PDF Oxu

Siyasət

  • 1 318

"Üçrəngli bayrağımız müstəqilliyimizin ən müqəddəs rəmzidir" - POLİTOLOQ DANIŞDI

"Üçrəngli bayrağımız müstəqilliyimizin ən müqəddəs rəmzidir" - POLİTOLOQ DANIŞDI

"Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın azadlıq iradəsini, milli kimliyini və müstəqil dövlətçilik ənənələrini özündə birləşdirən müqəddəs rəmzdir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü üçrəngli bayrağımıza ehtiramın, dövlətçiliyimizə sədaqətin və milli həmrəyliyimizin təcəssümüdür".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da qəbul edilib. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət bayrağımızın ideoloji əsasını görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü türkçülük, müasirlik və islamçılıq prinsipləri təşkil edir. Bu rənglər xalqımızın milli-mənəvi dəyərlərə bağlılığını, müasir inkişaf arzusunu və ümumbəşəri ideallara sədaqətini ifadə edir.

Sovet hakimiyyəti dövründə dövlətçilik rəmzimizə çevrilmiş bayrağımızın yenidən ucaldılması müstəqillik mübarizəsinin mühüm mərhələsi oldu. 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində üçrəngli bayrağımız dövlət rəmzi kimi qəbul edildi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti onu yenidən Dövlət Bayrağı elan etdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası ilə bayrağımız müstəqil Azərbaycanın suverenliyinin rəmzinə çevrildi.

Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə noyabrın 9-u Dövlət Bayrağı Günü elan edildi. Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, Dövlət Bayrağı Muzeyinin fəaliyyətə başlaması da milli rəmzimizə verilən yüksək dəyərin göstəricisidir.

Üçrəngli bayrağımızın tarixində ən qürurlu səhifələrdən biri 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfərlə bağlıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı Qələbə nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda və digər ərazilərdə Dövlət Bayrağımızın ucaldılması xalqımızın tarixi ədalətin bərpasına olan inamını gerçəkləşdirdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın dövlət suverenliyi bütün ölkə ərazisində tam bərpa olundu. Xankəndidə üçrəngli bayrağımızın dalğalanması bu tarixi prosesin rəmzi məqamlarından biri oldu.

Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və Böyük Qayıdış prosesi bayrağımızın təcəssüm etdirdiyi azadlıq və dirçəliş ideallarını daha da gücləndirir. Qarabağda və Şərqi Zəngəzurda yenidən qurulan şəhər və kəndlərimizdə dalğalanan Dövlət Bayrağı həm keçmişə ehtiramımızı, həm də gələcəyə inamımızı ifadə edir.

Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu müqəddəs rəmz müstəqilliyimizin, milli birliyimizin və dövlətimizə sədaqətimizin ifadəsidir. Üçrəngli bayrağımız xalqımızın qazandığı Zəfərin və gələcək nəsillərə ötürüləcək dövlətçilik əmanətinin rəmzi olaraq daim yüksəklərdə dalğalanacaqdır".

Digər xəbərlər