Azərbaycandakı multikultiralizm və tolerant mühit mövcud dəyərlərimizə əsaslanır. Müxtəlif xalqların adət-ənənələrinə, dininə hörmətlə yanaşma xalqımızın milli keyfiyyəti olmaqla yanaşı, humanizm dəyərlərinə, birgəyaşama mədəniyyətinə söykənir. Etnik qrupların sülh şəraitində yaşaması, bərabərhüquqlu fəaliyyətinə yaradılan zəmin multikulturalizmin Azərbaycan modelinin formalaşdığının göstəricisidir. Bu gün ölkəmizin demək olar ki, bütün ərazisində qeyri-xalqların nümayəndələri qarşılıqlı anlaşma və dialoq şəraitində vahid bir ailə kimi yaşayır və milliyyətindən asılı olmayaraq hər kəs bərabərhüquqludur. Humanizm prinsiplərinə əsaslanan ölkəmizdə insan ləyaqətinə xələl gətirən, ona zidd olan dinlərin yayılması və təbliğinə imkan verilmir. Mövcud qanunlar və mövcud mühit ölkəmizdə xristianların, yəhudilərin, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşamasına dəlalət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, Azərbaycan həmişə çoxmillətli, çoxkonfessiyalı diyar olub və bu da bizim ənənəmizdir: "Əsrlər boyu müxtəlif xalqlar burada yaşamış, yaratmış, qardaş olmuşdur, bu gün də belədir. Multikulturalizm termin kimi yenidir, amma anlayış kimi bu, həmişə olub və həmişə olmalıdır... Azərbaycan çoxkonfessiyalı, bir çox etnik qrupların birgə yaşadığı unikal bir məkandır. Bu, böyük sərvətimizdir. Mən bunu yenə də deyirəm, sadəcə, xoş söz demək naminə demirəm". Paytaxt Bakıda, Qubada, Zaqatalada, Qusarda, Qaxda, İsmayıllıda və digər yerlərdə müxtəlif xalqların necə sülh, dostluq şəraitində yaşadığı diqqətdən yayınmır. Hər bir məkanda etnik qrupların icmaları, mədəniyyət mərkəzləri, öz etiqad və ayinlərini yerinə yetirmək üçün olan ibadətgahlar və s. fəaliyyətdədir ki, ölkəmizə gələn qonaqlar bunu yüksək dəyərləndirirlər.
"BİZDƏ BU GÜN OLAN BİRLİK, HESAB EDİRƏM Kİ, HƏR BİR ÖLKƏ ÜÇÜN, MULTİKONFESSİONAL VƏ ÇOXMİLLƏTLİ ÖLKƏ ÜÇÜN NÜMUNƏ OLA BİLƏR"
Əlbəttə ki, bu gün müxtəlif dövlət qurumlarında qeyri-xalqların nümayəndələri təmsil olunur, ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayırlar. Qarabağ uğrunda gedən döyüşlərdə ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri həmrəy oldular. Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda müharibədə iştirk etdilər. Azərbaycan vətəndaşı olaraq bir yumruq altında birləşdilər və silaha sarıldılar. "Mən daxilən 100 faiz buna əminəm ki, ancaq birlikdə, bütün xalqların birgə yaşaması bizi uğura, qələbəyə gətirəcək və gətirib", - deyən Cənab Prezident qeyd edib ki, İkinci Qarabağ müharibəsində bütün xalqların nümayəndələri bir əsgər kimi vuruşdular, qan tökdülər, şəhid oldular. Vətən uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda vuruşdular. Bu Qələbə və bu müharibə Azərbaycanda yaşayan bütün xalqları daha da birləşdirdi. "Dəmir yumruq", sadəcə, güc deyil, bu, birlikdir. Bizdə bu gün olan birlik, hesab edirəm ki, hər bir ölkə üçün, multikonfessional və çoxmillətli ölkə üçün nümunə ola bilər. Siz gənclər, bax, bu ideyaları qorumalısınız. Çünki bu siyasətin uğurlu olması təkcə dövlətdən asılı deyil, hər bir vətəndaşdan asılıdır. Hər bir vətəndaş öz davranışı ilə bu ideyaları tərənnüm etməlidir. Belə olan halda, Azərbaycanda yaşayan bütün xalqlar, Azərbaycan vətəndaşları daim sülh şəraitində, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayacaqlar".
