Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatında partiyanın üzvü, uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş, müəllim və məktəb direktoru kimi çalışaraq gənc nəslin təlim-tərbiyəsinə öz töhfəsini vermiş İntiqam Hacırza oğlu Mirzəyevin 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev çıxış edərək yubilyarı əlamətdar gün münasibətilə təbrik edib. O, İntiqam Mirzəyevin uzun illər təhsil sahəsində göstərdiyi fəaliyyətdən, müəllim və məktəb direktoru kimi üzərinə düşən məsuliyyətli vəzifəni layiqincə yerinə yetirməsindən danışıb.
Çıxışlarda vurğulanıb ki, müəllimlik peşəsi böyük məsuliyyət, səbir və fədakarlıq tələb edən müqəddəs bir peşədir. İntiqam müəllim də öz fəaliyyəti ilə neçə-neçə gəncin yetişməsində, onların savadlı və vətənpərvər şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayıb.
Yubilyar İntiqam Mirzəyev göstərilən diqqət və ehtirama görə Malik Mirzəyevə və tədbirin iştirakçılarına minnətdarlığını bildirib. O, ömrünün böyük bir hissəsini həsr etdiyi müəllimlik və rəhbərlik fəaliyyətinin onun üçün hər zaman qürur mənbəyi olduğunu qeyd edib.
Tural Əliyev,
Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi