayır. İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik gətiribdir, inkişaf, İslami dəyərlər gətiribdir. Bu dəyərlər – müqəddəs kitabımız Qurani-Kərimdən gələn İslami dəyərlər Qafqaz xalqlarının milli-mənəvi dəyərlərinin əsasını təşkil edir".

Bu gün Azərbaycan dünya ölkələri üçün dini tolerantlıq nümunəsinə çevrilib. Dünyada çoxmədəniyyətli ölkə imici qazanmış Azərbaycanda müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətləri və tolerantlıq hökm sürür. Ölkəmizdə yaşayan müxtəlif xalqlara milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub-saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şəraitin təmin edilməsi Azərbaycanı dünya ölkələri üçün tolerantlıq örnəyinə çevirib.

Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə də olan münasibəti əməli fəaliyyətdə aydın görünür. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən, dini ocaqlara - məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin və vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Bu gün Azərbaycan dünyəvi, müasir dövlət olmaqla yanaşı, milli dəyərlərə və adət-ənələrinə böyük hörmətlə yanaşan bir ölkədir. Ölkəmizdə din-dövlət münasibətləri formalaşıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Biz müasir dövlət qurmuşuq. O dövlət ki, dərin milli-mənəvi təməl üzərində qurulub". İslami dəyərlər milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir və Azərbaycan islamı olduğu kimi - sülh, mərhəmət dini kimi dünyaya çatdırmaq istiqamətində tədbirlər həyata keçirir.

"ŞUŞA – İSLAM DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI 2024"

Azərbaycan müsəlman ölkələri ilə dostluq və qardaşlıq əlaqələrinə malikdir və bütün müsəlman ölkələri ilə sıx əlaqələr quraraq beynəlxalq müstəvidə bir-birini daim dəstəkləyirlər. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi islam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verir. Şuşanın 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi şəhərin İslam sivilizasiyasının mərkəzlərindən biri kimi təqdimində mühüm rol oynayır. Cari ilin mayın 11-də Şuşanın Cıdır düzündə VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının və "Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasiminin keçirilməsi Şuşanın daş yaddaşına hopan bir tarix kimi ədbədiləşdi.

Şuşa şəhəri nəinki Azərbaycanın, türk dünyasının, islam dünyasının eləcə də bütün dünyanın mədəniyyət paytaxtı elan olunmağa layiqdir. Milli-mənəvi dəyərlərinin beşiyi kimi tanınan Şuşa əsrlərin sınağından çıxaraq yüzilliklərin daş yaddaşında tarix yazıb. Bu tarix Şuşa haqqında olan bütün məlumatları özündə əks etdirib. Zəngin və şanlı tarixi keçmişə malik olan Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən, məşhur Cıdır düzündəki Şuşa mağarası bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir. Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024" elan olunması islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayır.

Şuşada dini abidələrə dövlətimiz tərəfindən diqqətlə yanaşılır. Ermənilər tərəfindən dağıdılmış dini abidələrimizə yeni həyat verilir. Bu günlərdə Şuşada Mamayı məscidinin bərpadan sonra açılışı bunun göstəricilərindən biridir.

AZƏRBAYCANIN HAQQ İŞİNƏ DƏSTƏK

Hazırda Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. Təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir. Hələ müstəqilliymizin ilk illərində erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan Azərbaycanın haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu qeyd edilməlidir. İƏT Azərbaycan və Ermənistan arasında münaqişənin həll olunması ilə bağlı Azərbaycana davamlı dəstək göstərib. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan torpaqlarının 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı ilə nəticələnmiş münaqişənin həlli ilə bağlı bir neçə qətnamə qəbul etmişdir. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqeyini diqqətdə saxlayaraq İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr qəbul etmişdi. İƏT Azərbaycanın haqq işini hər zaman dəstəkləyib və bu, təşkilat üçün prioritet olaraq qalır. Bildiyimiz kimi, İƏT-in Baş Katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumunu, atəşkəsi pozmasını, nəticədə azərbaycanlı əsgərlərin həlak olmasını və yaralanmasını kəskin şəkildə pisləyən bəyanat yaymışdı. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, İslam Əməkdaşlıq Təşkilatı bizə birmənalı dəstək oldu. Torpaqlarımızın işğaldan azad olunmasında hər zaman Azərbaycanı dəstəkləmişdir.

ÇOXMƏDƏNİYYƏTLİ HARMONİYANIN İNKİŞAFINA TƏKAN

Azərbaycan İslam dünyasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, dünyada sülhün və təhlükəsizliyin təşviqi sahəsində böyük səylər göstərən mühüm təşkilatlardan olan ICESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir.

Təsadüfi deyil ki, məhz Azərbaycan dünyanın tolerant mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dialoqlar, mədəniyyətlərarası dialoq, humanitar forum, dünya dinlərinin liderlərinin zirvə görüşləri - bütün bunlar bu gün Azərbaycan reallıqlarıdır. Cənab Prezident çıxışlarının birində vurğulayıb: "Biz çalışırıq bu tədbirlərin keçirilməsi ilə ümumi işimizə töhfəmizi verək ki, dünyada da dini, milli zəmində heç vaxt anlaşılmazlıq və qarşıdurma olmasın. Əfsuslar olsun ki, biz bir çox hallarda bunun əksini görürük. Yaxın Şərqdə, Avropada, digər yerlərdə dini amil əsasında müharibələr, davalar və qanlı toqquşmalar baş verir. Bu, əlbəttə ki, bizi çox narahat edir. Yenə də deyirəm, ümid edirəm ki, Azərbaycan öz müsbət təcrübəsini başqa ölkələrlə bölüşərək, ümumbəşəri dəyərlərə qiymətli töhfəsini verir və verəcəkdir".

Dövlət başçımız ölkədə milli-mənəvi dəyərlərin qorunub-saxlanmasında müstəsna xidmətlər göstərir. Dövlətimizin başçısı islam dininin xalqımızın həyatındakı rolunu, onun milli kimliyimizin formalaşmasındakı əhəmiyyətini nəzərə alaraq, ölkədəki dini ibadətgahların qorunmasında, onların gələcək nəsillərə çatdırılmasında əsl fədakarlıq nümayiş etdirir.

Qətiyyətlə deyə bilərik ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin və etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycan uğurlu bir inkişaf yolundadır. Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər