PDF Oxu

Siyasət

  • 454

Uğurla davam edən sosial dəstək

image

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 16 minədək mənzil və fərdi ev təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin mərkəzində ölkə vətəndaşı, onun rifahının təminatı prinsipi dayanır və bunun nəticəsi olaraq ötən 21 ildə ölkəmiz güclü sosial siyasətə malik dövlət olaraq böyük inkişaf yolu keçib. Azərbaycan vətəndaşının maraqlarının, həyat səviyyəsinin keyfiyyətinin yüksədilməsi əsas hədəflərdən biri olaraq qarşıya qoyulmuşdur. Dövlətimizin başçısı ölkəyə rəhbərliyi dövründə hər bir azərbaycanlının Prezidenti olmağı bacardı. "Sosial sahədə görülmüş işlər də göz qabağındadır. 2003-cü ildə bizim minimum əməkhaqqı, - bəlkə də çoxlarının yadında deyil, - 9 manat idi. İndi 345 manatdır. Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və dinamika davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Əlbəttə ki, yenə də deyirəm, bu, bizi qane edə bilməz". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyərkən bildirmişdi. Ölkəmizdə son 21 il ərzində bütün sahələrdə olduğu kimi, sosial sahədə də sistemli və kompleks islahatların həyata keçirilməsi təmin edilib. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir. Həyata keçirilən müxtəlif tədbirlər, islahatlar və maliyyə təminatının gücləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təkan verir.

23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamı dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir. Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.

"YOXSULLUQ AZƏRBAYCANDA 5 FAİZ SƏVİYYƏSİNDƏDİR"

"Biz əlbəttə ki, yoxsulluqla bağlı və işsizliklə bağlı öz fəaliyyətimizi davam etdirməliyik. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılmalıdır ki, işsizlik aşağı səviyyədə olsun" – deyən Prezident bildirib ki, müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün:"Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir".

2020-ci il sentyabrın 27-də isə Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlarla cəmi 44 gün ərzində möhtəşəm tarixi Zəfər əldə etdi. Beynəlxalq səviyyədə tanınan ərazilərimiz Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad olundu. Tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların mənzil və fərdi evlə təminatı işləri də aparılır. Prezident İlham Əliyevin tapşırığı ilə bu proqram daim genişlənir, postmüharibə dövründə isə 5 dəfə genişlənib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin ölkə Prezidentinin daim diqqət mərkəzində olduğunu və onların yüksək qayğı ilə əhatə olunduqlarını bir daha göstərir. "Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Sərəncam həmin maliyyələşdirmə müddətinin uzadılmasını nəzərdə tutur. Bu məqsədlə əvvəlki Sərəncamın 1- ci hissəsindəki "2022-ci və 2023-cü" sözləri "2022–2025-ci" sözləri ilə əvəz edilib.

Qeyd edək ki, mövcud qanunvericilikdə dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqlarından formalaşan sığorta vəsaitindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi istiqaməti üzrə də istifadə edilməsi nəzərdə tutulub.

"SOSİAL SAHƏDƏ VACİB MƏSƏLƏLƏRDƏN BİRİ ŞƏHİD AİLƏLƏRİNİN VƏ MÜHARİBƏ ƏLİLLƏRİNİN SOSİAL MÜDAFİƏSİDİR"

Müzəffər Ali Baş Komandan İlham Əliyev həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərir. Onların sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar reallaşır. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur. "Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir" – deyən Prezident bildirib.

44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların məşğulluğuna dəstək işləri də aparılır.

DAHA 150 MƏNZİL VERİLDİ

Dekabrın 24-də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 150 mənzil təqdim edilib. Həmçinin daha 33 avtomobil verilməklə, növbədə dayanan bütün müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı başa çatdırıldı. Mənzillər Bakı, Sumqayıt, Abşeron və digər regionlarda yerləşən yeni yaşayış komplekslərində yerləşir. Prezident İlham Əliyevin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalara aid vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə aparılan işlərin bir istiqaməti də onların mənzil və fərdi evlərlə təminatıdır. Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılan proqram ildən-ilə uğurla davam etdirilir. Daha 150 mənzil verilməklə cari ilin ötən dövründə artıq 650 mənzil təqdim edilib və bu həftə daha 150 mənzil veriləcək. Beləliklə, postmüharibə dövründə 6800-dək, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.

POSTMÜHARİBƏ DÖVRÜNDƏ 567, ÜMUMƏN 7,7 MİN AVTOMOBİL VERİLİB

Həmçinin daha 33 avtomobil verilməklə, növbədə dayanan bütün müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı başa çatmış oldu. Bu kateqoriyaya aid şəxslərə postmüharibə dövründə 567, ümumən 7,7 min avtomobil verilib.

Bu gün Azərbaycan dünyanın ən müasir və inkişaf etmiş ölkələri sırasındadır. Hətta Azərbaycan siyasi və iqtisadi çəkisinə görə dünyanın ən nəhəng ölkələri ilə müqayisə olunacaq dərəcədə işlər görüb. Təbii ki, bu işlərin də müəllifi, həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevdir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasəti sosialyönümlüdür. Bunun mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər