Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu tarix təqvimdə sadəcə bir bayram günü deyil. O, xalqımızın azadlıq, müstəqillik və suverenlik uğrunda keçdiyi uzun və şərəfli yolu xatırladır. Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət bayrağımızın tarixi həm qürurla, həm də ibrət dolu səhifələrlə zəngindir.
Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə dövlət bayrağı kimi qəbul edilib. Şərqdə ilk demokratik respublikanın yaranması ilə birlikdə meydana çıxan bu rəmz xalqımızın öz taleyini özü həll etmək iradəsini dünyaya bəyan edirdi. Lakin Cümhuriyyət cəmi 23 ay yaşadı. 1920-ci ilin aprelində bolşevik işğalı müstəqil dövlətçiliyə son qoydu, üçrəngli bayraq isə rəsmi həyatdan çıxarıldı.
Bundan sonra uzun onilliklər boyu bayraq yalnız xalqın yaddaşında, mühacirətdə yaşayan azərbaycanlıların qəlbində və arxiv sənədlərində yaşadı. Cümhuriyyətin qurucularından Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” çağırışı mühacirət illərində bir növ and yerinə keçdi. Bu sözlər uzaq ölkələrdə yaşayan azərbaycanlılara ümid verir, onları bir gün bayrağın yenidən Vətən səmasında dalğalanacağına inandırırdı.
Təxminən 70 il davam edən sovet dövründə milli rəmzlərin adını çəkmək belə təhlükəli idi. Buna baxmayaraq, xalqın azadlıq ruhu sönmədi. 1980-ci illərin sonlarında başlayan milli oyanış hərəkatı və 1990-cı ilin Qanlı Yanvar faciəsi cəmiyyətdə müstəqillik arzusunu yenidən alovlandırdı. Məhz bu çətin və təhlükəli məqamda tarixi addımı Ümummilli Lider Heydər Əliyev atdı.
1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın dövlət bayrağı kimi qəbul olundu. Həmin sessiyada muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması barədə də qərar verildi. Ulu Öndər sonralar həmin günü xatırlayaraq vurğulayırdı ki, bayraq küçədə, meydanda deyil, rəsmi dövlət orqanının, Ali Sovetin sessiya salonunda qaldırıldı. Bu, emosional bir etiraz aksiyası deyildi. Hüquqi və siyasi baxımdan əsaslandırılmış dövlət qərarı idi.
Bu addımın nə qədər cəsarətli olduğunu anlamaq üçün dövrün şəraitini xatırlamaq kifayətdir. Sovet İttifaqı hələ dağılmamışdı, Kommunist Partiyası hakimiyyətdə idi, ittifaq rəhbərliyi milli hərəkatlara qarşı sərt tədbirlər görürdü. Belə bir vaxtda sovet simvollarından imtina edib Cümhuriyyət bayrağını qaldırmaq böyük siyasi risk demək idi. Heydər Əliyev bu riski xalqın gələcəyi naminə öz üzərinə götürdü və Naxçıvanı müstəqillik yolunun ilk qalasına çevirdi.
Naxçıvanın nümunəsi tezliklə bütün ölkəyə yayıldı. Naxçıvan Ali Məclisinin müraciəti əsasında 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağı respublikanın dövlət bayrağı kimi təsdiq etdi. Həmin ilin oktyabrında isə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Beləliklə, Naxçıvanda başlanan proses ümummilli məzmun qazandı və bayrağımız yenidən müstəqil dövlətin rəmzinə çevrildi.
Müstəqilliyin ilk illərində bayrağın hüquqi statusu da möhkəmləndirildi. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyada dövlət bayrağının təsviri və mənası təsbit olundu. 2004-cü ildə “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edildi və bayraqdan istifadə qaydaları dəqiq müəyyənləşdirildi. Bununla dövlət rəmzinə münasibət sistemli və hüquqi əsaslara söykəndi.
Heydər Əliyevin başladığı ənənəni Prezident İlham Əliyev uğurla davam etdirir. 2009-cu il noyabrın 17-də imzalanan Sərəncamla 9 noyabr Dövlət Bayrağı Günü elan edildi. Tarixlərin seçimi təsadüfi deyil. Noyabrın 9-u bayrağın Cümhuriyyət tərəfindən qəbul edildiyi gündür. Sərəncamın imzalandığı 17 noyabr isə Naxçıvanda bayrağın yenidən qaldırıldığı günə təsadüf edir. Bu iki tarixin birliyi dövlətçilik tariximizin varisliyini əyani şəkildə göstərir. 2010-cu ildə Bakıda Dövlət Bayrağı Meydanının açılışı bayrağa ehtiramın daha bir möhtəşəm təzahürü oldu.
Bu gün Azərbaycan bayrağı Birləşmiş Millətlər Təşkilatının və digər nüfuzlu beynəlxalq təşkilatların iqamətgahları önündə dalğalanır. 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ildə ölkənin bütün ərazisində suverenliyin tam bərpası nəticəsində bayrağımız Şuşada, Xankəndidə və işğaldan azad olunmuş digər yaşayış məntəqələrində qürurla ucaldıldı. Ulu Öndərin “bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir” sözləri bu gün öz təsdiqini tapıb.
Naxçıvanda başlanan yol bu gün Şuşa qalasına qədər uzanır. Bu yolun hər addımında xalqımızın iradəsi, liderlərimizin uzaqgörənliyi və şəhidlərimizin qanı var. Dövlət Bayrağı Günü həm də bu yolu unutmamaq, onun dəyərini gələcək nəsillərə ötürmək üçün bir fürsətdir.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri