Siyasət

  • 2 000

2003-cü il 31 oktyabr: tarixin 21 ili

image

2003-cü il 31 oktyabrda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ilk inaqurasiya mərasimi keçirilmişdir. Tarixin 21 illik zamanı sübut etdi ki, İlham Əliyev ölkə Prezidenti seçilərək Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməsi ilə Ümummilli Liderimizin ölkəyə ikinci dəfə rəhbərliyi dövründə Azərbaycanda yaratdığı və inkişafına, müstəqilliyinin əbədiliyinə nail olduğu yeni Azərbaycanın daha böyük tərəqqisinə nail oldu. Ötən 21 ilin əvvəli ilə sonunu bir-birindən çox fərqli mənzərələr birləşdirir. Həm ictimai-siyasi, həm sosial-iqtisadi, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurla bağlı mənzərələrin hər birində əldə olunan yenilik, tərəqqi qürur hissi doğurur.

Ölkəmizdə ötən 21 il ərzində hərtərəfli inkişafa nail olunub. Bu inkişaf və tərəqqi fonunda torpaqlarımızın işğaldan azad edilməsini xüsusi olaraq vurğulamaq lazımdır. Dövlət başçısının 14 fevral 2024-cü ildə keçirilən andiçmə mərasimində dediyi kimi:“Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik”.

Cənab Prezidentin dəyərli fikirlərində bildirdiyi kimi, torpaqlarımızın da işğaldan azad olunmasından sonra, bəli, qarşıda Azərbaycanı yeni bir dövr gözləyir. Yeni dövr isə qarşımıza yeni vəzifələr qoyur. Buna görə də hər birimiz öz sahəmizdə yeni dövrün tələblərinə cavab verəcək dərəcədə çalışmalı, dövlət başçısı ətrafında daha sıx birləşməklə, Azərbaycanın gələcəyini hər zaman xalqının və millətinin mənafeyini düşünən Prezidentimizin görmək istədiyi səviyyəyə çatdırmalıyıq.

Ötən 21 ildə güclü iqtisadiyyat ən önəmli şərt oldu

Güclü iqtisadiyyat olmadan heç bir inkişafdan söhbət gedə bilməz. 90-cı illərdə torpaqlarımızın işğalı ölkəmizin böhran vəziyyətinə düşmüş iqtisadiyyatı səbəbindən reallaşa bildi. Çünki ordu infrastrukturunun yox dərəcədə olması işğalın əsasını təşkil edirdi. Ölkə vətəndaşlarının həmin illərdə yaşayış səviyyəsinin aşağı olması səhiyyə, təhsil və digər sahələrdə bir çox problemlərlə üzləşməsi ilə nəticələnirdi.

Ötən 21 ili müstəqillik illərinin qızıl dövrü hesab etmək olar. “Güclü iqtisadiyyat ən önəmli şərtdir”,–deyən Prezident İlham Əliyevin hakimiyyəti illərində keçirilmiş tədbirlər nəticəsində Azərbaycan iqtisadi inkişaf parametrlərinə görə dünyada lider mövqeyə malik olub.

Azərbayca­nın ümumi daxili məhsulu (ÜDM) real ifadədə 3,6 dəfə artıb. 2003–2022-ci illərdə Azərbaycanda ümumi daxili məhsul 7,3 milyard dol­lardan 78,7 milyard dollara yüksəlib. 2003–2023-cü illərdə dövlət büdcəsi­nin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata çatıb. Strateji valyu­ta ehtiyatları 2003-cü ildə 1,4 milyard dollardan 2023-cü il oktyabrın 1-nə 66,1 milyard dollara qədər artıb. 2003–2022-ci illərdə ölkə iqtisadiyyatına ya­tırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib. 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq sə­viyyəsi 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77,4 manatdan 839,4 manata yüksəlib.

Dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsini milli iqtisa­diyyat qarşısında əsas çağırış olaraq qoyub və bu istiqamətdə görülən işlər nəticəsində ötən 21 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə, dövlət büd­cəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3 min 500 ma­natdan çoxdur. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən, ixrac 16,1 dəfə artıb. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın artaraq, 13 min 256 manat təşkil edib.

