PDF Oxu

Siyasət

  • 289

Rənglərdə yaşayan məfkurə: bayraq, milli həmrəylik və azərbaycançılıq - ŞƏRH

Rənglərdə yaşayan məfkurə: bayraq, milli həmrəylik və azərbaycançılıq - ŞƏRH

Hər bir dövlət bayrağı bir xalqın tarixini, dünyagörüşünü və gələcəyə baxışını bir neçə rəng və işarə ilə ifadə edir. Azərbaycan bayrağı da bu baxımdan zəngin məna daşıyır. Onun hər rəngi, hər detalı xalqımızın kimliyini, mənəvi dəyərlərini və tarixi seçimini əks etdirir. Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.”
Bayrağımız bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarıdakı mavi zolaq xalqımızın türk mənşəyini və böyük türk dünyasına mənsubluğunu təcəssüm etdirir. Ortadakı qırmızı zolaq müasirləşməni, tərəqqini, demokratik dəyərləri və inkişafa açıqlığı ifadə edir. Aşağıdakı yaşıl zolaq isə islam sivilizasiyasına mənsubluğu, xalqımızın mənəvi köklərini simvolizə edir. Qırmızı zolağın ortasındakı ağ aypara və səkkizguşəli ulduz bayrağa xüsusi gözəllik və məna qatır. Ulduzun səkkiz guşəsi tarixi ədəbiyyatda müxtəlif cür yozulur. Bəzən “Azərbaycan” sözünün ərəb əlifbası ilə yazılışındakı səkkiz hərflə, bəzən də türk xalqlarının səkkiz qolu ilə əlaqələndirilir.
Bu rəmzləri birlikdə oxuyanda mühüm bir həqiqət ortaya çıxır. Azərbaycan xalqı öz kökünə bağlı qalmaqla yanaşı müasir dünyaya açıqdır, mənəvi dəyərlərinə sadiq qalmaqla yanaşı tərəqqiyə can atır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları 1918-ci ildə “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyasını bayraq vasitəsilə ifadə edərək gələcək nəsillərə aydın bir ideoloji istiqamət vermişdilər. Bayraq bu mənada bir dövlət proqramının, bir millətin həyat fəlsəfəsinin vizual ifadəsidir.
Müstəqilliyin bərpasından sonra bu ideoloji irsə yeni məzmun verən şəxsiyyət Ümummilli Lider Heydər Əliyev oldu. Onun irəli sürdüyü azərbaycançılıq məfkurəsi müstəqil dövlətin ideoloji təməlinə çevrildi. Azərbaycançılıq etnik mənşəyindən, dini inancından və dilindən asılı olmayaraq Azərbaycanı Vətən bilən hər kəsi vahid məqsəd ətrafında birləşdirən ideyadır. Ölkəmizdə əsrlər boyu müxtəlif xalqların və etnik qrupların nümayəndələri qardaşcasına yaşayıb. Onları birləşdirən ümumi dəyərlər arasında dövlət rəmzləri, ilk növbədə isə Dövlət Bayrağı xüsusi yer tutur.
Bayraq milli həmrəyliyin ən aydın görüntüsüdür. Bir şəhərdə, bir kənddə, bir məktəbin həyətində dalğalanan bayraq orada yaşayan hər kəsə eyni şeyi xatırladır: biz bir dövlətin vətəndaşlarıyıq, taleyimiz ortaqdır. Müstəqilliyin ilk illərində ölkə ağır sınaqlarla, vətəndaş qarşıdurması təhlükəsi ilə üzləşəndə dövləti xilas edən də məhz milli birlik ideyası oldu. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev parçalanmış cəmiyyəti ortaq məqsəd ətrafında birləşdirə bildi. Bu birliyin bayrağı da üçrəngli bayrağımız idi.
Heydər Əliyevin milli həmrəyliyə verdiyi önəm təkcə ölkə daxili ilə məhdudlaşmırdı. 1991-ci ilin dekabrında onun təşəbbüsü ilə Naxçıvan Ali Məclisi 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu qərarla dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız da tarixi Vətənlə mənəvi bağ ətrafında birləşdi. Bu gün diaspor təşkilatlarının keçirdiyi tədbirlərdə, xarici ölkələrin şəhərlərində ucalan üçrəngli bayraqlar Azərbaycanın sərhədlərdən kənarda da birlik və qürur rəmzi olduğunu göstərir.
Milli həmrəyliyin gücünü ən parlaq şəkildə 2020-ci il Vətən müharibəsində gördük. Ölkənin hər guşəsindən, müxtəlif xalqlardan olan gənclər eyni bayraq altında çiyin-çiyinə döyüşdü. Evlərin eyvanlarında, avtomobillərdə, iş yerlərində, sosial şəbəkə profillərində üçrəngli bayraq ucaldı. Cəbhədə və arxada bütün xalq bir yumruq kimi birləşdi. Bu birlik sübut etdi ki, Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideyası sadəcə nəzəri anlayış deyil, xalqın həyat tərzinə çevrilmiş canlı dəyərdir.
Ümummilli Lider bayrağı digər dövlət rəmzləri ilə vəhdətdə dəyərləndirirdi: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var.” Bayraq, gerb və himn birlikdə dövlətin kimliyini, dünya birliyində layiqli yerini təsdiq edir. Bu rəmzlərdən hər biri xalqın iradəsini, müstəqil yaşamaq hüququnu ifadə edir. Onlara hörmət isə həmin iradəyə və hüquqa hörmətdir.
Bu gün azərbaycançılıq məfkurəsi yeni mərhələdədir. Ərazi bütövlüyünün bərpasından sonra Böyük Qayıdış, azad edilmiş torpaqların dirçəldilməsi, regionda sülh və əməkdaşlıq kimi vəzifələr xalqımızın qarşısında dayanır. Bu vəzifələrin həlli də milli birlikdən, ortaq dəyərlərə sədaqətdən keçir. Bayrağımızdakı rənglər bu yolda bizə həm kökümüzü, həm də istiqamətimizi xatırladır.
Dövlət Bayrağı Günü rənglərin dili ilə yazılmış bu məfkurəni bir daha düşünmək üçün gözəl fürsətdir. Mavi, qırmızı və yaşıl rənglər, ay-ulduz təkcə parça üzərindəki naxışlar deyil. Onlar bizi bir edən, bir-birimizə bağlayan və gələcəyə birlikdə aparan dəyərlərin canlı ifadəsidir.

Abbas Pənahov
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini

Digər xəbərlər