PDF Oxu

Siyasət

  • 468

21 ilin reallıqları: dinamik inkişaf və ZƏFƏR tariximiz!

image

Prezident İlham Əliyev: "Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır"

Dövlət siyasətinin müasir modelini yaradan Azərbaycan Prezidenti İlham Əliyevin yüksək idarəçilik məharəti, qətiyyəti və milli maraqlara əsaslanan daxili və xarici siyasəti nəticəsində bütün sferalarda əldə olunan nailiyyətlərin kökündə müdrik siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır. Ötən 21 illik tariximiz Azərbaycanın böyük bir salnaməsini yaratmış, güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi imicə malik olan dövlət kimi öz imicini təsdiqləmişdir. Reallaşan kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat və ən əsası da xalq-iqtidar birliyi Azərbaycanın əsas inkişaf göstəriciləri sırasında olan amillərdir. Dövlət başçısı prezidentliyi dövründə ölkə həyatının bütün sahələrində verdiyi vədlərin hamısının yerinə yetirilməsinə nail olmuşdur. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, namizədliyini siyasi varisi Cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərkən bildirmişdi: "İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Keçirilən seçkilərində seçicilərin 76 faizdən çoxu Cənab İlham Əliyevin lehinə səs verdi və 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı seçilməsindən ötən dövr ərizində ölkəmizin qazandığı uğurlar hər bir vətəndaşın diqqətindədir. Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı zaman çıxışında dediyi sözləri xatırlatmaq yerinə düşər: "Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam". Həqiqətən də, belə oldu. Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşı üçün Prezident oldu və xalqın etimadını doğrultdu. Ötən iyirmi bir il aydın şəkildə göstərdi ki, İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmişdir. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Əbəs deyil ki, 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində xalqımız Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, əmin-amanlığa, tərəqqiyə və quruculuğa səs verdi.

ZƏFƏR SEÇKİLƏRİ - YENİ DÖVRÜN BAŞLANĞICI

2024-cü il fevralın 7-də Azərbaycanda şəffaf şəkildə keçirilən növbədənkənar Zəfər seçkiləri ölkənin demokratik inkişaf tarixinə daha bir uğur səhifəsini yazdı. Müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edən bütöv Azərbaycanda keçirilən seçkilər hər bir azərbaycanlını qürurlandırdı. Azərbaycan yeni dövrə qədəm qoydu. Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə verilən hər bir vəd, qarşıya qoyulan vəzifələr yerinə yetirildi və təsadüfi deyil ki, Cənab İlham Əliyev 92,12 faiz səslə yenidən prezident seçkilərində qalib gəldi. Yeni dövrün başlanğıcı kimi dəyərləndirilən bu seçkilər ölkəmizin qarşısında yeni imkanlar yaradır. 30 illik torpaq həsrətinə son qoyan tarixi Zəfərimizin, həmçinin ərazi bütövlüyümüzün və suverenliyimizin müəllifi olan Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən xalq qalib Liderinə səs verməklə bir daha təsdiqlədi ki, xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır.

Xalqın qalib Liderinə etimadı səsvermənin nəticələrində özünün aydın ifadəsini tapdı.

Azərbaycan tarixinin səhifəsinə yazılan 7 fevral ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri müdrik xalqımızın yekdilliyi ilə, həmrəyliyi ilə yeni tariximizə möhrünü vurdu. Xalqımız həmrəyliklə öz tarixi seçimini edərək bir daha inkişafa, tərəqqiyə, sabitliyə, əmin-amanlığa səs verdilər. Bu səs Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasətə verilən səs idi. Bu seçkilər Azərbaycan üçün tam bir demokratik bayram oldu. İlk dəfə seçkilər Azərbaycanın bütün ərazilərində keçirildi. Prezident İlham Əliyev Ulu Öndərimizin gördüyü möhtəşəm işləri qətiyyət və prinsipiallıqla davam etdirərək Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdrətini, nüfuzunu daim artıraraq, xalqın güzəranını və rifahını dönmədən yüksəldərək, ərazi bütövlüyümüzü təmin edərək və suverenliyimizə imza ataraq xalqın alternativsiz Liderinə çevrilib. Bu gün Azərbaycan öz qüdrətli Liderinin uzaqgörən, qətiyyətli siyasəti ilə regionda yaranmış yeni reallıqlar fonunda daha möhtəşəm gələcəyə doğru inamla addımlayır. 30 ildən sonra ilk dəfə olaraq ərazi bütövlüyümüz tam təmin edilmiş şəkildə seçki keçirildi və bu seçki bütün ölkə ərazisini əhatə etdi. Keçmiş məcburi köçkünlər yurdlarında seçici olaraq səs verdilər. Bu da daha bir tarixi hadisəyə çevrildi. Əlbəttə ki, Zəfər seçkiləri yeni dövrün başlanğıcıdır. Seçkilərdə qazanılan bu Zəfər Azərbaycan xalqının Prezidentinə inamının, etimadının təzahürüdür.

"BUNDAN SONRA DA AZƏRBAYCANIN HƏRTƏRƏFLİ İNKİŞAFI, ƏRAZİ BÜTÖVLÜYÜMÜZÜN QORUNMASI ÜÇÜN ƏLİMDƏN GƏLƏNİ ƏSİRGƏMƏYƏCƏYƏM"

Cənab İlham Əliyevin növbəti 7 il üçün Prezident seçilməsi öz tarixinin yeni mərhələsinə qədəm qoyan Azərbaycan üçün ən uğurlu başlanğıcdır. Ermənistanla sülhün əldə olunması, azad olunmuş torpaqlara Böyük Qayıdış kimi nəhəng işlər, vəzifələr durur. Xalq məhz gələcək işıqlı taleyini yalnız öz sınanmış Lideri İlham Əliyevə etibar edə bilərdi. Qarşıda Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yeni nailiyyətlər və yeni qələbələr gözləyir.

Ötən illər ərzində Azərbaycan xalqının təhlükəsizlik və sabitlik şəraitində yaşaması, uğurlu inkişafı hər bir Azərbaycan vətandaşında məmnunluq yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində yeni dövr üzrə müəyyənləşdirilən hədəfləri mesaj verdi. "Bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm" - deyən Prezident bildirib ki, iyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. "2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik" – deyən Prezident diqqətə çatdırıb ki, verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi: "O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik".

GÜCLÜ XALQ, GÜCLÜ DÖVLƏT, GÜCLÜ LİDER VƏHDƏTİ

Ölkəmizin istənilən bir sahəsində uğurları görmək mümkündür ki, bu da insanların firavanlığının təminində mühüm rola malikdir. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı hər bir vətəndaşda gələcəyə daha da böyük inam və əminlik yaradıb. Prezident İlham Əliyev dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olub. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müasir müstəqil Azərbaycanın devizinə çevrilib. Bu gün Azərbaycanda güclü dövlət idarəçiliyi mövcuddur. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Prezident İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasəti qısa müddətdə Azərbaycanı dünya birliyinin sayılıb-seçilən üzvünə, beynəlxalq tədbirlərin, qloballaşan dünyanın problemlərinin çözüldüyü məkana çevirdi. İnkişafın Azərbaycan modeli, multikulturalizm modelimiz dünyanın diqqətini özünə çəkdi, bir çox ölkədə öyrənilməyə başlandı və örnəyə çevrildi. Azərbaycan kosmik dövlətlər ailəsinə daxil oldu, müasir, modern dövlətə çevrildi. Prezident İlham Əliyev Ulu Öndərimizin gördüyü möhtəşəm işləri eyni qətiyyət və prinsipiallıqla davam etdirərək Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdrətini, nüfuzunu daim artırır, xalqın güzəranını və rifahını dönmədən yüksəldir.

REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFINDA YENİ DÖVR

Azərbaycanın uğurlu inkişafının təmin edilməsində və qarşıda duran bütün əsas vəzifələr uğurla icrasının təməlində düşünülmüş siyasət, həyata keçirilən islahatlar və dövlət proqramları dayanır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində abadlaşan bölgələrimiz, inkişaf edən ölkəmiz Azərbaycanın dinamik inkişafının göstəriciləridir. Paytaxtla regionlar arasında inkişaf fərqini aradan qaldırmağa hesablanmış Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə infrastrukturun yenilənməsi, rayonların simasının əhəmiyyətli dərəcədə müasirləşməsində mühüm rol oynayıb. Bölgələrdə istehsal müəssisələrinin dirçəlişi və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, aqrar sektorun müxtəlif dəstək mexanizmləri və innovativ üsullarla inkişaf etdirilməsi, müasir infrastrukturun, yeni iş yerlərinin yaradılması dövlət proqramlarının reallaşdırılmasında əsas nailiyyətlər sırasında qeyd edilməlidir. Ümumilikdə 4 dövlət proqramı üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. 2004-cü ildən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb. Statistik rəqəmlərə əsasən. 2004-cü ildən ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76%-i regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Regionlarda qazlaşdırmanın səviyyəsi 94%-i ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-ə çatıb. Bu illərdə 9 hava limanı tikilib və yenidən qurulub. Laçın hava limanının tikintisi isə davam edir. Həmin müddətdə əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 760-a yaxın tibb müəssisəsi tikilib və ya təmir olunub, çoxlu sayda körpü və tunellər, yollar istifadəyə verilib. İstehsal və sənaye müəssisələrinin çoxu bölgələrə aiddir. Hazırlanan növbəti dövlət proqramı da regionların inkişafının müasir tələblərə uyğunlaşdırılmasına hesablanıb. Bütün bu və ya digər göstəricilər və statistik rəqəmlər deməyə əsas verir ki. Azərbaycan böyük bir ikkişaf yolu keçərək nufuzunu yüksəltməyə nail olub. Bu göstəricilər insanların rahatlıq və firavanlığını yüksəldib.

"AZƏRBAYCAN O ÖLKƏLƏRDƏNDİR Kİ, ÖZ SÖZÜNÜ AÇIQ DEYİR, MÜSTƏQİL SİYASƏT APARIR"

Regionda yeni reallıqların müəllifi və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibi olan Azərbaycan regional əməkdaşlıq, sabitlik və inkişaf üçün genişmiqyaslı təşəbbüslər irəli sürür. "Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır", - deyə Prezident bildirib. Cənab İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə müdrik liderə məxsus böyük uzaqgörənliklə yanaşması apardığı siyasətin əsas cəhətlərindən biridir. Azərbaycan Prezidenti təcrübəli siyasətçi kimi ümummilli və qlobal məsələləri böyük peşəkarlıqla həll edir, hadisə və proseslərin axarını əvvəlcədən müəyyənləşdirərək gələcəyin tarixini yaradır, parlaq zəkası, iti mühakimə qabiliyyəti, möhkəm xarakteri və mürəkkəb situasiyalarda düzgün seçim etməsi ilə dünyanın tanınmış dövlət xadimləri içərisində xüsusi yer tutur.

Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən siyasət həyata keçirir. Azərbaycan Prezidenti sübut edir ki, liderin malik olduğu nüfuz özündə şəxsi keyfiyyətlərin, siyasi dəyərlərin və prinsiplərin vəhdətini birləşdirir. Dövlət başçısının xalqın qəhrəmanı, hərbi sərkərdəsi olması onun intellektual potensialından və səriştəli idarəetmə bacarığından irəli gəlir. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülür. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq, humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılıb. Təhsil sisteminin daha da təkmilləşdirilməsinə dair tədbirlər həyata keçirilib, dünyanın mötəbər universitetlərində minlərlə Azərbaycan gəncinin təhsil alması üzrə Dövlət Proqramı gerçəkləşdirilib, yeni universitetlər açılıb, təhsildə özəl sektor formalaşıb. Yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, vergi və gömrük sistemində köklü dəyişikliklər, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edib. Təbii ki, bütün bunlar bir daha deməyə əsas verir ki, Cənab Əliyevin 21 illik prezidentliyi dövründə bütün sferalarda çevik islahatlar aparılıb, dövlət proqramları qəbul olunub. Düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulub, vacib olan neft strategiyası davam etdirilib.

Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Bu gün, məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Bütün bu və ya digər amillər müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlər - tarixi gerçəklikləridir.

AZƏRBAYCANIN BEYNƏLXALQ NÜFUZUNUN TƏQDİMATI

Müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər gerçəkləşib. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər vermiş oldu. Dünyanın 155 ölkəsi Azərbaycana səs verdi. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir. Cənab Prezident "Bizim siyasətimiz, addımlarımız, xoş niyyətimiz və xarici siyasətimizin əməkdaşlıq üzərində qurulması bizə böyük dostlar düşərgəsi qazandıra bilmişdir. Təsadüfi deyildir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə üzv seçilmişdir. Bu, bizim böyük siyasi, diplomatik qələbəmizdir, müstəqil Azərbaycanın böyük uğurudur", - deyə bildirmişdir.

Xarici siyasət daxili siyasətin davamıdır. Xarici siyasətimiz çox aydın, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi. COP29 tədbirinin yüksək təşkilatçılığı, uğuru Azərbaycanın beynəlxalq nüfuzunun daha bir təqdimatı oldu.

Bu günlərdə Azərbaycanın növbəti diplomatik uğuru – D-8 təşkilatına üzvlük ölkəmizin müstəqillik tarixində beynəlxalq diplomatik uğurlar sırasına daxil olan növbəti əlamətdar hadisə kimi yadda qalıb. Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib. Bu, D-8 yarandığı gündən təşkilatın sıralarının ilk genişlənməsi kimi əlamətdardır. Üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollardan artıq ÜDM-ə malik, 130 milyard ticarət dövriyyəsi həyata keçirən, üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən (ümumi əhali 1,2 milliardan artıqdır) və böyük iqtisadi potensiala malik "İslam Səkkizliyi" adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir. Bu, Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Müasir Azərbaycan Respublikasının memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminliklə deyə bilərik ki, Ulu Öndərin hazırladığı mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə söz sahibi olan müstəqil dövlətə çevirdi. Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı. Bu gün regiondakı hər hansı bir strateji əhəmiyyətli layihə Azərbaycanın rəyi olmadan gerçəkləşə bilməz.

Ötən 21 illik tariximiz Azərbaycanın böyük bir salnaməsini yaratmış, güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi imicə malik olan dövlət kimi öz imicini təsdiqləmişdir. Dövlət başçısının xalqın qəhrəmanı, hərbi sərkərdəsi olması onun intellektual potensialından və səriştəli idarəetmə bacarığından irəli gəlir. Bu gün, məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Bütün bu və ya digər amillər müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlər - tarixi gerçəklikləridir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər