Siyasət

  • 821

COP29 - qlobal iqlim hədəfləri üçün vacib platforma

image

Bakı artıq neçə gündür ki, bütün dünyanın diqqət mərkəzindədir. COP29 kimi dünya ictimaiyyəti üçün mühüm strateji xarakter daşıyan böyük tədbir, bədxahlarımızın istəklərinin tam əksinə olaraq böyük uğurla davam edir. COP29-un Bakıda keçirilməsi, ölkənin həm regionda, həm də dünya miqyasında ekoloji problemlərin həlli prosesinə töhfəsini gücləndirir. Bu da Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığını dərinləşdirərək, qlobal iqlim hədəflərinə çatmaq üçün vacib bir platforma yaradır. Arxada qalan hər gün COP29-la bağlı tariximizə mühüm uğur səhifələrini yazır. Azərbaycan sözün həqiqi mənasında iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz olduğunu təsdiqləyir. Liderlərin Sammitində, eyni zamanda, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində səsləndirilən fikirlərə diqqət yetirsək Azərbaycana, Prezident İlham Əliyevə böyük etimadın, inamın şahidi olarıq. Dünyanın diqqətlə izlədiyi bu tədbirə 196 ölkədən 72 min iştirakçı qatılıb. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Bu tərkibdə keçirilən Sammit, yuxarıda da qeyd etdiyimiz kimi son günlər Azərbaycana qarşı düşmən mövqeyinə keçənlər üçün əsl “tərs sillə” oldu.