Aparılan çoxşaxəli iqtisadi siyasət nəticəsində davamlı inkişaf təmin olu­nub. Birbaşa xarici borcun həcmi aza­laraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları son 21 ildə 47 dəfədən çox artaraq 66 milyard ABŞ dollarını keçib və bu, hazırda birbaşa xarici borcumuzu 10 dəfə üstələyir. Bu dövr ərzində sərmayələrin ümu­mi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onun 190 milyard dolları qeyri-enerji sektoruna yatırılıb. Görül­müş məqsədyönlü tədbirlər nəticəsin­də son 21 ildə qeyri-neft ixracı 8 dəfə­dən çox artıb.

Ötən 21 ildə Azərbaycanda qey­ri-neft sektorunun davamlı inkişafını reallaşdırmaq, innovativ və yüksək tex­nologiyalara əsaslanan sənaye müəs­sisələrini qurmaq, bu sahədə sahibkar­lığı dəstəkləmək və istehsal sahəsində məşğulluğu artırmaq məqsədilə yüz­lərlə istehsal və emal müəssisələri, iri sənaye mərkəzləri, parkları və məhəl­lələri yaradılıb. Bu dövr ərzində respublika üzrə 51 aqropark yaradılıb.

“Əsrin müqaviləsi” ilə Xəzər hövzəsini xarici investorlar üçün açan, Xəzərlə Qara dəniz və Aralıq dənizini birləşdirəcək enerji infrastrukturunun əsasını qoyan Ulu Öndər Heydər Əliye­vin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində yaranan imkan­lar qarşıya qoyulan genişmiqyaslı və­zifələrin tam həcmdə yerinə yetirilməsi üçün mühüm zəmin yaratdı. 2006-cı il iyulun 13-də Heydər Əliyevin adını daşıyan nəhəng Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı oldu və həmin ilin dekabrın 15-də “Şahdə­niz” yatağında ilk quyu istismara veril­di. Sonrakı illərdə “Ümid”, “Babək” və “Abşeron” yataqlarının kəşfi Azərbay­canın böyük qaz ehtiyatlarına sahib ol­duğunu təsdiq etdi. Bununla da, Azər­baycanın təbii resurslar tarixində yeni bir səhifə açıldı. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci il­dönümündə Səngəçalda Cənub Qaz Dəhlizi layihəsinin təməli qoyuldu.

Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra, Bakı-Tbilisi-Ərzu­rum, TANAP, TAP kimi transmilli qaz arteriyaları reallaşdırıldı. Bütün bunlar isə dünyanın enerji xəritəsində yeni mən­zərə formalaşdırdı.

Beləliklə, iqtisadiyyatımız inkişaf etdikcə, bu, öz təsirini bütün sahələrdə göstərməyə başladı. Əsasən də ordu quruculuğu sahəsində. Çünki torpaqlarımız işğal altında idi və onların xilası üçün iki yol var idi. Ya torpaqlarımız sülh yolu ilə geri qaytarılmalı idi, ya da hərbi yolla. Danışıqlar vasitəsilə torpaqlarımızın sülh şəraitində xilası üçün illərlə dünya miqyasında işlər aparılsa da, lakin beynəlxalq aləm susdu. Həm də illərlə susdu. Belə olan halda isə dövlətimizin başçısı ikinci yolu-hərb yolunu seçməli oldu. Deməli, biz ikinci yola hazır idik.

Biz elə Ordu yaratmışıq ki...

Ölkə rəhbəri ötən 21 il ərzində Azərbaycanın müda­fiəsini gücləndirməyi əsas diqqət mərkə­zində saxlayıb. Dövlət büdcəsində müdafiə xərclərinin əhəmiyyətli çəki­sinə xüsusi önəm verib. Bu, ölkəmizin müharibə şəraitində yaşaması, ərazi­mizin 20 faizdən çox hissəsinin işğal altında olması ilə bağlı olub. Bütün bu qayğı və diqqət nəticəsində müstəqil Azərbaycanın NATO standartlarına cavab verən, şəxsi heyətinin döyüş ha­zırlığı yüksək olan peşəkar və modern ordusu yaradılıb. Bu ordunun dinamik inkişaf meyllərini isə məhz ölkənin uğurlu daxili və xarici siyasəti, eyni za­manda, dünyada artan nüfuzu şərtlən­dirib.

