PDF Oxu

Siyasət

  • 434

“Dövlət Bayrağımız milli qürurumuzun, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir” -MİLLƏT VƏKİLİ

“Dövlət Bayrağımız milli qürurumuzun, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir” -MİLLƏT VƏKİLİ

"Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi keçmişini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə əks etdirən müqəddəs dövlət rəmzlərindən biridir". Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər il noyabrın 9-da ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunur:

"Bu əlamətdar gün Azərbaycan xalqının dövlətçilik ənənələrinə, milli birliyinə və müstəqillik ideallarına bağlılığının ifadəsidir. Üçrəngli bayrağımız bu gün müstəqil Azərbaycanın hər bir vətəndaşı üçün qürur mənbəyi, milli həmrəyliyin və suverenliyin rəmzidir.

Azərbaycan bayrağının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edilib. Bayrağımızın rənglərində ifadə olunan türkçülük, müasirlik və islamçılıq ideyaları xalqımızın milli-mənəvi dəyərlərini, tarixi köklərini və mütərəqqi dünyagörüşünü özündə birləşdirir. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun qəbul etdiyi üçrəngli bayraq dövlətçilik tariximizdə silinməz iz qoyub. Bu bayraq müstəqillik ideyasının, milli özünüdərkin və azad yaşamaq əzminin təcəssümünə çevrilib.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız yenidən dövlət rəmzi kimi təsdiq olundu. Bu prosesdə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi əhəmiyyət daşıyır. Ulu Öndər hələ sovet hakimiyyəti illərində Naxçıvanda üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsinə nail olmaqla milli dövlətçilik ənənələrinin qorunmasına mühüm töhfə vermişdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə üçrəngli bayraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul edildi və onun Azərbaycan SSR-in dövlət rəmzi kimi tanınması məsələsi qaldırıldı. Bu addım müstəqilliyə aparan yolda mühüm siyasi və tarixi hadisə idi.

Müstəqil Azərbaycanın inkişafında Dövlət Bayrağının siyasi və mənəvi əhəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da yüksəlib. Dövlət başçısı üçrəngli bayrağımızı Azərbaycanın suverenliyinin, milli birliyinin və dövlətçilik iradəsinin əsas rəmzlərindən biri kimi daim uca tutub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalanıb. Həmin ildən etibarən noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bakıda Dövlət Bayrağı Meydanının yaradılması və nəhəng bayrağımızın ucaldılması da milli rəmzimizə göstərilən yüksək ehtiramın ifadəsidir.

Azərbaycan bayrağının tarixində ən qürurverici səhifələrdən biri Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə yazılıb. Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə üçrəngli bayrağımız yenidən doğma yurdlarımızda dalğalanmağa başlayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı Dövlət Bayrağımızı ucaltması xalqımızın yaddaşında əbədi yaşayacaq tarixi anlara çevrilib. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında və digər yaşayış məntəqələrimizdə bayrağımızın dalğalanması tarixi ədalətin bərpasının və milli iradəmizin təzahürüdür.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi. Xankəndidə və digər ərazilərimizdə üçrəngli bayrağımızın ucaldılması müstəqil dövlətimizin ərazi bütövlüyünün təmin olunmasının mühüm göstəricisi oldu. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı bayrağımızın kölgəsində yeni həyatın başladığını nümayiş etdirir. Artıq həmin ərazilərdə dalğalanan üçrəngli bayrağımız yalnız Qələbənin deyil, həm də sülhün, quruculuğun və gələcəyə inamın rəmzidir.

Bu gün Azərbaycan bayrağı beynəlxalq tədbirlərdə, idman yarışlarında, diplomatik platformalarda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın iştirak etdiyi mərasimlərdə qürurla dalğalanır. Hər bir azərbaycanlı üçün üçrəngli bayraq Vətən anlayışının, milli mənsubiyyətin və tarixi yaddaşın ayrılmaz hissəsidir. Onun ucaldılması xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin, qəhrəmanlığının və birliyinin təcəssümüdür. Dövlət Bayrağımızı qorumaq, ona hörmətlə yanaşmaq və gələcək nəsillərə sevdirmək hər bir vətəndaşın mənəvi borcudur. Çünki üçrəngli bayrağımız dünənimizin şanlı tarixini, bu günümüzün qüdrətini və sabahımızın müstəqillik idealını özündə yaşadır".

Digər xəbərlər