Siyasət

  • 1 128

Bir səfərin təəssüratları, yaxud Şərqin möcüzəsi müasir qlobal reallıq kimi

image

Çinin iqtisadi inkişaf modelinin möcüzəvi mahiyyəti, inkişaf meyillərini səciyyələndirən çoxsaylı suallar bu gün dünya iqtisadiyyatını dərindən öyrənməyə cəhd edən alimlərin əsas tədqiqat obyektinə çevrilib. Görəsən, Çin xalqının əldə etdiyi bu qədər möhtəşəm nailiyyətlərin hərəkətverici qüvvəsi nədir və islahatların ana xəttini hansı mühüm amillər təşkil edir? Çinin yaxın gələcəkdə də dünya iqtisadiyyatında rolu hansı gerçəkliləri sərgiləyəcək?

Qlobal güclər arasında Çinin bu gün oynadığı rol artmaqdadır və bu dövlət özünün ən yüksək inkişaf mərhələsini yaşayır. Çin iqtisadi modelindən bəhrələnmək, bu modelin iqtisadi inkişafa töhfə verə biləcək prinsiplərinin qarşılıqlı öyrənilməsi və mənimsənilməsi istiqamətində Çin-Azərbaycan əməkdaşlığı böyük tarixi münasibətləri özündə əks etdirir.
İkitərəfli münasibətlər ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yeni bir tarixi mərhələyə səbəb olmuşdur. 1994-cü ilin mart ayında Prezident Heydər Əliyevin ÇXR-ə ilk rəsmi səfəri çərçivəsində ikitərəfli münasibətlərin mühüm hüquqi-normativ bazasını yaradan 8 müqavilə imzalanmışdır. Bakı-Pekin münasibətləri Azərbaycan Respublikasının Prezident İlham Əliyev və ÇXR-in Sədri Si Cinpin tərəfindən daha da inkişaf etdirilərək Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması ilə strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmışdır.
Qeyd etmək lazımdır ki, bu gün ÇXR 140-dan çox ökənin iqtisadi-ticarət tərəfdaşıdır və bu ölkələr arasında Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan Respublikasının xüsusi yeri və çəkisi vardır. Azərbaycan-Çin münasibətləri tarixi reallıqlar müstəvisində böyük inkişaf mərhələsinə əsaslanır. 2500 il əvvəl tarixi “İpək yolu” vasitəsilə xalqlarımız arasında mədəni və ticari əlaqələr formalaşmışdır. Xalqlarımız arasında tarixi bağlılıq dahi Azərbaycan şairi Nizami Gəncəvinin XII əsrdə yazdığı əsərlərdə də öz əksini tapmışdır. Nizami Gəncəvi Çin xalqına olan böyük hörmət və ehtiramını “Yeddi gözəl” poemasında “Çin gözəli”nin vəsfi ilə ifadə etmişdir.
Strateji tərəfdaşlıq münasibətlərinin davamı olaraq cari ilin noyabr ayında Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə Çin Xalq Respublikasında səfərdə olub. Səfər çərçivəsində noyabrın 13-də YAP nümayəndə heyəti ilə ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao arasında görüş keçirilib. Nümayəndə heyətin ölkəsində görməkdən məmnunluğunu ifadə edən Lyu Cyançao Azərbaycan-Çin münasibətlərinin yüksələn xətt üzrə inkişafının təqdirəlayiq olduğunu vurğulayıb. Ərazi bütövlüyü və suverenliyini dəstəkləyən iki ölkə arasında əlaqələrin siyasi, iqtisadi, mədəni, humanitar, nəqliyyat-logistika və digər sahələri əhatə etməklə çoxşaxəli xarakter daşıdığını bildirən L.Cyançao Çinin Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu ifadə edib. 2024-cü ilin iyul ayında Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşünə diqqəti cəlb edən L.Cyançao iki dövlət arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanmasının işbirliyinin dərinləşdirilməsi baxımından önəmini qeyd edib. L.Cyançao Çinin Azərbaycanın müxtəlif platformalarda, o cümlədən BRICS çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməsinə dəstək verdiyini bildirib. O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb və ölkəsinin bu tədbirdə geniş nümayəndə heyəti ilə yüksək səviyyədə təmsil olunduğunu vurğulayıb. Ötən il YAP nümayəndə heyətinin Çinə səfərini xatırladan Lyu Cyançao səfər çərçivəsində əhəmiyyətli və məhsuldar görüşlərin keçirildiyini, YAP nümayəndə heyətinin ölkəmizə budəfəki səfərinin də hərtərəfli əməkdaşlığa stimul verəcəyi əminliyini bildirib. Lyu Çyancao partiyalarımız arasında əməkdaşlıq memorandumunun imzalanmasının yeni imkanlar və perspektivlər yaradacağını qeyd edib. Lyu Cyançao YAP nümayəndə heyətinin İkinci Qlobal Cənub Beyin Mərkəzləri Dialoqunda iştirakının ortaq hədəflər naminə səmərəli müzakirələrin aparılması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük önəm kəsb etdiyini vurğulayıb. Dəvətə, yüksək qonaqpərvərliyə və səmimi qəbula görə rəhbərlik etdiyi nümayəndə heyəti adından minnətdarlıq ifadə edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Çin münasibətlərinin hər iki ölkənin liderlərinin siyasi iradəsi sayəsində dinamik inkişafa malik olduğunu və mühüm perspektivlər vəd etdiyini söyləyib.
Tahir Budaqov Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulunun tarixi əhəmiyyətə malik olduğunu vurğulayaraq hazırda müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Çin Xalq Respublikası və Azərbaycan Respublikasının rəsmi olaraq strateji tərəfdaşlara çevrilməsi böyük nailiyyət və yüksək məsuliyyətdir”.
Səfər çərçivəsində Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi olub. Memorandumu YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao imzalayıblar. Noyabrın 13-də YAP nümayəndə heyəti, həmçinin İkinci Qlobal Cənub Beyin Mərkəzləri Dialoqu iştirakçılarının şərəfinə verilən ziyafətə qatılıb.
Səfər çərçivəsində Szyansu Vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini Çjou Quançji, ÇKP MK Beynəlxalq əlaqələr şöbəsinin Altıncı Departamentinin direktoru xanım Van Min, noyabrın 16-da isə ÇKP Nantun şəhər rəhbərliyi ilə də görüş keçirilib. Görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlərin bugünkü vəziyyəti və gələcək perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, partiyalararası əməkdaşılıq mühitinin bundan sonrakı inkişafi ilə bağlı praktiki addımların atılmasının vacibliyi vurğulanıb. Nümayəndə heyəti Nantun şəhərində bir sıra digər tədbirlərdə iştirak etmişdir. Noyabrın 17-dən 19-dək dünyanın bir nömrəli maliyyə və logistika mərkəzinə çevrilmiş 25 milyonluq Şanxay şəhərində YAP nümayəndə heyətinin görüşləri davam etdirilib. Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətlərini yaranmasının əhəmiyyəti qeyd olunub, mühüm hüquqi bazaya söykənərək partiyalararası dialoq, habelə təhsil və elmi əməkdaşlıq mühitinin təşviq olunmasının vacibliyi önə çəkilib.
YAP nümayəndə heyətinin ÇXR-ə səfəri, keçirilən görüşlər və iki dövlətin hakim partiyaları - YAP və ÇKP arasında imzalanmış Memorandum rəsmi Bakı və Pekinin dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bariz nümunəsidir.
Bu gün müasir Azərbaycan Qlobal Şimal və Qlobal Cənub ölkələri arasında körpü rolunu oynayaraq Qərb və Şərq sivilizasiyalarını özündə birləşdirən ölkə kimi çoxqütbülü siyasi sistemin tərəfdarı olaraq dünyada sülhün, əmin-amanlılıgın və bərabərhüquqlu əməkdaşlığın tərəfdarı kimi dünya çapında öz yerini tutmaqdadır.
Bu gün Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri özünün ən yüksək mərhələsinə qədəm qoyub.

Təhmasib Rüstəmov
YAP Qubadlı rayon təşkilatının sədri

Digər xəbərlər