Azərbaycanda onlarla müxtəlif dini qurum, birlik və icmaların fəaliyyətdə olması ölkəmizdə hökm sürən bu mühiti əsaslandıran amillər sırasındadır. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Bakı şəhəri "Molokan ruhani-xristian" dini icması, Alban-Udi Xristian dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və digər qurumlar ölkəmizdə sərbəst və azad şəkildə fəaliyyət göstərirlər. Bu bir daha ona əsaslanır ki, molokanlar, yəhudilər, tatlar, saxurlar, ləzgilər üçün Azərbaycanda geniş imkanlar yaradılıb. Qeyri-xalqların yaşadığı Krasnaya Sloboda, İvanovka kimi kəndlərə daima dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir.
YÜKSƏK DİNİ-MƏNƏVİ MÜHİTİN QORUNUB SAXLANILMASI
Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Son 21 ildə İslam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş, inanc yerlərinin təmiri və bərpası ilə bağlı görülən işlər deyilənləri bir daha təsdiqləyir. Dövlət başçısının mütəmadi olaraq din xadimləri ilə görüşü, dini konfessiyalara maddi yardımlar edilməsi, dini ibadət yerlərinin təmir-bərpa olunması, ölkədə həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Bu gün ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Azərbaycan Prezidentinin məlum Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Azərbaycan Prezidentinin məlum Sərəncamı ilə Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. Bu Sərəncam Azərbaycanın xarici dini təhsildən asılılığını azaltmaq, yerli ilahiyyatçı kadr ehtiyacını təmin etmək baxımından əhəmiyyətlidir. Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışı bir daha dini-mənəvi mühitin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə ayrılan diqqətin təzahürüdür. Ölkəmizdə vətəndaşların dini etiqad, vicdan və təhsil hüquqlarının səmərəli realizəsinin ölkə rəhbərliyinin diqqət mərkəzində olmasının bariz göstəricisidir. İnstitutda İlahiyyat fakültəsi, Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai fənlər kafedraları fəaliyyət göstərir. İnstitutda ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə yüksəkixtisaslı kadrlar hazırlanır. Hər üç səviyyədə təhsil dövlət sifarişinə əsasən həyata keçirilir.
DİN DÖVLƏTDƏN AYRIDIR
Müasir dünyada müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycan uğurlu bir inkişaf yolundadır. Bəzi dünya dövlətlərində terrorizm, islama qarşı hücumlar artıb, islamafobiya güclənib. Avropa dövlətlərində milli mövcudluğu qoruyub saxlamaq cəhdlərinə qarşı aqressivlik, milli, dini və ayrı-seçkilik, mühacir və qaçqınların sıxışdırılması fonunda Azərbaycanda tolerantlıq, dözümlülük, multikulturalizm mühiti diqqətdən kənarda qalmır. Ölkəmizin mədəniyyətlərarası, dinlərarası və sivilizasiyaların təmas mərkəzinə çevrilib. Azərbaycan isə ekstremizm və dözümsüzlük əleyhinə çıxış edir, kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətlidir. "İndiki şəraitdə biz görürük ki, dünyanın müxtəlif yerlərində dini məzhəb zəminində qan tökülür, müharibələr alovlanır, böyük faciələr yaşanır" – deyən Azərbaycan Prezidenti bildirib ki, elə etməliyik ki, həm Azərbaycanda, həm yaşadığımız bölgədə vəziyyət müsbət istiqamətdə inkişaf etsin: "Biz adada yaşamırıq, biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Ona görə biz həm ölkə daxilində bu məsələləri daim diqqət mərkəzində saxlayırıq və hesab edirəm ki, beynəlxalq təşəbbüslərlə bölgədə və dünyada dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi işinə öz töhfəmizi veririk".
Həqiqətən də, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.
Nəzakət ƏLƏDDİNQIZI