PDF Oxu

Siyasət

  • 316

Zəfər – milli iradənin, dövlət qüdrətinin və tarixi ədalətin təntənəsi! - ŞƏRH

Zəfər – milli iradənin, dövlət qüdrətinin və tarixi ədalətin təntənəsi! - ŞƏRH

8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri, xalqımızın milli iradəsinin, dövlətimizin siyasi qüdrətinin və ordumuzun hərbi peşəkarlığının möhtəşəm təcəssümüdür.

Bu tarixi Zəfər yalnız ərazi bütövlüyümüzün bərpası ilə məhdudlaşmır. O, Azərbaycan dövlətinin beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsinin, milli suverenliyimizin təmin olunmasının, tarixi ədalətin bərpasının və xalqımızın öz taleyinin sahibi olduğunu bütün dünyaya nümayiş etdirməsinin parlaq ifadəsidir.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, uzaqgörən siyasəti, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi tariximizin axarını dəyişərək Zəfəri reallığa çevirdi.
Bu qələbənin təməlində illərlə qorunub saxlanılan milli yaddaş, sarsılmaz dövlətçilik iradəsi, Vətənə sədaqət və nəsillərin qəlbində yaşayan azadlıq arzusu dayanır. Şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və əsgərlərimizin qəhrəmanlığı Azərbaycan tarixinin heç zaman silinməyəcək şərəf salnaməsidir.
Zəfər bizə yalnız azad edilmiş torpaqlar deyil, həm də daha güclü dövlət, daha möhkəm milli birlik və gələcəyə daha böyük inam qazandırdı.
Bu gün Azərbaycan qalib dövlət kimi öz suverenliyini bütün ərazisində təmin etmiş, milli maraqlarını qətiyyətlə müdafiə edən, regional və beynəlxalq proseslərdə söz sahibi olan qüdrətli ölkədir. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri isə Zəfərin yaradıcı gücünün, sülhə və inkişafa yönəlmiş dövlət siyasətinin təzahürüdür.
Unutmamalıyıq ki, Zəfər yalnız keçmişimizin qürur mənbəyi deyil, həm də gələcək nəsillər qarşısında daşıdığımız dövlətçilik məsuliyyətidir.
Biz elə bir tarix yazdıq ki, bundan sonra Azərbaycan adı yalnız öz qəhrəmanlığı ilə deyil, öz iradəsinə, birliyinə və dövlət gücünə sahib çıxan qalib xalqın adı kimi yaşayacaq!
8 Noyabr – Zəfər Günümüz mübarək!
Şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilsin! Qalib Azərbaycanımızın Zəfəri əbədi olsun!
Qarabağ Azərbaycandır! Azərbaycan qalibdir!

Ümid Şükürov,
Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı, Gəncə şəhər Sukanal İdarəsinin Mənbələrin və Su anbarlarının istismarı sahəsinin rəisi, YAP Gəncə şəhər 152 saylı ərazi partiya təşkilatının sədri, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü

Digər xəbərlər