PDF Oxu

Siyasət

  • 1 104

Qız Qalası əsrlərin yaddaşında

image

Tarixi abidələr daş yaddaşimıza çevrilib və hər bir xalqın kimliyini, keçdiyi tarixi yolu xatırladır. Ölkəmizdə yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələrin mövcudluğu fikrimizi tamamlayir. Azıx mağarasından tapılmış qədim insanın çənə sümüyü, Qobustanda aşkar edilmiş yaşayış məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir. Tarixin müxtəlif dövrlərində ölkəmizin ərazisində dövlətlərin yaranması ilə qədim şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa olunub. Orta əsrlərə aid abidələr Qız Qalası, Möminə Xatun, Qarabağlar, Gülüstan, Allah-Allah türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s. nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Hazırda dünyada baş verən siyasi proseslər nəticəsində minlərlə abidə məhv olmaq təhlükəsindədir. Abidələr və tarixi yerlərin məhv olmaq təhlükəsi ölkəmizdən də yan ötməyib. Son illər ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində bir sıra layihələr icra olunub. Azərbaycan Prezidenti İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Xalqımızın yaratdığı mədəni irs nümunələrinin dünyada tanıdılması istiqamətində də uğurlara imza atılıb. İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub.

ŞƏHƏRSALMA SƏNƏTİNİN ƏZƏMƏTLİ TƏZAHÜRÜ

Ölkəmizin paytaxtı Bakı şəhərindəki qədim memarlıq abidələri isə mədəniyyətimizin və tariximizin rəmzlərinə çevrilmişdir. Xalqımızın milli sərvəti olan İçərişəhər Azərbaycanda hələ yüzillər bundan əvvəlki şəhərsalma sənətinin əzəmətli təzahürüdür. Burada ucaldılmış Qız qalası, qala divarları və Şirvanşahlar sarayı kompleksinin şöhrəti dünyaya yayılmışdır. Orta əsrlər şəhər mədəniyyətinin təcəssümü kimi kompleksə daxil olan məscidlər, karvansara, zorxana, bazar meydanı və digər tikililər mühəndis-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğurur. Bu gün onlardan biri haqqında yazacağıq – tarixi əsrlərə söykənən Qız Qalası.

Bakı Qız Qalası Xəzər dənizinin kənarında dənizə doğru maeli nəhəng bir qayanın üzərində, silindirik formada tikilmişdir. Qalanın hündürlüyü şimal tərəfdən 31, cənub tərəfdən isə 28 metrdir. Qalanın diametri birinci mərtəbədə 16,5 metrdir. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Daşla hörülmüş həmin tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Xəzər dənizi ilə üzbəüz, Qədim Bakının ön kənarında, paytaxtımızın rəmzi olan bu sirli tarixi memarlıq abidəsi şəhərimizə gələn hər bir kəsin diqqətində olur. Tarixi memarlıq abidəsi olan Qız Qalası ilə bağlı əsrlər boyu dolaşan əfsanələr, sirli məqamlar onun möcüzəvi dünyası ilə tanışlığa sövq edir insanları. Tarixi mənbələrdə bildirilir ki, Qız qalasının indiki adı nisbətən yenidir. Bəzi sənədlərə əsaslanaraq söyləmək olar ki, XIX əsrə qədər bu tikili "Xunsar" adlanıb. Yəqin ki, bu adın mənşəyi yunanların sitayiş etdiyi Asaru və romalıların Osiris adlandırdığı tanrının adından törəyib. Qız qalasının ətrafında dolaşan çoxsaylı əfsanələr onun adını daha çox romantik hekayətlərlə bağlayır. Qız qalasının yaranması haqqında xeyli rəvayət və uydurmaların olması istisna deyil. Onların əksəriyyəti "qız" sözü ilə əlaqədardır.

İLK YERALTI YOL

Bakı Qız Qalasının tikinti quruluşunda maraqlı cəhətlərdən biri də Qalanın içərisində qayadan ovulub düzəldilmiş su quyusudur. Diametri 0,7 m. olan bu quyu Qalanın cənub-şərq divarının içindədir. Su quyusunda qazıntı işləri aparılmışdır. Quyudan tapılan maddi-mədəniyyət qalıqları buradan XII əsrdən başlayaraq istifadə olunduğunu göstərir. Hesablamalar nəticəsində məlum olmuşdur ki, quyunun dəniz suyu səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Quyunun suyu kimyəvi analiz olunmuş, onun içmək üçün tam yararlı olması müəyyənləşdirilmişdir. Quyunun ağız hissəsi Qalanın üçüncü mərtəbəsinin döşəməsi səviyyəsindən başlayıb divar boyu aşağıya doğru 13 metr davam edir. Quyunun təhlükəsizliyini təmin etmək üçün onu Qala divarı içərisində gizlətmişlər. Onun şimal və cənub divarında enib qalxmaq üçün 10-12 sm. dərinlikdə ayaq yerləri vardır. Quyunun 12 metr dərinliyində divar genişlənir.

Qız Qalası və Şirvanşahlar Sarayı arasında gizli yeraltı yolun məhz su quyusunun aşağı hissəsindən başlanması ehtimal olunur. 1982-ci ildə İçərişəhərin şərq tərəfində aparılan geniş miqyaslı arxeoloji qazıntılar nəticəsində aşkar edilən ilk yeraltı yol orta əsrlərdə Bakının mərkəzi ticarət küçəsi sayılan Şamaxı Qala qapısından başlayıb Salyan darvazasına doğru gedən baş küçənin şərq tərəfində şimal-cənub istiqamətində yerləşir. Maraqlıdır ki, yolun xətti XIV əsrdə tikilmiş "Multan"ı karvansarayının altından keçərək Qız Qalasına doğru gedir.

İçərişəhərdə arxeoloji qazıntılar davam edir. Çox güman ki, axtarışlar zamanı əldə edilən maddi-mədəniyyət nümunələri Qız Qalasının tarixi keçmişinə dair dəqiq fikirlər söyləməyə imkan verəcəkdir.

Tarixin daş yaddaşı olan abidələrimiz əsrlərdən bizə soraq verir. Hər tarixi abidə zənginliyimizi, kimliyimizi dünyaya, şəhərimizə gələn qonaqlara təqdim edir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər