PDF Oxu

Siyasət

  • 450

Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafında aparıcı siyasi qüvvədir - ŞƏRH

image

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin yeni siyasi və geosiyasi reallıqlar şəraitində qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultayda çıxışı ölkəmizin keçdiyi şərəfli yolun, əldə olunan tarixi nailiyyətlərin və qarşıda duran strateji hədəflərin geniş təhlili ilə yadda qalıb. Bu gün YAP Azərbaycanın ictimai-siyasi həyatında aparıcı mövqeyə malik olan siyasi qüvvə kimi dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə mühüm töhfələr verir.

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixinin ən mürəkkəb dövrlərindən birinə təsadüf edib. 1992-ci ilin noyabrında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya xalqın sabitlik, dövlətçilik və güclü siyasi liderlik istəyinin ifadəsi idi. Ulu Öndərin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın parçalanmaq təhlükəsindən xilas edilməsində, ictimai-siyasi sabitliyin təmin olunmasında və dövlətçilik əsaslarının möhkəmləndirilməsində həlledici rol oynadı.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf, güclü ordu quruculuğu, milli maraqların qorunması və Azərbaycanın beynəlxalq nüfuzunun artırılması dövlət siyasətinin əsas istiqamətlərinə çevrilib. Bu siyasətin ən böyük nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır.

44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri Azərbaycan tarixində yeni mərhələ yaradıb. 8 Noyabr – Zəfər Günü və 20 Sentyabr tarixləri xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu qələbələr Azərbaycan xalqının iradəsinin, dövlətimizin qətiyyətinin və ordumuzun gücünün nəticəsidir. Şəhidlərimizin fədakarlığı isə bu tarixi nailiyyətlərin mənəvi təməlini təşkil edir.

Bu gün Azərbaycanın qarşısında yeni vəzifələr dayanır. Ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, təhlükəsizliyin etibarlı təmin olunması, iqtisadi potensialın artırılması və müstəqil xarici siyasətin davam etdirilməsi prioritet istiqamətlərdir. Dünyada baş verən proseslər göstərir ki, güclü dövlət və güclü ordu milli təhlükəsizliyin əsas təminatıdır. Azərbaycan da bu reallığı nəzərə alaraq öz hərbi və iqtisadi imkanlarını daim artırır.

Eyni zamanda, müasir dövrdə ideoloji təhlükəsizlik də mühüm əhəmiyyət daşıyır. İnformasiya texnologiyalarının sürətli inkişaf etdiyi bir şəraitdə milli dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və cəmiyyətin xarici ideoloji təsirlərdən qorunması vacib vəzifələrdəndir. Bu istiqamətdə Yeni Azərbaycan Partiyasının üzvləri də fəal mövqe nümayiş etdirməli, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri və əldə olunan nailiyyətlər barədə cəmiyyətin düzgün məlumatlandırılmasına töhfə verməlidirlər.

Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol onun gələcək fəaliyyətinin də möhkəm təməlini təşkil edir. Partiyanın əsas gücü xalqla sıx bağlılığında, milli maraqlara sadiqliyində və dövlətçilik mövqeyindədir. Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər YAP qarşısında duran yeni tarixi vəzifələri bir daha müəyyənləşdirib. Partiyanın bütün üzvlərinin bu vəzifələrin həyata keçirilməsində fəal iştirakı Azərbaycanın daha böyük uğurlara imza atmasına mühüm töhfə verəcək.

Rövşən Qasımov,

YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər