Bayraq xalqın varlığının, tarixinin və mənəvi dünyasının canlanmış ifadəsidir. Dövlətçiliyimizin əsas atributlarından olan üçrəngli bayrağımız xalqımızın tarixini, mübarizəsini, ağrı-acısını, arzularını özündə yaşadır. Bu gün suveren Azərbaycanın səmalarında qürurla dalğalanan bu bayraq xalqımızın istiqlal əzmini dünyaya bəyan edir. Dövlətçilik tariximizin müxtəlif mərhələlərinə şahidlik edən bayrağımız milli kimliyimizin və parlaq gələcəyə inamımızın təcəssümüdür.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Bununla da Azərbaycan Şərqdə ilk demokratik respublika yaratdı. Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə mavi, qırmızı və yaşıl rənglərdən, aypara və səkkizguşəli ulduzdan ibarət üçrəngli Dövlət bayrağı qəbul edildi. Bu hadisə Azərbaycan dövlətçilik tarixinin ən mühüm mərhələlərindən biri oldu. Bayrağımız kimliyimizin, milli ideallarımızın rəmzinə çevrildi. 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı üçrəngli bayrağımız parlament binası üzərində dalğalanırdı. Lakin bayrağımızın ilk dövlətçilik dövrü də Azərbaycan Xalq Cümhuriyyətinin ömrü kimi qısa oldu. 1920-ci ildə Cümhuriyyət süqut etdi və üçrəngli bayrağımız da dövlət rəmzi statusunu itirdi. Lakin sovet dövründə də aparılan güclü ideoloji təzyiqlərə baxmayaraq milli düşüncəli insanların yaddaşında bu bayraq yaşadı. Nəhayət, tarixi şərait yetişdikdə üçrəngli dövlət bayrağımız yenidən Azərbaycan səmasında dalğalanmağa başladı. Tarixi faktlardan məlumdur ki, 1990-cı ildə artıq SSRİ-də siyasi sistem zəifləmişdi. Müttəfiq respublikalarda milli azadlıq hərəkatı baş qaldırmışdı. Azərbaycanda da xalqın milli müstəqillik, suverenlik və öz dövlətçilik ənənələrinə qayıdış tələbləri artırdı. 1990-cı il 20 Yanvar hadisələri bu prosesləri daha da sürətləndirdi. Belə bir şəraitdə milli dövlətçilik rəmzlərimizin bərpası böyük siyasi əhəmiyyət daşıyırdı. Üçrəngli bayrağın yenidən qəbul edilməsi Azərbaycan xalqının öz tarixi dövlətçilik irsinə sahib çıxması baxımından zərurətə çevrilmişdi.
1990-cı ilin iyulunda ümummilli lider Heydər Əliyev Moskvadan Azərbaycana qayıtdı. Daha sonra Naxçıvana gəldi və həmin ilin sentyabrında keçirilən seçkilərdə Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi. Bayrağımızın yenidən dövlət rəmzi kimi bərpasında Naxçıvanın xüsusi tarixi rolu oldu. Naxçıvan Ali Məclisində üçrəngli bayrağın bərpası ilə bağlı qərar qəbul edildi. Belə ki, 17 noyabr 1990-cı ildə Heydər Əliyevin sədrliyi ilə Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası keçirildi. Sessiyanın gündəliyində Azərbaycanın və Naxçıvanın dövlətçilik gələcəyi, milli rəmzləri və siyasi statusu ilə bağlı mühüm məsələlər dayanırdı. Həmin gün müzakirələr nəticəsində Azərbaycanın gələcək dövlətçilik taleyinə mühüm təsir göstərən üç tarixi qərar qəbul edildi. Onlardan biri Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılması, digəri isə ali hakimiyyət orqanının - Naxçıvan MSSR Ali Sovetinin adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması idi. Üçüncü qərar isə üçrəngli bayrağımızla bağlı qəbul edilmiş tarixi qərar idi. Bu qərara əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul etdiyi mavi, qırmızı və yaşıl rəngli, aypara və səkkizguşəli ulduzlu bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsis edildi. Eyni zamanda həmin bayrağın Azərbaycan SSR-nin dövlət rəmzi kimi qəbul edilməsi üçün mərkəzi hakimiyyət qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırıldı. Beləliklə, bu tarixi addımla Ulu öndər dövlətçilik irsimizə sahib çıxaraq milli dövlət rəmzlərimizi rəsmiləşdirdi. Bu addım hələ dövlət müstəqilliyini bərpa etməmiş Azərbaycanın suverenlik və istiqlal arzusunun mühüm siyasi ifadəsi idi.
Həmin tarixi iclasda qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərarda deyilirdi:
“İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsis edilsin.
Naxçıvan Muxtar Respublikasının digər Dövlət rəmzləri – Dövlət himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının bütövlükdə Azərbaycan SSR-in Dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin”.
Beləliklə, üçrəngli bayrağımız yenidən Vətən səmasında dalğalanmağa başladı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunu qəbul edərək üçrəngli bayrağımızı Dövlət bayrağı kimi təsdiq etdi.
Bayrağımız istər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də müstəqillik dövründə xalqımızın and yerinə, müqəddəs və toxunulmaz dövlətçilik atributuna çevrildi. Onun uğrunda minlərlə gənc canından keçdi, bayrağımızın enməsinə isə imkan verilmədi. Vətən müharibəsi dövründə də bayrağımız xalqımızın birliyinin, qələbə əzminin rəmzinə çevrildi. Bu gün Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanan dövlət bayrağımız ərazi bütövlüyümüzün və suverenliyimizin ifadəsinə çevrildi. Onun hər rəngi tariximizin ayrı-ayrı qatlarından xəbər verir, hər dalğalanışı isə bir xalqın istiqlal əzmini dünyaya bəyan edir. Bayrağımızın rənglərində xalqımızın əsrlər boyu yaşatdığı milli ideallar, azadlıq arzusu və mənəvi dəyərlər öz əksini tapıb. Təsadüfi deyil ki, böyük Azərbaycan şairi və dramaturqu Cəfər Cabbarlı da “Azərbaycan bayrağına” şeirində üçrəngli bayrağımızın mənasını poetik dillə ifadə edərək yazırdı:
Bu göy boya, Göy Moğoldan qalmış bir türk nişanı,
— Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
— Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
— Mədəniyyət bulmalı!
Bu gün üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlətçilik əzminin əbədi rəmzi kimi Azərbaycan səmasında qürurla dalğalanır. O, yalnız keçmişimizin yadigarı deyil, həm də gələcək nəsillərə ötürəcəyimiz ən müqəddəs milli dəyərlərimizdən biridir.
Nuray Əliyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
filologiya elmləri doktoru