Azərbaycan Respublikasında hər il 26 iyun tarixi Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Həmin gün milli ordumuzun yaradılması və formalaşmasında mühüm mərhələ, dövlətimizin müdafiə potensialının möhkəmləndirilməsində xüsusi önəm daşıyan əlamətdar hadisə kimi yaddaşımıza həkk olunub. Silahlı Qüvvələr Günü Azərbaycan Ordusunun qazandığı böyük zəfərləri və tarixi nailiyyətləri dəyərləndirmək, milli birliyimizi və dövlətə bağlılıq ruhumuzu nümayiş etdirmək baxımından müstəsna əhəmiyyətə malikdir.
Silahlı Qüvvələrimizin tarixi 1918-ci il iyunun 26-da – Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi birləşmələrinin yaradılması ilə başlayır. Gənc dövlətin müstəqilliyini qorumaq və ərazi bütövlüyünü təmin etmək üçün atdığı bu addım, ölkəmizin hərbi müstəqilliyinin əsasını qoydu. Bu prosesdən keçən 107 illik şərəfli yol, bu gün müasir və güclü Azərbaycan Ordusunun formalaşmasına gətirib çıxarıb.
Azərbaycan Silahlı Qüvvələrinin inkişaf tarixi xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər, hələ Sovetlər dövründə Azərbaycanda hərbi sahəyə diqqət yetirərək milli zabit korpusunun formalaşması üçün mühüm addımlar atmışdı. Onun təşəbbüsü ilə yaradılan Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbi, bu istiqamətdə atılan strateji addımlardan biri kimi tarixə düşdü. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanlı gənclər SSRİ ordusunda yüksək vəzifələrə irəli çəkilir, hərbi biliklərə yiyələnərək gələcəyin ordu rəhbərlərinə çevrilirdilər.
1993-cü ildə ölkədə hökm sürən xaos və ordu sistemindəki dağınıqlıq fonunda Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan Ordusunda yeni bir mərhələ başlandı. Onun rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu tədbirləri qısa müddətdə nizami və peşəkar bir ordu yaratmağa imkan verdi. Ordunun döyüş qabiliyyəti artırıldı, hərbi təhsil və hazırlıq sistemləri yenidən quruldu, zabit kadrların hazırlanmasına xüsusi önəm verildi. 1998-ci ildə isə 26 iyun tarixi rəsmən Silahlı Qüvvələr Günü kimi təsbit edildi.
Bu gün Silahlı Qüvvələrimizin müasir siması və beynəlxalq səviyyədə tanınan gücü Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu siyasətinin nəticəsidir. Prezident və Ali Baş Komandan kimi İlham Əliyev Azərbaycan Ordusunun modernləşməsi, texniki təchizatının gücləndirilməsi və peşəkarlığının artırılması istiqamətində böyük islahatlara imza atıb. Xüsusilə hərbi sənaye kompleksinin genişləndirilməsi, yerli istehsal imkanlarının artırılması və beynəlxalq hərbi əməkdaşlığın dərinləşdirilməsi bu uğurlu siyasətin mühüm komponentlərindəndir.
Azərbaycan Ordusunun gücü və peşəkarlığı 2020-ci ilin 44 günlük Vətən Müharibəsində bütün dünyaya nümayiş etdirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar nəticəsində işğal altındakı torpaqlarımız azad edildi. Bu müharibədə hərbçilərimizin şücaəti, texnoloji üstünlük və xalqın vahid amalla səfərbərliyi Qələbənin təməlini qoydu. Şuşanın azadlığı ilə taclanan bu zəfər, eyni zamanda Azərbaycan Ordusunun regionda aparıcı gücə çevrildiyini təsdiqlədi.Qələbədən sonra Silahlı Qüvvələr daha da təkmilləşdirildi. Xüsusi Təyinatlı Qüvvələr, Quru Qoşunlar və digər hərbi birliklər yeni taktiki yanaşmalarla yenidən formalaşdırıldı, müasir texnologiyalarla təchiz olundu. Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi çərçivəsində hərbi əməkdaşlıq daha yüksək səviyyəyə çatdı. Bu əməkdaşlıq təkcə təlimləri deyil, həm də birgə strateji yanaşmanı əhatə edir.
Bu gün ordu sıralarına qoşulan Azərbaycan gəncliyi yüksək ruh, məsuliyyət və vətənpərvərlik hissi ilə silahlanır. Hərbi xidmət sadəcə borc deyil, həm də vətənə xidmətin fəxarətli bir yoludur. Peşəkar ordu modeli, qadın hərbçilərin sayının artması, hərbi təhsilin inkişafı və sosial təminat sahəsindəki uğurlar orduya inamı daha da gücləndirir.
Silahlı Qüvvələrimizin gücü xalqın birliyindən, dövlətin siyasi iradəsindən və müasir ordu quruculuğu strategiyasından qaynaqlanır. Qazanılan hərbi uğurlar Azərbaycanın suverenliyinin təminatçısıdır. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü isə ordumuzun şərəfli yoluna, gücünə və tarixi zəfərlərinə verilən ən ali dəyərdir.
Saleh MƏHƏRRƏMOV,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri