Hər şeyin bir başlanğıc nöqtəsi var. Elə tarixin də. Sovet imperiyasının hələ ayaqda durduğu, senzuranın, qadağaların və qeyri-müəyyənliyin hökm sürdüyü 1990-cı ilin noyabrı. Hələ kommunist partiyası mövcud idi, sovet rejimi öz sərt inzibati mexanizmlərini qoruyub saxlayırdı. Belə bir tarixi məqamda Naxçıvanda – məhz o dövrün reallıqlarına meydan oxuyan, siyasi cəsarət tələb edən taleyüklü bir qərar qəbul edildi. Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında sovetlərin adı rəsmi olaraq silindi və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yadigar qoyduğu üçrəngli bayraq ilk dəfə dövlət səviyyəsində ucaldıldı. Bu, yoxa çıxmaq təhlükəsi ilə üz-üzə qalan milli yaddaşın oyanışı, illərlə susdurulan dövlətçilik ənənələrinin ayağa qalxması idi. Ümummilli Lider Heydər Əliyevin o gün Naxçıvan parlamentinin zalına gətirib başımızın üstünə vurduğu o bayraq gələcəyin müstəqil Azərbaycanının ilk təməl daşlarından biri oldu. Ulu Öndər Heydər Əliyev özü bu anı xatırlayarkən haqlı olaraq deyirdi: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq... Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.”
Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunan hər bir fəal üçün bu tarix xüsusi məna daşıyır. Çünki Naxçıvandan başlanan o mübarizə yolu, xalqın təkidli tələbi ilə irəli sürülən azərbaycançılıq məfkurəsi sonradan müstəqil dövlətimizin xilas salnaməsinə çevrildi. Heydər Əliyevçilik ideologiyası məhz həmin o üçrəngli bayrağın altında birləşən xalqın iradəsindən güc aldı. Həmin siyasi iradə bu gün cəmiyyətin bütün təbəqələrində, xüsusən də gənc nəslin yetişdirildiyi təhsil ocaqlarında öz əksini tapır. Hər səhər təhsil müəssisəsinin qapısından içəri girəndə, sinif otaqlarından uşaq səsləri ilə yanaşı gələn o qürurlu ab-havanı duyanda insan bir daha anlayır ki, biz sadəcə dərslərlə kifayətlənmirik, həm də gələcəyin qurucularını formalaşdırırıq. Həyətdə səhər düzülüşü zamanı əllərini ürəyinin üstünə qoyub himnimizi oxuyan uşaqları izləyərkən dərk edirik ki, dövlət rəmzlərinə sədaqət hissi uşaq yaşlarından şüurlara həkk olunmalıdır. Uşaqlar bayrağa baxanda orada sadəcə rənglər görmürlər. Onlar orada azadlığı, qüruru, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan Böyük Zəfərin ruhunu görürlər. Kiçik sinif şagirdlərindən birinin soruşduğu kimi: “Niyə bayrağımız həmişə yuxarıdadır?” O an düşünürsən ki, uşaq şüurunda bayraq həm də mənəvi ucalıq deməkdir. Biz istəyirik ki, yetişən gənclik də məhz həmin o bayraq kimi hər zaman uca olsun – bilikdə, əxlaqda, vətənpərvərlikdə.
Ümummilli Lider Heydər Əliyevin çox dərin mənalı bir fikri var: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.” Bu gün cəmiyyət olaraq qarşımızda duran ən əsas vəzifə məhz budur. Gənc nəslə bu dərki ötürmək, onlarda milli həmrəylik və dövlətçilik şüurunu gücləndirmək. Bir müəllim olaraq hər zaman həm ictimai fəaliyyətimizdə, həm də gündəlik işimizdə bu prinsipləri rəhbər tuturuq. Uşaqlara başa salırıq ki, müstəqillik və bu bayraq asanlıqla qazanılmayıb. Onun arxasında Naxçıvan sessiyasının o tarixi qərarları, Heydər Əliyevin uzaqgörən siyasəti və xalqımızın əzmkar mübarizəsi dayanır. Dövlət rəmzinə hörmət sadəcə ehtiram göstərmək deyil, həm də oxumaqdır, öyrənməkdir, Vətəninə layiq vətəndaş olmaqdır.
Bu gün dünyanın harasına baxırsansa bax, müstəqil Azərbaycanın üçrəngli bayrağı ən mötəbər beynəlxalq təşkilatların iqamətgahları qarşısında, işğaldan azad edilmiş doğma torpaqlarımızda – Xankəndidə, Şuşada, Laçında qürurla dalğalanır. Ulu Öndərin illər əvvəl böyük uzaqgörənliklə dediyi kimi: “Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.” Həmin o bayraq bu gün Azərbaycanın hər bir guşəsində olduğu kimi, doğma Naxçıvanımızda da, məktəblərimizin üzərində də əzmlə dalğalanır. Onu ucaldanların yolu bu gün etibarlı əllərdədir. Biz əminik ki, o bayraq hər zaman uca olacaq, çünki onu qoruyan və daşıyan gənclik dərk edir ki, bayraq Vətənin özüdür, Vətən isə toxunulmazdır!
Günel Quliyeva
YAP Naxçıvan şəhər təşkilatı “Füzuli küçəsi 2D” ünvanında yerləşən ərazi partiya təşkilatının fəal üzvü,
Naxçıvan şəhər 10 saylı tam orta məktəbin direktoru