30 ilə yaxın Ermənistan tərəfindən işğal altında olmuş Azərbaycan ərazilərindəki meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlarımıza da böyük zərbə vurulub. Azərbaycanın "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilmiş nadir təbiət inciləri məhv edilib, flora və faunaya külli miqdarda ziyan dəyib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Bizim meşə fondumuz da məhv edilib, 54 min hektar meşə ermənilər tərəfindən qırılıb, dağıdılıb". Dövlət başçımız işğal dövrünə qədər bizim meşələrimizin ümumi həcminin təqribən 220-230 min hektar olduğunu bildirib. Zəngilan bölgəsi də hələ qədim zamanlardan sıx meşələri, münbit vadiləri, yaşıl bitki örtüyü, gur sulu çayları ilə diqqəti cəlb etmiş məkan olub. Buranın Çinar meşəsi təkcə Zəngilan rayonunun deyil, bütün Azərbaycanın flora-faunasının zənginliyində müstəsna əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Zəngilan rayonunda, Bəsitçay hövzəsində yerləşən təbii çinar meşəsi sahəsinə, ağacların fiziki sağlamlığına, görünüşünə görə dünyada ikinci, bəlkə də birinci meşədir. Erməni vandallarının çirkin əməllərinin nəticəsi olaraq bu meşəyə də böyük zərbə vurulub. Cənab Prezidentin bildirdiyi kimi, "Zəngilanın çox zəngin təbiəti var, nadir meşələri var. Çinar ağacları. Baxın, neyləyib düşmən. Baxsın bütün dünya, ermənipərəst qüvvələr bu günə qədər kimi müdafiə edirlər? Bizə qarşı qətnamələr qəbul edən ölkələr baxsınlar, gözlərini açsınlar. Riyakar siyasətçilər açın gözlərinizi, baxın".
TARİXİN BİR PARÇASI - TOPXANA MEŞƏSİ
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də məhz işğaldan azad olunan ərazilərdə bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır. Bu baxımdan həmin ərazilərdə bioloji müxtəlifliyin bərpası, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin mühafizəsi istiqamətində işlər aparılır. Ekoloji tarazlığın bərpası istiqamətində görülən tədbirlər Topxana meşəsini də əhatə edir. Bildiyimiz kimi, Topxana meşəsi Şuşanın qədim tarixə malik nadir sərvətlərindəndir. Ötən əsrin 80-ci illərin sonunda baş verən hadisələrin başlanğıcı da elə Topxana meşəsinin qırılmasından başlanmışdır. 1988-ci ilin noyabrın 17-də Şuşada yerləşən məşhur, əzəmətli palıd, çinar meşəsi - Topxana meşəsinin qırılmasına etiraz əlaməti olaraq Azərbaycan xalqı Azadlıq meydanında ilk mitinq keçirdi. Mitinqin təşkil olunmasında məqsəd xalqın səsini Moskvaya çatdırmaq idi. Topxana meşəsinin qırılması 1988-ci ilin antisovet mitinqlərinin alovlanmasına səbəb oldu və beləliklə, 17 noyabr 1988-ci ildə Meydan hərəkatı başladı. Əlbəttə ki, Şuşa şəhəri yaxınlığında yerləşən Topxananın adı 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşanı mühasirə etdiyi zaman topların yerləşdirildiyi yer olması ilə bağlıdır. Topxana meşəsi həm də xalqımızın tarixinin bir parçasıdır.
TOPXANAYA YENİ NƏFƏS GƏLİB
Qədim tarixə malik Topxana meşəsi Şuşanın nadir sərvətlərindən biridir. Şuşa ətrafındakı torpaqların 20 faizini əhatə edən meşədə palıd, fıstıq, qarağac kimi ağaclar vardı. Topxana əsl təbiət möcüzəsi idi. Mənbələrdə də qeyd olunduğu kimi, Topxananın heyvanat aləmi ayı, canavar, tülkü, dovşan, cüyür və digər heyvanlardan, kəklik, turac, göyərçin kimi gözəl quşlardan ibarət idi. Topxana meşəsində subalp və alp çəmənləri, dərin dərələrində bulaqlar olub.
İşğalçı ermənilər sərvətlərimizi talan edib, meşələrimizi də qırıb daşıyıblar. Məlumatlara istiinadən qeyd edək ki, Topxanadan 2000 ədəddən çox palıd və digər qiymətli ağaclar kəsilərək Ermənistana daşınıb. Şuşanın Cıdır düzündə, "Ağzı yastı" kaha adlanan yerin qarşısında Topxana meşə qoruğu zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb, orada müxtəlif adda qiymətli ağaclar qırılaraq tikinti işlərində istifadə edilib.
Şuşa rayonu ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşədə yaşı bilinməyən müxtəlif növ ağaclar vardı. Lakin ermənilər işğal dövründə təbii sərvətlərimizi də talayıb, meşələrimizi də qırıblar. 1988-ci ilin noyabrında başlanan ekoloji terror və 30 ilə yaxın işğal müddətində Topxanada minlərlə qiymətli ağac kəsilərək məhv edilib.
Artıq yeni bir dövr başlanıb: abadlıq və quruculuq dövrü. Azərbaycanda işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı layihələr bu məkanların ağciyərləri hesab olunan meşələrin də bərpasından yan ötməyib. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində ağacəkmə aksiyası çərçivəsində 3 hektar ərazidə dağdağan, göyrüc, saqqızağacı, qarağac əkilməsi, əraziyə 100 kiloqram palıd toxumu səpilməsi artıq bu meşəyə yeni həyatın qayıtmasından xəbər verir. 28 il işğal altında qalmış Topxana meşəsində dağıdılmış bitki örtüyü, məhvedilmiş heyvanat aləminə yeni nəfəs gəlib. Qələbəmizin simvolu olan Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşanın hər bir məkanında qaynar həyat başlanıb.
Nəzakət ƏLƏDDİNQIZI