Bu gün hər kəs aydın şəkildə görür ki, Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsi müəyyən Qərb dövlətlərini, xüsusuilə erməni lobbisini ciddi narahat edir. Bu səbəbdən də, həmin dairələr xeyli müddətdir ki, ölkəmizə qarşı qərəzli kampaniya aparır. Başda Fransa olmaqla bəzi Qərb ölkələri və erməni lobbisinin yuvası olan Avropa Parlamenti hər vəchlə çalışırdılar ki, COP29 Azərbaycanda keçirilməsin. Onların boykot çağırışına dünya birliyi cavab vermədi. Dövlət başçısı çıxışı zamanı həmin dairələri məyus edən faktlar səsləndirdi. Beləliklə, bir daha təsdiqləndi ki, Qərb dairələrinin bu cür ucuz kampaniyalarının ölkəmizə qarşı heç bir beynəlxalq təsiri və əhəmiyyəti mümkün deyil. Azərbaycan belə qərəzli oyunlarla, qarayaxma kampaniyaları və eyni tipli hallarla bir neçə illər öncə “Avroviziya” mahnı yarışması, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlərə ev sahibliyi etdiyi ərəfələrdə də rastlaşıb. Lakin hər dəfə olduğu kimi, qaragüruhçu qüvvələr bu dəfə də eyni məyusluğu yaşadılar.
Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı Fransanın kolonial siyasətinin bu ölkələrə vurduğu böyük zərərdən danışıb. Bildirib ki, əsrlər boyu Paris onların təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir. Buna misal olaraq, Fransanın Əlcəzair əhalisini necə məhv etdiyini və sərvətlərini talan etdiyini göstərmək olar. Ancaq Yeni Kaledoniyada qanuni etirazların 100-dən çox iştirakçısını öldürən Prezident Makron rejiminin cinayətlərini və mindən çox adamın həbs olunduğunu yada salmasaq, Parisin cinayətləri bununla məhdudlaşmır. Qvadelupa və Martinikada da kütləvi həbslər baş verib. Bütün bunlardan sonra Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası tərəfindən ittiham olunmayıb. Bu, siyasi riyakarlığın göstəricisidir. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası siyasi korrupsiyanın rəmzidir. Göründüyü kimi, Fransa, Niderland kimi ölkələrin hökumətləri Azərbaycana qarşı çirkin kampaniyaları bəzi QHT və media resurslarının vasitəsilə həyata keçirir. Bu ölkələrin rəsmiləri Azərbaycan Prezidenti ilə görüşlərində çirkin kampaniyada istifadə etdikləri tezisləri dilə gətirmirlər, barəmizdə xoş sözlər deyirlər, amma pərdəarxasında iyrənc siyasətlərini davam etdirirlər.
COP29-un sədri olaraq, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynayaraq konsensus əldə edilməsinə töhfə vermək üçün strateji mövqedə dayanır. Belə ki, Azərbaycan, həm inkişaf etməkdə olan ölkə kimi öz təcrübələrini paylaşaraq, həm də inkişaf etmiş ölkələrlə iqlim öhdəlikləri ilə bağlı danışıqlara vasitəçilik edərək, hər iki tərəf arasında daha ədalətli və davamlı həll yolları tapmağa çalışır. Azərbaycanın başladığı meqalayihələr, xüsusilə enerji və nəqliyyat sahələrində, Avrasiyanın strateji xəritəsini əhəmiyyətli dərəcədə dəyişib.
Ölkə Cənubi Qafqazın önəmli enerji və tranzit mərkəzinə çevrilib və bu, regiondakı ticarət yollarının diversifikasiyasına və Avropa ilə Asiya arasında daha güclü əlaqələrin qurulmasına töhfə verib. İqlim dəyişmələri ilə mübarizədə yerli qanunlar və beynəlxalq öhdəliklər mütləq nəzərə alınmalıdır. Sammit zamanı keçirilən müzakirələrdə qeyd edilib ki, münaqişədən və müharibədən əziyyət çəkən ölkələr, həmçinin iqlim dəyişmələrindən təsirlənir. Eyni zamanda, münaqişələrə məruz qalan ölkələr iqlim maliyyəsindən də əziyyət çəkir. Xüsusilə bir məsələyə diqqət edək. Bu gün hər kəsə məlumdur ki, kiçik ada dövlətləri, dağlıq və okeana çıxışı olmayan ölkələr bu məsələlərdən əziyyət çəkirlər. Bu münaqişələr ildən-ilə daha çox insanı didərgin salıb. Lakin belə davam edərsə, iqlim dəyişmələrinin gələcəkdə daha çox insanı məcburi köçkün vəziyyətinə salacağı gözlənilir.
COP29 Sammiti çərçivəsində iqlim dəyişikliyinin gənclər arasında sosial həssaslığa təsiri barədə fikir mübadiləsi aparılıb. Həmçinin iqlim dəyişikliyi ilə bağlı müzakirələrin daha da dərinləşməsinə və hərtərəfli tədbirlərin həyata keçirilməsinə dair mütəmadi olaraq bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
COP29 Sammitiində digər müzakirə predmeti olan aktual məsələlərdən biri də iqlim dəyişikliyinin qlobal miqyasda sağlamlıq və ərzaq təhlükəsizliyi üçün ciddi təhlükə yaratmasıdır. Çünki onun təsirləri ekosistemə, iqtisadiyyata və insanların həyat keyfiyyətinə ziyan vurur. Xüsusilə sağlamlıq və ərzaq təhlükəsizliyi sahələrində yaranan problemlər dünya ölkələrini daha çox tədbirlər görməyə sövq edir. Dəyişən iqlim şəraiti ərzaq istehsalı sistemlərinə də təsir göstərərək məhsuldarlığı azaldır. Nəzərə almaq lazımdır ki, quraqlıq, daşqın və torpaqların şoranlaşması kimi hallar kənd təsərrüfatı məhsuldarlığını aşağı salır. Bu vəziyyət xüsusilə inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyinə ciddi təhdid yaradır. Beləliklə, COP29 çərçivəsində Bakıda keçirilən mühüm müzakirələr həm də bəşəriyyətin gələcək taleyi üçün həlledici yollar axtarmağa kömək edir.

Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri

Digər xəbərlər