Siyasət

  • 994

Türk dünyasının birliyi əsas çağırışlardandır

image

Ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Noyabrın 6-da Bişkekdə “Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik” çağırışı altında keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü bütün bu məqamlara aydınlıq gətirdi. Zirvə görüşü bir daha keçilən yolun təhlili və hədəflərin müəyyənləşdirilməsi baxımından diqqətdə oldu.

Türk dünyasının birliyinin möhkəmləndirilməsi dövlətimizin xarici siyasətində prioritetdir. Dövlətimizin başçısı İlham Əliyevin son illərdə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə, eyni zamanda, həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyev Bişkek Zirvə görüşündəki çıxışında bildirdi ki, bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyil: “Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək. Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib”.
Onu da qeyd edək ki, Azərbaycanın Türk dünyası ölkələrinin birliyinə daha bir töhfəsi isə Orta Dəhliz layihəsidir. Orta Dəhlizi dəyər zənciri də adlandırmaq mümkündür. Lakin bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Ölkəmiz dəhlizin inkişafı və səmərəliliyi üçün öz ərazisində zəruri infrastruktur yaradıb. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Ölkəmiz Şərqdən Qərbə, yəni Mərkəzi Asiyadan Avropaya uzanan marşrutun səmərəliliyinin artırılması üzərində ciddi işləyir ki, bu da TDT-yə üzv dövlətlərin əksəriyyətinin yerləşdiyi coğrafiyadan onların yüklərinin Qərb istiqamətində daha qısa zamanda və daha ucuz çatdırılmasını təmin edir.
Reallıq budur ki, tarixi Zəfərimiz türk dünyasının birliyində əhəmiyyətli rol oynayır. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Azərbaycanın döyünən ürəyi Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyası turizm paytaxtı”, eyni zamanda, Türkiyənin Bursa şəhərinin 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi də bu birliyin sıx tellərlə bağlılığını təsdiqləyən addımlar sırasındandır. Çıxışlarda bu reallıq önə çəkildi ki, Azərbaycan Türk dünyası üçün başlanan möhtəşəm gələcəyin əsas müəlliflərindəndir.
Azərbaycan üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Əvvəldə də qeyd etdiyimiz kimi, 44 günlük İkinci Qarabağ müharibəsində türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Bu birlik hazırda işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə tikilib istifadəyə verilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən tikilən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Zəngilanda birinci mərhələsi açılan “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksi və sair də bunun təsdiqidir. Eyni zamanda, ötən ilin fevralında qardaş Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dəstəyi xüsusi vurğulanmalıdır.
Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ötən ilin martında Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi. Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdur. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsi kimi dəyərləndirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək “Qardaşlığın təzahürü olan bu Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə İlham qardaşıma və onun şəxsində Can Azərbaycana bir daha təşəkkürümü bildirirəm” söyləmişdir.
Bu ilin iyul ayında Şuşada keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşü də türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində növbəti addım oldu. Qarabağın tacı Şuşadan türk dünyasının birliyi bir daha dünyaya çatdırıldı.
Göründüyü kimi, böyük bir ailə kimi dəyərləndirilən türk birliyi atılan və atılacaq addımların fonunda daha da möhkəmlənir, dünyaya həmrəylik, sülh, əmin-amanlıq, əməkdaşlıq çağırışlarını edir.

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri

Digər xəbərlər