Məhz 44 günlük Vətən mühari­bəsində qazanılan tarixi Zəfər Azər­baycan Prezidenti İlham Əliyevin rəh­bərliyi, düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün is­tiqamətlərdə əldə olunan böyük uğur­ların və qüdrətli silahlı qüvvələrin forma­laşmasının məntiqi nəticəsi idi.

2023-cü il sentyabrın 20-də 24 saatdan da az vaxt çəkən lokal antiterror tədbirləri nəticə­sində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisindəki bütün tör-töküntülərini, hərbi infrastrukturunu sıradan çıxar­dı, hərbi xuntanı ağ bayraq qal­dırmağa məcbur etdi.

Prezident, müzəffər Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi ilə Azər­baycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qar­şısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi.

Dövlətimizin başçısı milli ordumuzun bundan sonra da güclənməsini, daha da müasirləşməsini arzulayır. Ötən andiçmə mərasimindəki çıxışında ordu məsələsinə nəzər salan Prezident İlham Əliyev deyirdi: Hesab edirəm ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı və mən müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim. Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir.

Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz. Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz. Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür. Beləliklə, ordu quruculuğu prosesi davam etdiriləcək. Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır.

Yeni dövr- yeni çağırışlar

Beləliklə, 21 ildə ölkədə yüksək göstəricilərin şahidi olduq. Ən əsası isə Qarabağın və Şərqi Zəngəzur ərazilərinin düşməndən azad olunması İlham Əliyevin Prezident kimi fəaliyyəti dövründə mümkün oldu. Xalq 30 illik mübarizənin sonunda öz tarixi torpaqlarını yenidən qazandı. Soydaşlarımız 30 illik ayrılıqdan sonra doğma yurd-yuvasına qovuşa bildi.

Ölkə iqtisadi cəhətdən yüksəldi, bunun nəticəsində milli ordu təkmilləşdirildi, ölkədə vətəndaşa verilən dəyər amilindən bəhrələnərək əsl vətəndaş cəmiyyəti formalaşdı. Bu cəmiyyət isə vətənpərvər gənclərin formalaşmasına səbəb oldu. Dövlət-xalq birliyi yarandı və bu birlik torpaqlarımızın azad olunması, düşmənin birdəfəlik qovulması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Bu il fevral ayının 7-də Azərbaycan xalqı yenidən öz Prezidentini seçdi. Həm də bütöv Azərbaycanda ilk dəfə olaraq Prezident seçkiləri keçirildi. Ölkənin inkişafı ilə yanaşı, həm də xalqımızın şərəf və namus məsələsini həll edən cənab İlham Əliyev çoxsaylı seçici rəyi ilə yenidən ölkə rəhbəri seçildi.

Beləliklə də yeni bir dövrün başlanğıcı qoyuldu. İnkişaf etmiş, torpaqları azad olunmuş ölkə qarşısında yeni bir dövr. Bu dövr dövlət başçısının andiçmə mərasimində də dediyi kimi başqa bir dövrdür: Bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir... Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır.

2003-2024-ci illəri əhatə edən 21 ilin ölkənin müstəqilliyinə, sosial-iqtisadi inkişafına, xalqın firavanlığına, vətəndaş rifahına, insan amilinə verdiyi töhfələrdən günlərlə, saatlarla danışmaq olar. Ümumi nəticə olaraq söyləmək olar ki, nə yaxşı ki, 2003-cü ildə dövlətimizin başçısı ilə birlikdə bir yola çıxmışıq. Bu yol bizim üçün uğurlu oldu: tarixin 270 illik axınını dəyişən, müstəqilliyimizi, ərazi bütövlüyümüzü möhkəmləndirən, ölkəmizi dünyaya tanıdan yol.

Mətanət Məmmədova

Digər xəbərlər