Prezident İlham Əliyev: "Hər kəs gücümüzü gördü, hər kəs qüdrətimizi gördü, iradəmizi gördü"
"Dəmir yumruğ"un gücü, Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi, xalqın Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşməsi bizi haqqımıza qovuşdurdu, tarixi ədalət bərpa olundu. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Həmin sənəd əsasında Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarıldı. Bu dövlət başçımızın siyasi iradəsinin gücü idi. "Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu", - deyə Prezident bildirmişdir. "Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü", - deyən Prezident bildirib ki, bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi: "Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!"
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan torpaqlarımıza səfər edərək, erməni vandallarının törətdiyi əməlləri bir daha xalqımıza göstərir və bu ərazilərdə görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verir, açılışlar edir, yeni təməllər qoyur. Əlbəttə ki, dağıntılara məruz qalmış ərazilərimizi bütün dünya görmüş olur. Təbii ki, ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, ərazilərimizi viran qoysalar da, xalqımza məxsus din-mədəniyyət abidələrin dağıtmış olsalar da, tarixi həqiqət qələbə çalıb. İşğaldan azad olunan Qarabağın tacı Şuşa yeni inkişaf dövrünü, abadlıq-quruculuq dövrünü yaşayır. Bu müddət ərizində görülən işlərin miqyası kifayət qədərdir.
QURUCULUQ MEYDANINDA GENİŞMİQYASLI LAYİHƏLƏR
İnkişaf strategiyası nəticəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib. Dinamik inkişafı və beynəlxalq aləmdə qazandığı nüfuzu ilə seçilən Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, insan kapitalının davamlı inkişafını təmin edir. Qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilib. Bu prioritetlərə söykənən dövlət başçısının 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə 16.11.2022-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edildi.
İşğaldan azad olunan ərazilərimizin təmir və bərpasına 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2.2 milyard ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Təbii ki, Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Azərbaycan bu gün quruculuq meydanında imza atdığı lahiyələri ilə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Bildiyimiz kimi, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Bu və ya digər layihələr çox böyük perspektivə malikdir. Təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək və s. proritet məsələ olaraq qarşıya qoyulub və əhalinin doğma torpaqlarına geri qayıdışının yüksək səviyyədə təminatı istiqamətində davamlı layihələr həyata keçirilir.
"VERİLƏN GÖSTƏRİŞLƏR YERİNƏ YETİRİLİR"
Hazırda digər ərazilərdə olduğu kimi, Şuşanın Baş planı əsasında bərpa və yenidənqurma işləri davam etdirilir. Şəhərin Baş planı hazırlanarkən onun tarixi simasının qorunub saxlanılması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri əksini tapıb.
Bu gün Şuşada görülən işlərin miqyası çoxdur. Hər daşı, hər abidəsi yenidən qurulur. Zəfər qazanan xalq hər qarış torpağına, məhz ruhuna uyğun olaraq nəfəs verir. Axı bu günü illərdir ki, gözləyirdik. Gözləyirdik ki, bizim yolumuzu gözləyən torpaqlarımıza nəfəs qataq. Əlimizlə, zəhmətimizlə, səsimizlə, addımlarımızla. Bu gün bizlərə nəsib oldu. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Şuşada Gövhərağa məscidinin bərpası Azərbaycanın öz dərəylərinə milli-mənəvi islami dəyərlərinə olan ehtiramın nümunəsidir. Dövlət başçısının bildirdiyi kimi, "Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir".
"FÜZULİ ŞƏHƏRİNDƏN ŞUŞAYA QISA MÜDDƏT ƏRZİNDƏ ZƏFƏR YOLU ÇƏKİLDİ"
Prezident İlham Əliyev hələ Vətən müharibəsindən öncə qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün büstləri Şuşaya qaytarılacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrildi. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərində bu qədim Azərbaycan şəhərinə gələn qonaqları salamlayır. Bu gün Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün Şuşadakı büstləri öz məkanlarında rahat nəfəs alır. "Şuşada quruculuq işləri, əslində, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra başlamışdır. İlk növbədə, Şuşaya yol çəkilməli idi. Çünki siz yaxşı bilirsiniz ki, işğala qədər olan dövrdə yol Xankəndi ərazisindən keçirdi. Ona görə Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir və yəqin ki, gələn ilin sonuna qədər o da hazır olacaq. Şuşanın tarixi abidələrinin bərpası dərhal başlanılmışdır. Birinci, Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Ondan sonra Yuxarı Gövhər Ağa məscidi, daha sonra Saatlı məscidi bərpa olundu. Bu gün Mamayı məscidinin bərpadan sonra açılışını etdik. Çöl Qala məscidində artıq bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Amma yenə o mehmanxana da ənənəvi Şuşa memarlığı üslubunda inşa edilmişdir. Bu gün, eyni zamanda, Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu", - deyə Prezident çıxışlarının biində bildirib.
Şuşada tarixi məhəllələr çoxdur. Bütün işlərə başlamaq üçün, Azərbaycan Prezidentinin göstərişi ilə əvvəlcə Zəfər yolu, tunellər tikildi. Burada 56 kilometr uzunluqda şəhərdaxili yol şəbəkəsi, 81 küçə və müxtəlif kateqoriyalar - 10-12 metr enindən dar yollaradək çəkiləcəkdir. Təbii ki, şəhər mədəniyyət paytaxtıdır. Rəsmi məlumata əsasən, burada 196 abidə var. Artıq bərpa olunan abidələr Şuşaya yeni görkəm verib.
GÜNÜMÜZÜN REALLIĞI HƏDƏF QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURUN BƏRPASIDIR
Bugünki günümüzün reallığı, əsas hədəf Qarabağın bərpası və Böyük Qayıdış strategiyasını reallaşdırılmasıdır. Azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması əsas məsələlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin nəticəsidir ki, işğaldan azad olunan ərazilərə etdiyi səfərlər zamanı həmin yerlərdən verdiyi mesajlar, açılışı olan obyektlər, yaradılan infrastruktur layihələri deməyə əsas verir ki, böyük quruculuq işləri nəticəsində bu ərazilərin əksəriyyətində yeni həyat başlayıb. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Əlbəttə ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialını 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir. Ötən iyirmi bir il aydın şəkildə göstərdi ki, Cənab İlham Əliyev Prezidentliyi dövründə ölkə həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmiş və uğurlu gələcəyimizin təmin olunmasına yönəlmiş layihə və islahatlar davamlı olaraq reallaşır.
Şuşada Baş Plan əsasında bulaqlar bərpa olunur. Hər məhəllədə məscid, bulaq və hamam olub. Hamamlardan yalnız biri qalıb, bulaqların hamısı demək olar ki, yararsız vəziyyətə salınıb. Cənab Prezident Şuşa ilə Laçın arasında tikiləcək ilk qəsəbənin təməlini qoyub.
Bu gün Şuşa bu gün yeni bir dövrünə qədəm qoyub. Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir və burada reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, müqəddəs şəhər yenidən dirçəlir, inkişaf edir, geniş abadlıq və quruculuq meydanına çevrilib.
Zümrüd BAYRAMOVA